Məhkəmə qərarları › İş №3(009)-934/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-934/2024

16.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-934/2024 16.04.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Cəfərov Səbuhi Mahir oğlunun katibliyi, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs, müdafiəçi Xırdalan Şəhər Vəkil Bürosunun vəkili X2 və inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinin sahə inspektoru X3 iştirakları ilə, xx xxxxxx 1985-ci il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2a yaşayan Şəxs barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Səbail Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ : Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Səbail Rayon Polis İdarəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən Şəxs barəsində tərtib olunmuş inzibati material baxılması üçün Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. İş materiallarında olan 15 aprel 2024-cü il tarixdə tərtib edilmiş MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki Şəxs narkotik vasitə olan marixuana istehlak etmişdir. Nəticədə, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında 15 aprel 2024-cü il tarixli qərarından görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, Şəxs barəsində toplanmış material üzrə onun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunması məqsədi ilə qərarın surəti aidiyyəti üzrə həvalə edilmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək belə qənaətə gəlir ki, Şəxsnın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli olması iş materialları öz təsdiqini tapmamışdır. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib edən şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinin sahə inspektoru X5, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati tənbeh tətbiq olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs, özünü təqsirli bilmədiyini, şəxsi axtarış və baxış keçirilərkən üzərində hər hansı bir narkotik vasitənin olmadığını bildirərək, barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Eyni zamanda Azərbaycn Respublikasının Vəkillər Kollegiyasının üzvüdür və şübhəli şəxs qismində tutularkən Azərbaycan Respublikasının baş prokuroruna və Vəkillər Kollegiyasının Rəyasət Heyətinə məlumat verilməmişdir. Məhkəmə iclasında iştirak edən müdafiəçi Xırdalan Şəhər Vəkil Bürosunun vəkili X4, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs təqsirinin sübut olunmadığını, şəxsi axtarış və baxış keçirilərkən onun üzərində hər hansı bir narkotik vasitənin aşkarlanmadığını bildirərək, Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Eyni zamanda Şəxs Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü olmasına baxmayaraq şübhəli şəxs qismində tutularkən Azərbaycan Respublikasının baş prokuroruna və Vəkillər Kollegiyasının Rəyasət Heyətinə məlumat verilmədiyini və bunun ciddi qanun pozuntusu olduğunu bildirmişdir. Məhkəmə inzibati xəta haqqında materialları araşdırıb, inzibati protokolu tərtib etmiş şəxsin, barəsində inzibati protokol tərtib edilmiş şəxsin izahatlarını dinləyib hesab edir ki, Şəxs Azəbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati məsuliyyətə işin icraatına xitam verilməlidir. Belə ki, məhkəmə iclasında şəxsi-axtarış və götürmənin aparılmasını təsdiq edən videogörüntüyə baxış keçirilmiş və Şəxs üzərindən qanunla qadağan olunmuş hər hansı əşya aşkar olunmadığı müəyyən edilmişdir. Azəbaycan Respublikası Səhiyyə Nazilriyi Respublika Narkolji X7 Şəxsinin 15 aprel 2024-cü il tarixli Ambulator X1 rəyindən görünür ki, Şəxs narkomaniya xəstəliyindən əziyyət çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Həmin rəyinin təsviri hissəsində Şəxs götürülmüş sidik nümunəsində THC (+) aşkar olunmuşdur və deməsinə görə həmin ilin mart ayında istifadə etdiyini dediyi qeyd olunmuşdur. Bununla belə narkotik vasitədən sui-istifadə etmənin xarakterik əlamətlərinin aşkar olunmadığı, narkotik vasitənin qəbulundan psixi və fiziki asılılığının olmadığı müəyyən edilmişdir. Göründüyü kimi Şəxs narkotik vasitənin istehlak etməsini təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Dövlət hesabına təyin olunmuş müdafiəçinin iştirakı ilə aparılmış şəxsi-axtarış və götürmə zamanı onun üzərində qanunla qadağan olunmuş hər hansı əşya aşkar olunmamışdır. Eyni zamanada onun təqsirliyini sübut edən hər hansı başqa dəlillər məhkəməyə təqdim olunmamışdır. İş materiallarına əlavə edilmiş və iş üzrə yekun nəticəyə gəlmək üçün həlledici sübut növlərindən biri hesab edilən ekspert rəyində mücərrəd formada Şəxsnın narkotik vasitədən istifadə etmə hallarının olması göstərilsə də, onun ən son təxmini hansı tarixdə və ya rəyin verilməsindən neçə gün əvvəl narkotik vasitədən istifadə etməsi göstərilməmiş və hazırda onda müayinə zamanı narkomaniya xəstəliyinin əlamətlərinin aşkar olunmaması qeyd olunmuşdur ki, bu halın özü verilmiş ekspert rəyinin yekun nəticəyə gəlmək üçün yetərli olmamasına dəlalət edir. Onun əvvəllər narkotik vasitədən istifadə etmə hallarını təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmiş, olduğu təqdirdə isə hal-hazırda onda narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmamış, narkotik vasitənin qəbulundan psixi və fiziki asılılığı yoxdur, axtarış və baxış keçirilərkən üzərindən hər hansı qanunla qadağan olunmuş əşya, eləcə də, narkotik vasitə aşkar olunmamışdır. Azəbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.2 və 8.3-cü maddələrinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Bundan başqa məhkəmə qeyd edir ki, Azəbaycan Respublikasının Vəkillər Kollegiyasının 2063-VK nömrəli vəsiqəsindən görünür ki, Şəxs Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvüdür. Eyni zamanda iş materiallarında olan inzibati qaydada tutma haqqında BB№005530 saylı, 15 aprel 2024-ci il tarixli protokoldan görünür ki, Şəxs inzibati qaydada tutulmuşdur. Məhkəməyə təqdim olunmuş inzibati xətlara dair iş materiallarından isə görünür ki, Şəxs şübhəli şəxs qismində tutularkən Azərbaycan Respublikasının baş prokuroruna və Vəkillər Kollegiyasının Rəyasət Heyətinə məlumat verilməmişdir. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunun 7-ci maddəsinin ücüncü hissəsinin üçncü abzasına əsasən, vəkil tutulduqda və ya onun cinayət məsuliyyətinə cəlb edilməsi barədə qərar qəbul edildikdə bu barədə dərhal Azərbaycan Respublikasının baş prokuroruna və Vəkillər Kollegiyasının Rəyasət Heyətinə məlumat verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə görə hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Beləliklə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirliliyi sübuta yetirilmir, habelə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü olmasına baxmayaraq Azərbaycan Respublikasının baş prokuroruna və Vəkillər Kollegiyasının Rəyasət Heyətinə məlumat verilmədən şübhəli şəxs qismində tutulmuş, bundan sonra cinayət işinin başlanılması rədd olunmuş və onun əsasında prosedur qaydalarına riayət olunmadan və qanunvericiliyin tələbləri pozulmaqla Şəxs inzibati məsuliyyətə cəlb olunması üçün hazırki inzibati xətalara dair iş üzrə icraata başlanılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair iş üzrə icraata onun inzibati xətanı törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən xitam verilsin. Şəxs məhkəmə iclas zalından dərhal azad edilsin. Qərarın surəti rəqsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM: AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar