Məhkəmə qərarları › İş №3(009)-938/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-938/2021

05.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-938/2021 05.05.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, X2 iştirakı ilə, Səbail rayon DYPŞ-nin TP ******* saylı 29 mart 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından X14 oğlu tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X3 şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Baş Polis İdarəsi X15 İdarəsinin TP ******* saylı 29 mart 2021-ci il tarixli inzibati xəta haqqında qərarının ləğv edilməsini və inzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, Səbail rayon DYPS Polis Polkovnik X1 inzibati xəta haqqında iş üzrə 11 sentyabr 2020-cil il tarixli TP ******* saylı qərarına əsasən İXM-nin 342.5ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətdiyinə görə 50(əlli) manat məbləğində cərimə edilmişdir. 12 oktyabr 2020-ci il tarixində qərarın ləğv edilməsi üçün Qaradağ Rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Məhkəmə 30 oktyabr 2020-ci il tarixində Səbail rayon X15 Şöbəsi tərəfindən qəbul edilmiş 26 sentyabr 2020-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə və qeyd olunan inzibati xəta haqqında işə baxılması üçün Səbail rayon X15 Şöbəsinə göndərilməsinə qərar vermişdir. Qərarın rəsmi surətdə verildiyi vaxtdan 10(on) gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilərdi. Lakin buna baxmayaraq 20 mart 2021-ci il tarixində (qərardan altı ay sonra) Səbail rayon polis idarəsinin DYPŞ İnzibati Təcrübə üzrə İnspektoru Polis Baş X6 zəng edərək kobud formada cəriməni niyə ödəmədiyini soruşmuş, o isə ona bildirmişdir ki, məhkəmə qərarına əsasən qərar ləğv edilmiş və onlara göndərilmişdir. O isə Məhkəmə qərarının ona gəlib çatmadığını bildirmişdir. Əlində olan məhkəmə qərarının surətini ona tədim etmişdir. Sistemdə protokolun qərarsız göründüyünü və sildirəcəyini bildirmişdir. Ancaq 20 aprel 2021-ci il tarixində poçt vasitəsi ilə evə göndərilən bildirişlə öyrənmişdir ki, İXP ******* nömrəli protokol TP ******* nömrəli qərar ilə yenidən qüvvəyə minib. İşə baxılma yeri və vaxtı barəsində ona məlumat verilmədən haqqında qərar qəbul edilib və 342.5-ci maddə ilə təqsirli bilinərək 50(əlli) manat məbləğində cərimə müəyyən edilmişdir. Haqqında tərtib edilmiş qərarın ləğv edilməsi barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətçi məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, o, 11 sentyabr 2020-ci il tarixində, saat 09:25-də FORD ESCAPE MİNİK markalı, ** LL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Səbail rayon DYPŞ Yol patrul xidməti inspektoru polis siravisi X7 tərəfindən saxlanılmışdır. İnspektor bildirdi ki, arxa sağ stop işığının lampası sıradan çıxmışdır. O, qeyd etdi ki, bu nasazlığı aradan qaldıra bilər. Lakin inspektor vaxtı olmadığını bildirdiyi üçün maşını cərimə meydançasına apardı ki nasazlığı burada aradan qaldır və AR İnzibati Xətalar Məcəlləsinin 342.5.-ci maddəsinə əsasən İXP ******* nömrəli protokol tərtib etdi. O, cərimə meydançasında olduğu 10-15 dəqiqə müddətində bu nasazlığı aradan qaldırmış və protokolda bu barədə qeyd etmişdir. Buna baxmayaraq, protokolu tərtib edən inspektor bunu nəzərə almamış və onun barəsində protokol tərtib edilmişdir. Qaradağ Rayon Məhkəməsinin 30 oktyabr 2020-ci il tarixli qərarı ilə Səbail rayon X15 Şöbəsi tərəfindən qəbul edilmiş 26 sentyabr 2020-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilmiş və qeyd olunan inzibati xəta haqqında iş baxılması üçün Səbail rayon X15 Şöbəsinə göndərilmişdir. Lakin Səbail rayon X15 Şöbəsi tərəfindən təkrar onun barəsində TP ******* saylı 29 mart 2021-ci il tarixli qərar qəbul edilmişdir. Həmin qərar əsassız olduğundan ləğv edilməsini xahiş edir. Qərarından şikayət verilən orqana məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan Səbail rayon X15 Şöbəsi Yol patrul xidməti inspektoru polis sıravisi X7 tərəfindən tərtib edilmiş 11 sentyabr 2020-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X9 həmin tarixdə saat 09:25-də Bakı şəhəri Neftçilər prospekti ərazisində “Ford Escape” (minik) markalı, **-LL-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Azərbaycan Respublikası İXM-nin 342.5-ci maddəsinin tələbini pozmuşdur. İş materiallarında olan Səbail rayon DYPS Polis Polkovnik X1 TP ******* saylı 29 mart 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X14 oğlu 11 sentyabr 2020-ci il tarixdə saat 09:25-də Bakı şəhəri Neftçilər prospekti ərazisində “Ford Escape” (minik) markalı, **-LL-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Azərbaycan Respublikası İXMnin 342.5-ci maddəsinin tələbini pozmuş və nəticədə 50 (əlli) manat məbləğində inzibati cərimə edilmişdir. Azərbaycan Respublikası İXM-nin 342.5-ci maddəsinə görə xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına görə əlli manat məbləğində cərimə edilir. Məhkəmə qeyd edir ki, protokol və inzibati tənbeh vermə haqqında qərarda Azərbaycan Respublikası İXM-nin 342.5-ci maddəsinin tələblərinə uyğun olaraq aşkar edilmiş nasazlığın aradan qaldırılması mümkün ola bilməyən nasazlıq olduğu əsaslandırılmamışdır. Hazırki işin faktiki hallarında müəyyən edilir ki, sürücü X9 tərəfindən qeyd olunan nasazlıq yerində aradan qaldırıldığından onun inzibati məsuliyyəti istisna edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikasının İXM-in 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXM-in 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində qərar çıxarılmış X5 Azərbaycan Respublikası İXM-in 342.5-ci maddəsinin tələblərini pozması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından X5 verdiyi şikayət təmin edilməli və Səbail rayon DYPŞ-nin TP ******* saylı 29 mart 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı əsassız olduğundan ləğv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-134-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X10 Kərim oğlu barəsində Azərbaycan Respublikası İXM-nin 342.5-ci maddəsi ilə qəbul edilmiş Səbail rayon DYPŞ-nin TP ******* saylı 29 mart 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Səbail rayon DYPŞ-nin TP ******* saylı 29 mart 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Mərkəzi İnformasiya sistemində X5 barəsində yerləşdirilmiş inzibati cərimə silinsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar