Məhkəmə qərarları › İş №3(009)-938/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-938/2022

17.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-938/2022 17.06.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Qəribli Günel Adil qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin qanuni təmsilçisi X2 iştirakları ilə, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib edilmiş 27 may 2022-ci il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokola əsasən Şəxs MMC 18154,25 ABŞ dolları məbləğində vəsaiti 22 may 2020-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 18154,25 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmişdir. Xəta 23 may 2022-ci il tarixdə hüquqi şəxsin ünvanında törədilmişdir. Bununla da, Şəxs MMC Azərbaycan Respublikasının İXM-nin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin qanuni təmsilçisi X5 inzibati xəta haqqında protokola etiraz təqdim edərək bildirmişdir ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Şəxs MMC barəsində İXM-nin 430.4-cü maddəsi ilə inzibati xətanın törədilməsi barədə protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Səbail rayon məhkəməsinə göndərilmişdir. Şəxs MMC və X1 Limited arasında bağlanmış xx.xx.2020-ci il tarixli 2020-AG-20 saylı müqaviləyə əsasən xx.xx.2020-ci il tarixli invoice üzrə 18154,25 ABŞ dolları X1 Limited şirkətinə ödənilmişdir. Lakin 2020-ci ilin ikinci yarısında qlobal pandemiya vəziyyəti nəticəsində komponent və ehtiyat hissələrin çatışmazlığından, istehsal və logistika gecikmələrində yaranmış problemlərə səbəb olmuşdur. X1 Limited şirkətinin regional direktoru Bruce Lau və daşıyıcı şirkət X3 MMC-nin məktubları ilə qey edilən hallar təsdiq olunur. Sözügedən mallar qısa zaman ərzində Azərbaycan Respubliasına gətirilməsi təmin ediləcəkdir. Qeyd olunanlara əsasən Şəxs MMC barəsində İXM-nin 430.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barəsində məhkəməyə məlumat verməmiş və ondan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə işə inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə nümayəndənin izahatını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İXM-nin 430.4-cü maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarından görünür ki, 22 may 2020-ci il tarixdə Şəxs MMC tərəfindən 18154.25 ABŞ dolları məbləğində qabaqcadan ödəniş etməklə X1 Limited şirkətinin hesabına köçürülmüşdür. İş materiallarına əlavə edilmiş X3 LTD-nin Şəxs MMC-yə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubuna əsasən QFS/16/2019 saylı xx.xx.2019-cu il tarixli müqavilə üzrə 5 palet/691 kq/13.49M3 yükü Çindən göndərilməsi haqqında: pandemiya ilə əlaqədar 2020-ci ilin 2-ci yarısından etibarən nəqliyyat şirkətləri və onların xidmətləri adi stabil rejimdə işləməkdə çətinlik çəkir, bu xüsusilə Çindən malların daşınmasına təsir edir. Həmçinin, Çindəki bu ilin əvvəlində olan son lokdaun səbəbindən yenidən reysin bronlaşdırılması ilə bağlı problemlə üzləşmişlər. Çindəki agent (hellman worldwibe Logistic China LTD) gündəlik göndərişin vəziyyəti barədə məlumat verməyə davam edir və bununla bağlı, Şəxs MMC-yə məxsus 5 paletdən ibarət yükün 691 kg, 13.49m3 göndərilməsi 12 iyun 2022-ci il tarixə dəmir yolu ilə əvvəlcədən planlaşdırılmış, indi isə xx.xx.2022-ci il tarixə yenidən planlaşdırılmışdır. Hal-hazırda yük konteynrlara yüklənib və Suoçu stansiyasında saxlanc rejimində yerləşdirilib. Reysin bukinqi yükün yenidən qablaşdırılması, qablaşdırma siyahısının yenidən təsdiq edilməsi və yükün Suçou stansiyasına göndərilməsindən 5 gün sonra agent (hellman worldwibe Logistic China LTD) tərəfindən müvafiq yol qaiməsi təqdim olunacaqdır. İş materiallarına əlavə edilmi xx.xx.2022-ci il tarixli X1 Limited şirkətinin Şəxs MMC-yə ünvanlanmış məktubuna əsasən 2020-ci ilin ikinci yarısında qlobal pandemiya vəziyyəti nəticəsində komponent və ehtiyat hissələrin çatışmazlığından, istehsal və logistika gecikmələrində yaranmış problemlərə səbəb olmuşdur. Eksportla (X3 LTD) razılaşdırılmışdır mallar xx.xx.2022-ci il tarixdə göndərilir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli Hellman worldwibe Logistic China LTD rəsmi gecikmə bildirişinə əsasən X4 gediş tənzimlənməsində gözlənilməz dəyişiklik olunduğundan qatarın Chonqinqdən Bakıya yola düşmə günü gecikir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs MMC və X1 Limited arasında bağlanmış xx.xx.2020-ci il tarixli 2020-AG-20 saylı müqaviləyə əsasən xx.xx.2020-ci il tarixli invoice üzrə 18154,25 ABŞ dolları X1 Limited şirkətinə ödənilmişdir. Lakin 2020-ci ilin ikinci yarısında qlobal pandemiya vəziyyəti nəticəsində komponent və ehtiyat hissələrin çatışmazlığından, istehsal və logistika gecikmələrində yaranmış problemlərə səbəb olmuş, nəticədə müqavilə üzrə vəsait hesabına alınan mallar hazırki vaxtadək ölkəyə idxal edilməmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən edilmişdir ki, müqavilə üzrə qeyd edilən malların qanunvericiliklə müəyyən edilmiş müddətdə ölkə ərazisinə idxal edilməməsi “hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün” törədilməsi ilə bağlı deyil və həmçinin hüquqi şəxsin iradəsindən asılı olmayan səbəblərdən baş verdiyi müəyyən olunmuşdur. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə Şəxs MMC-nin əməlində Azərbaycan Respublikasının İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi yoxdur. İnzibati xəta tərkibinin yaranması üçün zəruri olan 4 zəruri elementdən obyektiv cəhət, həmçinin subyektiv cəhət şəxsin əməlində yoxdur. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə iclasında təqdim edilmiş sənədlərdən müqavilə tərəflərinin (Şəxs MMC və X1 Limited arasında bağlanmış xx.xx.2020-ci il tarixli 2020-AG-20 saylı müqavilə üzrə) hər hansı təqsirli sayılan və inzibati məsuliyyətə səbəb olan hərəkət və ya hərəkətsizliyinin olması müəyyən olunmur. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 430.4-cü maddəsinəəsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə - vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, hazırki iş üzrə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxsə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir. Ona görə də, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İXM-nin 430.4-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-117, 128-130 və 430.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar