Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-956/2022 07.06.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Qafarova Rəna Nazim qızının sədirliyi, Paşazadə Pərvin Kamandar oğlunun katibliyi, Bakı şəhəri Səbail RPİ-nin 8-ci polis bölməsinin sahə inspektoru, polis mayoru X2, zərərçəkmiş şəxs X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1989-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi 5 ünavnında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Səbail rayonu, ünvan 1 ünvanında yaşayan X4 DİN 102 xidmətinə zəng edərək və Səbail RPİ-nin 8-ci PB-yə ərizə ilə müraciət edərək xx.xx.2022-ci il tarixdə, saat 16:20 radələrində Bakı şəhəri, Səbail rayonu, ünvan 3 ünvanın qarşısında keçmiş qeyri-rəsmi ər-arvad münasibətində olduğu Şəxs onu döyərək xəsarət yetirdiyini bildirmiş və həmin şəxsin cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etmişdir. Ərizə əsasında Bakı şəhəri Səbail rayonu RPİ 8-ci PB-nin baş təhqiqatçısı, polis baş leytenantı Yasəf Rüstəmov tərəfindən araşdırma aparılmış və xx.xx.2022-ci il tarixli qərarla X1 DİN-nin 102 xidmətinə verdiyi məlumat və Səbail RPİ-nin 8-ci PB-yə verdiyi ərizə əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və vətəndaş Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilməsi qərara alınmışdır. İş materiallarında olan 07 iyun 2022-ci il tarixdə tərtib edilmiş MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə, saat 16:20 radələrində Bakı şəhəri, Səbail rayonu, ünvan 3 ünvanın qarşısında X3 döyərək xəsarət yetirmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Səbail RPİ-nin 8-ci polis bölməsinin sahə inspektoru, polis mayoru X7 tərtib etdiyi protokolu müdafiə edərək Şəxs barəsində qanuni tədbirlər görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X4 izahatında bildirmişdir ki, o, Şəxs ilə bir müddət qeyri-rəsmi yaşamış, sonra Araz narkotik vasitə istifadəsinə görə həbs olunmuş və həbsdən çıxdıqdan sonra bir övladı dünyaya gəlmişdir. Araz ondan müxtəlif vaxtlarda cəmi 8000 manat borc pul almış hələ də qaytarmamışdır. Hazırda əməliyyat olunmalıdır və pulu əməliyyatı üçün saxlamışdır. Araz pulunu vermədiyi üçün xx.xx.2022-ci il tarixdə, saat 16:20 radələrində Arazdan pulunu istəməyə getmiş, o isə onu itələyərək üz ayaq nahiyyələrindən vurmuş və onu söyüb təhqir etmişdir. Hazırda şikayətçi olduğunu, Şəxsla barışmadığını nəzərə alaraq, Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, o, S.Quliyeva ilə əvvələr qeyri-rəsmi ailə münasibətlərində olmuş, daha sonra ayrılmış və bir müddət sonra S.Quliyevanın uşağının olduğunu bilmiş, lakin zərərçəkmiş uşağın ondan olmadığını bildirmiş, daha sonra o, ailə həyatı qurmuşdur. Bir neçə ildən sonra zərərçəkmişin rəfiqəsi onun qayınanasına onun haqqında mesajlar yazmış, onun S.Quliyevaya borcunun olduğunu bildirmişdir. O, həbsxanada olduğu müddətdə belə S.Quliyevaya yardım göstərmiş, kirayə pulunu ödəmişdir. S.Quliyeva onun xəstəliyi vaxtı ona yardım etmiş, o, da dostu vasitəsilə onun uşağına yardım pulu toplanması üçün kart açdıracağını və ondan aldığı pulun ordan çıxılmasını bildirmişdir. Bir müddət sonra S.Quliyeva onun işlədiyi paltar sexinə gəlmiş, o, isə qayınanasının içəridə olduğunu, problem yaratmaması üçün çıxıb getməsini bildirmişdir. Daha sonra əraziyə polislər gəlmiş və S.Quliyeva polislərə onu döydüyünü bildirmişdir. O, S.Quliyevanı döyməmiş, çıxıb getməsi üçün qolundan yavaşca tutub kənara çəkmişdir. Göstərilənləri nəzərə alaraq qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 izahatında bildirmişdir ki, o, zərərçəkmişin bacısıdır. Belə ki, xx.xx.2022-ci il tarixdə o, evdə olmuş, bacısının oğlu gələrək anasının ona zəng edərək avtoyuma məntəqəsinin yanında döyüldüyü deməsini bildirmiş, o da həmin əraziyə bacısının yanına getmiş və bacısının xəsarət aldığını görmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 izahatında bildirmişdir ki, o, Şəxs dostudur. Belə ki, xx.xx.2022-ci il tarixdə o, da hadisə yerində olmuş, xanım Arazın yanına gələrək pulunun qaytarılmasını istəmiş, Araz isə onda pulunun olmadığını bildirmiş, daha sonra onlar arasında mübahisə yaranmış, lakin Araz xanımı vurmamışdır. Bir müddət sonra polis əməkdaşları gəlmiş və Arazı polis bölməsinə aparmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 izahatında bildirmişdir ki, o, xanımı tanımır, həmin ərazidə yolun qarşısında kafedə işləyir. Arazın da həmin ərazidə sexi vardır. Belə ki, xx.xx.2022-ci il tarixdə səs-küy eşitmiş və o, hadisə yerinə gələrkən uşaqlı bir xanımın Arazla mübahisə etdiyini görmüş, lakin Arazın həmin xanımı vurduğunu görməmişdir. Bir müddət sonra polis əməkdaşları gəlmiş və Arazı polis bölməsinə aparmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 izahatında bildirmişdir ki, o, xanımı tanımır. Belə ki, xx.xx.2022-ci il tarixdə o, həmin ərazidə yolun qarşısında çayçıda əyləşmişdir. Daha sonra səs-küy olmuş, o, yerindən qalxıb bir qədər yaxınlaşdıqda xanımın Arazla mübahisə etdiyini görmüş, lakin Arazın həmin xanımı vurduğunu görməmişdir. Bir müddət sonra polis əməkdaşları gəlmiş və Arazı polis bölməsinə aparmışlar. İş materiallarına əlavə olunmuş məhkəmə-tibbi ekspertizasının 353 nömrəli, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, S.S.Quliyevanın bədəni üzərində müəyyən edilmiş xəsarətlər - sağ yanaq nahiyəsinin, sol bazunun və sol baldırın yuxarı 1/3-nin bayır səthlərinin, sol saidin aşağı 1/3-nin arxa səthinin qançırları bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində, göstərilən müddətdə və müayinə olunanın göstərdiyi şəraitdə, yəni xx.xx.2022-ci il tarixində, kənar şəxs, tərəfindən qeyd olunan nahiyələrə əl və təpiklə vurma nəticəsində əmələ gələ bilərdilər, sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Məhkəmə proses iştirakçılarının izahatlarını, şahidlərin izahatlarını dinləyib və inzibati xəta haqqında işin materiallarını, o cümlədən ekspert rəyini araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, araşdırma zamanı zərərçəkmiş şəxsin izahatı, iş materialları, o cümlədən ekspert rəyi ilə müəyyən edilmişdir ki, Şəxs xx.xx.2022-ci il tarixdə, saat 16:20 radələrində Bakı şəhəri, Səbail rayonu, ünvan 3 ünvanın qarşısında X4 ilə mübahisə zamanı ona zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməklə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs oğlunun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, onun təqsirinin dərəcəsini, o cümlədən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, həmçinin onun cəmiyyətdən təcrid edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müstəsna halların olmamasını nəzərə alaraq, Şəxs cəmiyyətdən təcrid edilmədən islah edilməsini mümkün hesab edir və onun barəsində təqsirli bilindiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növünün aşağı həddində inzibati tənbeh tədbirinin tətbiq edilməsinin qanuni, əsaslı və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğun olması nəticəsinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 300 (üç yüz) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №3(009)-956/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-956/2022
07.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver