Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-947/2021 06.05.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Məmiyev Elnur Azər oğlunun katibliyi, Barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs X2, Bakı şəhər Səbail rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin polis sahə inspektoru X3 iştirakları ilə, Bakı şəhər Səbail rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin 28 dekabr 2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X4 şikayətlə məhkəməyə müraciət edərək Bakı şəhəri Səbail rayon Polis İdarəsinin 39cu Polis Bölməsinin 28 dekabr 2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilərək, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, cərimə olunduğu gün, yəni 28.12.2020-ci il tarixdə hava isti olduğu üçün maskadan düzgün istifadə etməmişdir (çənəsinə yendirmişdir). Həmin vaxt polis nəfəri ona yaxınlaşaraq ona inzibati xəta haqqında protokol tərtib etmişdir. Aylıq əmək haqqı az olduğu üçün cəriməni ödəməyə imkanı yoxdur. Ona görə də cərimənin silinməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs X4 şikayətini müdafiə edərək tətbiq edilmiş cəriməni ödəməyə imkanı olmadığı üçün barəsində qəbul edilmiş 28 dekabr 2020-ci il tarixli, MN ******* qərarın ləğv edilərək inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Səbail rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin polis sahə inspektoru X5 şikayətə etiraz edərək göstərmişdir ki, 28.12.2020-ci il tarixdə vətəndaş X4 tibbi maskadan düzgün istifadə etmədiyindən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokol əsasında da, inzibati tənbeh vermə haqqında qərar qəbil edilmişdir. Hesab edir ki, 28 dekabr 2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslıdır. Ona görə də şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, şikayət ərizəsinə və iş materiallarına baxaraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işə əlavə edilmiş 28 dekabr 2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X4 tibbi maskadan düzgün istifadə etmədiyindən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İşə əlavə edilmiş 28 dekabr 2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 28.12.2020-ci il tarixdə gündüz saat 14:50-də X4 epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimi dövründə fərdi qoruyucu vasitədə olan tibbi maskadan istifadə etmədiyindən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokol əsasında inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış X4 şikayətini onunla əsaslandırmışdır ki, o, isti olduğu üçün maskanı çənəsinə yendirdiyindən, ona polis nəfəri tərəfindən əsassız olaraq inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19.11.2020-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (COVİD-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə açıq havadakı ictimai yerlərdə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməsi məcburidir. Hazırki işdən görünür ki, şikayətçi öz şikayətində özü etiraf etmişdir ki, ona polis nəfəri yaxınlaşarkən hava isti olduğundan o, tibbi maskadan düzgün istifadə etməmişdir. Halbuki, şikayətçinin tibbi maskadan düzgün istifadə etməməsi, onun həmin vaxt tibbi maskadan düzgün istifadə etməsi kimi qiymətləndirilə bilməz. Belə ki, həm qanunvericiliklə, həm də Nazirlə Kabinetinin müvafiq qərarları ilə ölkə ərazisində tibbi maskadan və sair qoruyucu vasitələrdən istifadə edilməsi məcburi hesab edilmişdir. Məhkəmə hesab edir ki, şikayətçi X2 həm şikayətində, həm də məhkəmə iclasında göstərdiyi dəlillər, eləcə də onun tibbi maskadan düzgün istifadə etməməsini etiraf etməsi özüözlüyündə onu ehtiva edir ki, onun əməli haqlı olaraq inzibati xəta kimi qiymətləndirilmiş və cərimə edilməsinə dair qanuni qərar qəbul edilmişdir. Beləliklə, məhkəmə X2 şikayətinə tənqidi yanaşaraq hesab edir ki, Bakı şəhər Səbail RPİ-nin 39-cu PB-nin 28 dekabr 2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş 28 dekabr 2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslıdır, həmin qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsi üçün heç bir əsas yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Maddənin məzmunundan məlum olur ki, inzibati xəta haqqında protokol sübutlar dairəsinə daxildir və inzibati xətanın müəyyən edilməsi zamanı sübut qismində çıxış edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinə əsasən epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər iki yüz manat məbləğində, hüquqi şəxslər dörd yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən məhkəmə qərardan şikayətə baxarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində qərar çıxarılmış X1 rejimi qaydalarını pozaraq Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. Ona görə də Bakı şəhəri Səbail RPİ-nin 39-cu PB-nin 28 dekabr 2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarı qanuni və əsaslı olduğundan X2 verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-134-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin 28 dekabr 2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №3(009)-947/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-947/2021
06.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver