Məhkəmə qərarları › İş №3(009)-951/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-951/2023

16.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-951/2023 16.05.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Bakı şəhəri Səbail RPİ-nin 9-cu Polis Bölməsinin polis sahə rəisi polis kapitanı X1, Zərərçəkmiş şəxs X2, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1998-ci il tarixdə Şəki şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, subay, əvvəllər məhkum olunmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Şəki rayonu, Kiş kəndində qeydiyyatda olan və Bakı şəhəri, Binəqədi rayonu, Xutor qəsəbəsi, 14-cu sıra, ev 15 də yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 16 may 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Bakı şəhəri Səbail RPİ tərəfindən Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs vətəndaş X4 qarşı online sifariş verərkən dələduzluq etmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Səbail RPİ-nin 9-cu Polis Bölməsinin polis sahə rəisi polis kapitanı X3 inzibati xəta haqqında protokolu müdafiə edərək Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X5 bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat 04 radələrində Bakı şəhəri, Səbail rayonu, Tarqovu ərazisində olarkən istifadəsində olan “Samsung A30S” markalı mobil telefonuna 4098 5844 6552 9251 nömrəli “Leobank” kart hesabının qeydiyyatdan keçdiyi mobil tətbiq vasitəsilə bildiriş gəlmişdir. Bildirişdə saat 04:18-də 23,39 manat, 04:28-də 9,83 manat kartından pul çıxarışının olduğu qeyd edilmişdir. Həmin kart hesabından pul çıxarışı “BoltFood” yemək sifarişi şirkəti vasitəsi ilə olmuşdur. Həmçinin “Wolt” şirkəti vasitəsi ilə sifariş edilsə də , kartı bloklandığı üçün heç bir vəsait çıxılmamışdır. Kart hesabından pul çıxarışının kim tərəfindən edildiyini bilməmiş, onun razılığı olmadan kartından istifadə edilmişdir. Pul çıxarışları onlayın edilən sifarişlər nəticəsində çıxılmışdır. O, kartından pul çıxarışını Səbail rayonu, Tarqovu ərazisində mobil telefonunda olan tətbiq vasitəsi ilə aşkar etdiyini qeyd etmişdir. O, hazırda Şəxs ilə barışdığını, ona dəymiş zərərin ödənildiyini, ona qarşı şikayət və tələbinin olmadığını bildirib, bu barədə ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs bildirdi ki, o, ünvan 1 ünvanında yerləşən sexdə motosiklet təmiri sexində usta işləyir və əsasən axşam saatlarında təmir işlərini həyata keçirir. xx.xx.2023-cü il tarixdə saat 04 radələrində sexdə olarkən istifadəsində olan mobil telefonla saat 04:18-də 23,39 manatlıq və saat 04:28-də 9,83 manatlıq “BoltFoot” mobil tətbiqi vasitəsilə yemək sifarişi olunmuşdur. Həmin sifarişlər onun istifadəsində olan “Samsung A21” markalı mobil telefonla həyata keçirilmişdir. Həmin vaxt sexdə çoxlu adamlar olduğu üçün sifarişi kimin verdiyini xatırlamamışdır. Kiminsə onun telefonunu götürərək, həmin tətbiq vasitəsilə sifariş verdiyini ehtimal etmişdir. Tətbiqdə qeyd olunan 4098 5844 6552 9251 nömrəli “Leobank” kart hesabı X4 məxsus olmuş, həmin şəxsin motosiklet hissələrinin satışı ilə məşğul olmuş və ondan hissə alarkən tanış olmuşlar. Hissələri alarkən ödənişini kart vasitəsilə həyata keçirdiyi üçün onun kart məlumatlarını bilmiş, lakin onun kart hesabından yemək sifarişi etməmişdir. Sifarişləri çatdıran kuryerlərdən heç bir sifariş götürməmişdir. Törətdiyi əməlindən peşman olduğunu, dəymiş zərər tam şəkildə ödədiyini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 16 may 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi və şəxsin inzibati məsuliyyətə cəlb edilməsi haqqında qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 277-ci maddəsi ilə tədbir görülməsi üçün qərarın surəti Səbail RPİ-nin 9-cu PB-nə göndərilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş 15 may 2023-cü il tarixli inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs 14 may 2023-cü il tarixdə saat 20:10-da inzibati qaydada tutulmuşdur. İş materiallarına əlavə edilmiş zərərçəkmiş şəxs X2 ərizəsindən görünür ki, Şəxs ilə barışmış, ziyan ödənilib, Şəxs qarşı şikayət və tələbi yoxdur. İş üzrə icraata xitam verilməsini xahiş edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən, xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 39.2-ci maddəsinə görə bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4-cü maddəsinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, ŞəxsAzərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.2, 40, 43, 114-115, 128-130 və 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Səmədova Günel

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar