Məhkəmə qərarları › İş №3(009)-945/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-945/2021

09.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-945/2021 09.07.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Məmiyev Elnur Azər oğlunun katibliyi, Bakı şəhəri Səbail Rayon İcra Şöbəsinin icra məmuru X4, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X8 oğlunun iştirakları ilə, xx xxxxxxx 1988-ci il tarixdə Gürcüstan Respublikası, Marneuli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Səbail Rayon İcra Şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Səbail Rayon İcra Şöbəsi tərəfindən tərtib edilmiş 27 aprel 2021-ci il tarixli MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Səbail Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 27 aprel 2021-ci il tarixli, 3(009)-945/2021 saylı qərarı ilə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilmişdir. Həmin qərardan narazı qalan Zərərçəkmiş şəxs apelyasiya şikayəti vermiş və Bakı Apelyasiya Məhkəməsinin 03.06.2021-ci il tarixli, 3(103)-1313/2021 saylı qərarı ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 27 aprel 2021-ci il tarixli, 3(009)-945/2021 saylı qərarı ləğv edilmiş və inzibati xəta haqqında iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Bakı şəhəri Səbail Rayon İcra Şöbəsinin icra məmuru X7 protokolu müdafiə edərək göstərmişdir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1009/2018 nömrəli, 19.02.2018-ci il tarixli icra sənədinə əsasən 06.02.2011-ci ildə doğulmuş X1 üçün Şəxs tutulan alimentin məbləği artırılaraq, 154 manat məbləğində müəyyən edilməli və həmin pul vəsaiti bu qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla, Şəxs hər ay sabit pul məbləğində aliment tutularaq (uşaq yetkinlik yaşına çatanadək) Zərərçəkmiş şəxs ödənilməlidir. İcra sənədi 16.04.2018-ci il tarixdə icraata daxil olmuş, icraata başlamaq haqqında qərar, tələbin könüllü icrası ilə bağlı bildiriş icra edilməsi üçün borcluya, məlumat üçün tələbkara və məhkəməyə göndərilmişdir. Borclu icra sənədində göstərilən tələbi icra etmədiyindən onun əmlak vəziyyətini yoxlamaq məqsədi ilə aidiyyəti təşkilatlara sorğu ilə müraciət edilmiş, borcluya məxsus hər hansı əmlak aşkar edilməmişdir. İcra sənədi üzrə aliment tələbi borclu tərəfindən təmin edilmədiyindən borclu Şəxs məcburi gətirilməsi barədə təqdimat 30.12.2020-ci il tarixdə Bapkı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 8(009)-44/2021 saylı, 05.02.2021-ci il tarixli qərardadına əsasən Şəxs Səbail rayon icra şöbəsinə məcburi gətirilməsi barədə icra məmurunun təqdimatı təmin edilmiş və qərardad icra edilməsi üçün 26.02.2021-ci il tarixdə Səbail rayon Polis İdarəsinə göndərilmişdir. Borclu Şəxs 27.02.2021-ci il tarixdə şöbədə olarkən o verdiyi izahatında Türkiyədə tutulduğunu, hər ay 100 manat ödəniş etdiyini, aliment borcunu hissə-hissə ödəyəcəyini qeyd etmişdir. İş üzrə tələbkar tərəf icra sənədinin icrasının təmin edilməsini tələb edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs (tələbkar) Zərərçəkmiş şəxs bildirmişdir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1009/2018 nömrəli, 19.02.2018-ci il tarixli icra sənədinə əsasən 06.02.2011-ci ildə doğulmuş X1 üçün Şəxs tutulan alimentin məbləği artırılaraq, 154 manat məbləğində müəyyən edilmişdir. Şəxs ona hər ay ödəməli olduğu 154 manat aliment borcundan hər ay 100 manat olmaqla, sonuncu dəfə 2021-ci ilin fevral ayında 100 manat ödəmiş, qalan aliment borcunu isə hələ də ödəməmişdir. Göstərilənləri nəzərə alaraq, Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında göstərmişdir ki, o, məhkəmə qərarına hörmətlə yanaşır və borcu ödəməkdən yayınmır. O, aliment məbləğindən mütəmadi olaraq ödənişlər etmişdir, lakin o, 10.10.2019-cu il tarixdən 03.02.2021-ci il tarixədək Türkiyə Respublikasında azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, bu müddət ərzində anasının pensiya kartından hər ay 100 manat tələbkarın hesabına ödənilmişdir. Cəzadan vaxtından əvvəl azad edilib Azərbaycan Respublikasına qayıtmış, lakin hələ iş tapa bilməmişdir. Sonuncu dəfə 2021-ci ilin fevral ayında aliment borcundan 100 manat ödəniş etmiş, qalan aliment borcunu da mütləq ödəyəcəkdir. O, hazırda heç bir yerdə iş tapa bilmədiyindən, buna görə də qazancı və ya başqa gəliri olmadığından icra sənədini üzürlü səbəblərdən icra etmir, qeyd etdiklərini nəzərə alaraq iş üzrə ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə Şəxs Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1009/2018 nömrəli, 19.02.2018-ci il tarixli icra sənədini üzrsüz səbəbdən icra etməməsi sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif edilməli və həmin maddənin sanksiyası həddində onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən Məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. İş materiallarında olan 27 aprel 2021-ci il tarixli MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- 1009/2018 nömrəli, 19.02.2018-ci il tarixli icra sənədini üzrsüz səbəbdən icra etməmiş və bununla da, Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1009/2018 nömrəli, 19.02.2018-ci il tarixli icra sənədinə əsasən 06.02.2011-ci ildə doğulmuş X1 üçün Şəxs tutulan alimentin məbləği artırılaraq, 154 manat məbləğində müəyyən edilməli və həmin pul vəsaiti bu qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla, Şəxs hər ay sabit pul məbləğində aliment tutularaq (uşaq yetkinlik yaşına çatanadək) Zərərçəkmiş şəxs ödənilməlidir. İcra sənədi 16.04.2018-ci il tarixdə icraata daxil olmuş, icraata başlamaq haqqında qərar, tələbin könüllü icrası ilə bağlı bildiriş icra edilməsi üçün borcluya, məlumat üçün tələbkara və məhkəməyə göndərilmişdir. Həmçinin xüsusi ilə qeyd edilməlidir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında iş tapa bilməməsi, qazancı və ya başqa gəlirinin olmaması və icra sənədini üzürlü səbəblərdən icra etməməsini göstərməsi məhkəmə tərəfindən özünü müdafiə xarakterli izahat kimi qəbul edilərək əsassız sayılır. Məhkəmə Şəxs qeyd edilən qaydada izahat verməsini onun hüququ kimi qəbul edir və onun dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək, hesab edir ki, onunla razılaşmaq olmaz. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 mart 2006-cı il tarixli, 5 nömrəli qərarının 6-cı bəndinə əsasən mülki işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun əmlak vəziyyətini halları nəzərə alır. Məhkəmə hesab edir ki, inzibati tənbehin məqsədi Şəxs barəsində həbs növündə inzibati tənbeh tədbiri tətbiq olunduğu təqdirdə təmin edilə bilər və ona həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 30-31, 43, 114-115, 128.2.1, 130.1 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X5 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək onun barəsində 10 (on) gün müddətinə inzibati həbs tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlama müddətinin əvvəli 09 iyul 2021-ci il tarixdən, saat 16:30-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati Həbs olunanların Saxlama Mərkəzinə həvalə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar