Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-928/2021 03.05.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinin MN ******* saylı 15 dekabr 2020-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarından X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 şikayətlə məhkəməyə müraciət edərək, Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinin MN ******* saylı 15 dekabr 2020-ci il tarixli inzibati xəta haqqında qərarının ləğv edilməsini və cərimənin silinməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, 15 dekabr 2020-ci ildə günorta saatlarında, Bakı şəhəri 20 yanvar dairəsi yaxınlığındakı “Bravo” supermarketində alışveriş edərkən, polis əməkdaşı yaxınlaşaraq özünü təqdim etmədən ona irad bildirmiş ki, o mağaza ərazisində COVİD-19 virusu əleyhinə maskadan düzgün istifadə etmir və sonra ondan özünü təqdim etməsini tələb etmişdir. O özünü polisə təqdim edərək, virus əleyhinə maskadan düzgün istifadə etdiyini bildirmişdir. Polis əməkdaşı razılaşmayaraq ona kobud şəkildə bildirmişdir ki, portalda onun vəzifəsi maliyyə direktoru qeyd olunduğuna görə, 100 (bir yüz) AZN əvəzinə 200 (iki yüz) AZN cərimə olunacaq. O öz növbəsində polisə bildirmişdir ki, çalışdığı şirkətdə vəzifəli şəxsdir, ictimai yerdə isə adi vətəndaş, daha sonra isə öz qeydlərini etmək üçün protokolun gətirilməsini xahiş etmişdir. Polis əməkdaşı ona heç bir protokol təqdim etmədən, yanından uzaqlaşmışdır. Həmin günü, axşam saat yeddi radələrində telefonuna “AsanPay” portalından sms gəlmişdir ki, ona protokol tərtib edilib və qərar qüvvəyə minib. O “AsanPay” portalında şəxsi kabinetinə daxil olduqda, 200 (iki yüz) AZN-lik cərimə yazıldığını görmüşdür. Lakin portalda cərimə ilə bağlı heç bir şəkil, video və protokol əlavə edilməmişdir. Nəsimi rayon polis idarəsindən ona protokol tərtib edən polis əməkdaşının nömrəsini götürərək ona dəfələrlə şifahi olaraq müraciət etmişdir ki, ona protokol və qərar təqdim edilsin. Polis əməkdaşı, qərarı ona protokol tərtib edilən tarixdən 4 (dörd) ay sonra, 19 Aprel 2021-ci ildə təqdim etmişdir. Odur ki, Daxili İşlər Nazirliyinin əməkdaşı tərəfindən ona tərtib edilmiş 15 dekabr 2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilib, cərimənin sistemdən silinməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətçi və qərarından şikayət verilən orqana məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməyinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə hər hansı məlumat verməmişlər. Məhkəmə işə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən şikayətçi və qərarından şikayət verilən orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinin MN ******* saylı, 15 dekabr 2020-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, 15 dekabr 2020-ci il tarixdə, günorta (saat 12:18) epidemiya əleyhinə rejim, sanitariyagigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə X3 Azərbaycan Respublikası İXM-in 211.2.-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinin MN ******* saylı 15 dekabr 2020-ci il tarixli inzibati xəta haqqında qərarından görünür ki, X3 Azərbaycan Respublikası İXM-in 211.2.-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinə əsasən epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə -fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər altı yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsi tərəfindən qəbul edilmiş MN ******* saylı 15 dekabr 2020-ci il tarixli qərar ləğv edilməlidir. Belə ki, təqdim edilmiş sübutlar əsasında X5 oğlunun inzibati xəta hadisəsi törətməsi müəyyən edilmir. İnizbati xəta hadisəsinin baş verməsi qanunla müəyyən edilmiş qaydada sübuta yetirilmədiyi üçün, qərar ləğv edilməli və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İXM-in 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXM-in 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində qərar çıxarılmış X2 Azərbaycan Respublikası İXM-in 211.2.-ci maddəsinin tələblərini pozması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından X5 oğlunun verdiyi şikayət təmin edilməli və Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsi tərəfindən qəbul edilmiş MN ******* saylı 15 dekabr 2020-ci il tarixli qərarı əsassız olduğundan ləğv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X1 barəsində Azərbaycan Respublikası İXM-nin 211.2.-ci maddəsi ilə Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsi tərəfindən qəbul edilmiş MN ******* saylı 15 dekabr 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsi tərəfindən qəbul edilmiş MN ******* saylı 15 dekabr 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Mərkəzi İnformasiya sistemində X2 barəsində yerləşdirilmiş inzibati cərimə silinsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günel Səmədova
Məhkəmə qərarları › İş №3(009)-928/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-928/2021
03.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver