Məhkəmə qərarları › İş №3(009)-934/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-934/2022

24.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-934/2022 24.06.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMC-nin nümayəndəsi Nümayəndə2, İnzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsi Nümayəndə3 iştirakı ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Statistika Komitəsinin Bakı şəhər Statistika İdarəsi tərəfindən tərtib edilmiş protokola və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 389-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhər Statistika İdarəsi tərəfindən tərtib edilmiş 27 may 2022ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, 2022-ci ilin (aylıq) 12-xidmət (xidmətlərin göstərilməsi, malların təqdim edilməsi və işlərin yerinə yetirilməsi haqqında) aprel ayı üzrə hesabat may ayının 5-ci iş günü saat 13:00-dək təqdim edilməli olduğu halda təqdim edilməmişdir. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 389-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmiş və barəsində protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsi Nümayəndə3 protokolu müdafiə edərək, Şəxs MMC-nin barəsində qanuni tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş nümayəndəsi Nümayəndə2 bildirmişdir ki, Şəxs MMC tərəfindən qeyd edilmiş hesabat Bakı şəhər Statistika İdarəsinə 11 may və 12 may 2022-ci il tarixlərində təqdim edilmişdir. Belə ki, inzibati xəta haqqqında protokol tərtib edilərkən artıq qedyed ilmiş xəta aradan qaldırlmışdır. Həmin tarixdə istinad edilən pozuntunun törədilməsi protokol tərtib etmiş orqana məlum olsa da, qanunvericilikdə nəzərdə tutulmuş müddət pozulmaqla, xətanın aşkar edilməsindən xeyli müddət sonra protokol tərtib edilmişdir. Məhkəmənin qeyd edilən halları nəzərə alaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə, proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 389-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilməlidir. İş materiallarına əlavə edilmiş elektron məktubların surətindən görünür ki, 12-xidmət (xidmətlərin göstərilməsi, malların təqdim edilməsi və işlərin yerinə yetirilməsi haqqında) aprel ayı üzrə hesabat Şəxs MMC tərəfindən Bakı şəhər Statistika İdarəsinə 11 may və 12 may 2022-ci il tarixlərində təqdim edilmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, 12-xidmət (xidmətlərin göstərilməsi, malların təqdim edilməsi və işlərin yerinə yetirilməsi haqqında) aprel ayı üzrə hesabatın Bakı şəhər Statistika İdarəsinə vaxtında təqdim edilməsi Şəxs MMC tərəfindən məhkəməyə təqdim edilmiş elektron məktublar ilə sübuta yetirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 11.2-ci maddəsinə əsasən inzibati xətalara görə məsuliyyəti yüngülləşdirən və ya onu aradan qaldıran normativ hüquqi aktların geriyə qüvvəsi vardır, yəni həmin aktlar onların qüvvəyə mindiyi vaxtadək törədilmiş, həmçinin inzibati tənbeh tətbiq etmə haqqında qərarı tam icra olunmamış xətalara da şamil edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Həmin Məcəllənin 53.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda; inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ”ARB 24” MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53,115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: ”ARB 24” MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar