Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-953/2022 06.06.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Əlizadə Hüseyn Oktay oğlunun katibliyi, Səbail RPİ-nin 39-cu PB-nin sahə rəisi, polis mayoru Tehran Sadıxovun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1983-cü ildə Füzuli rayonu, Horadiz qəsəbəsində anadan olmuş, AR vətəndaşı, evli, orta təhsilli, taksi fəaliyyəti ilə məşğul olan, Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Səbail RPİ-nin 39-cu PB-si tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Səbail RPİ-nin 39-cu PB tərəfindən tərtib edilmiş 06 iyun 2022-ci il tarixli MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında iş materiallarından görünür ki, Şəxs, 06 iyun 2022-ci il tarixdə, saat 09:00 radələrində Bakı şəhəri, Səbail rayonu, Azadlıq prospekti ilə Nizami küçəsinin kəsişməsində polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Səbail RPİ-nin 39-cu PB-nin sahə rəisi, polis mayoru Tehran Sadıxov protokolu müdafiə edərək izahatında bildirdi ki, Şəxs, 06 iyun 2022-ci il tarixdə, saat 09:00 radələrində Bakı şəhəri, Səbail rayonu, Azadlıq prospekti ilə Nizami küçəsinin kəsişməsində polisin qanuni tələbinə qəsdən tabe olmamış və buna görə də, 39-cu PB-nə gətirilmiş və onun şəxsiyyəti müəyyən olunaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin tələblərini pozduğundan barəsində protokol tərtib edilmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində qanuni tədbirlər görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Bakı DYPİ YPX Alayının MEB-nin 3-cü tağımının YPX baş inspektoru polis leytenantı X2 bildirdi ki, Bakı şəhərində keçirilən Formula-1 yarışmasının keçirilməsi ilə əlaqədar olaraq Nazirlər Kabinetinin qərarı ilə müəyyən küçələrdə avtomobillərin hərəkəti istiqamətində dəyişiklik edilmiş və bu barədə kütləvi informasiya vasitələrində, həmçinin yol hərəkəti işarələrində göstərilmişdir. 06 iyun 2022-ci il tarixdə, saat 09:00 radələrində, o, Bakı şəhəri, Səbail rayonu, Azadlıq prospekti ilə Nizami küçəsinin kəsişməsində xidmətdə olarkən, Toyota Karolla markalı avtomobilin sürücüsü yol nişanlarına məhəl qoymadan hərəkət etmək istədiyi üçün onun tərəfindən həmin avtomobil dayandırılmış və sürücüyə həmin istiqamətdə hərəkətin qadağan olunduğu izah edilmişdir və geri dönərək hərəkətini əks istiqamətdə davam etdirməsi bildirilmişdir. Lakin sürücü onun göstərişinə əməl etməyərək, hərəkətini davam etdirməyə çalışmış və onunla mübahisə etməyə başlamışdır. O, sürücünün avtomobildən düşməsini tələb etmiş, sürücü onun tələbinə tabe olmadığı üçün onu məcburi şəkildə maşından endirmişdir. Daha sonra post patrul xidmətinə məlumat verilmiş və həmin sürücü 39-cu polis bölməsinə aparılmışdır. Məhkəmə iclasında Bakı şəhər Baş Polis İdarəsi DYPİ-nin etibarnamə üzrə nümayəndəsi Bakı şəhər BPİ DYP İdarəsinə bilavasitə tabe olan YPXA-nın BYPX inspektoru, polis mayoru X3 bildirdi ki, bakı şəhərində Formula-1 Azərbaycan Qran Pri yarışmasının keçirilməsi ilə əlaqədar olaraq Nazirlər Kabinetinin qərarı ilə müəyyən küçələrdə avtomobillərin hərəkəti istiqamətində dəyişikliklər edilmiş və bu barədə kütləvi informasiya vasitələrində, həmçinin yol hərəkəti işarələrində və yolların kənarında yerləşdirilmiş elektron tablolarda göstərilmişdir. 06 iyun 2022-ci il tarixdə, saat 09:00 radələrində, Bakı şəhəri, Səbail rayonu, Azadlıq prospekti ilə Nizami küçəsinin kəsişməsində Toyota Karolla markalı avtomobilin sürücüsü Şəxs yol nişanlarına məhəl qoymadan hərəkət etmək istədiyi üçün o, həmin yerdə xidmətdə olan YPX baş inspektoru tərəfindən dayandırılaraq, sürücüyə həmin istiqamətdə hərəkətin qadağan olunduğu izah edilmiş və geri dönərək hərəkətini əks istiqamətdə davam etdirməsi bildirilmişdir. Lakin sürücü YPX inspektorunun göstərişinə əməl etməyərək, hərəkətini davam etdirməyə çalışmış və onunla mübahisə etməyə başlamışdır. Buna görə də, YPX inspektoru sürücünün avtomobildən düşməsini tələb etmiş, sürücü onun tələbinə tabe olmadığı üçün sürücü məcburi şəkildə maşından endirilmiş, daha sonra post patrul xidmətinə məlumat verilmiş və həmin sürücü 39-cu polis bölməsinə aparılmışdır. Sürücü Şəxs YPX inspektorunun qanuni tələblərinə tabe olmamaqla, yersiz mübahisələri ilə oraya vətəndaşların toplaşmasına səbəb olmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü qismən təqsirli bilərək bildirdi ki, 06 iyun 2022-ci il tarixdə, saat 09:00 radələrində, taksi kimi fəaliyyət göstərdiyi Toyota Karolla markalı avtomobillə hərəkət edərkən Bakı şəhəri, Səbail rayonu, Azadlıq prospekti ilə Nizami küçəsinin kəsişməsində onu YPX inspektoru saxlayaraq, ona həmin küçədə hərəkətin istiqamətinin dəyişdirildiyini bildirmiş və geri dönərək hərəkətini əks istiqamətdə davam etdirməsini bildirmişdir. Lakin o, yolda hərəkətin qadağan olunmasına dair hər hansı bir yol nişanı görmədiyini bildirmiş və hərəkətini davam etdirmək istəmişdir. YPX inspektoru ona cərimə yazdığını dedikdə, o bununla razı olmadığını bildirmiş və aralarında mübahisə yaranmışdır. YPX inspektoru ondan avtomobilindən düşməsini tələb etmiş, o buna razı olmadıqda, inspektor onu zorla maşınından düşürmüşdür. Sonra oraya post patrul xidməti çağırılmış və o heç bir məcburiyyət olmadan polis əməkdaşları ilə 39-cu polis bölməsinə getmişdir. O əməlindən səmimi peşmandır.Onun himayəsində xəstə anasının və azyaşlı uşağının olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 535.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs, 06 iyun 2022-ci il tarixdə, saat 09:00 radələrində Bakı şəhəri, Səbail rayonu, Azadlıq prospekti ilə Nizami küçəsinin kəsişməsində polisin qanuni tələbinə qəsdən tabe olmamış, bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin tələblərinin pozulması sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tövsif edilməli və həmin maddənin sanksiyası həddində onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icaat aparılan şəxsə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbet tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini və hallarını, təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Şəxs barəsində həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, inzibati həbsdə saxlama müddətinin əvvəli 06 iyun 2022-ci il tarixdən, saat 17:30-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 30, 43, 88, 106-112, 114.1.1, 115, 128.2.1, 130.1 və 535.1-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati qaydada həbs etmənin əvvəli 06 iyun 2022-ci il tarixdən, saat 17:30-dan hesablansın. Qərarın icrasına nəzarət Bakı şəhər Baş Polis İdarəsinin X4 X1 tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №3(009)-953/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-953/2022
06.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver