Məhkəmə qərarları › İş №3(009)-957/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-957/2024

06.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-957/2024 06.05.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Uğur Fatimə Mehmet qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxsin nümayəndəsi X1 iştirakı ilə, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsinin Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 19 fevral 2024-cü il tarixli, İXP seriyalı ******* Səbail rayon məhkəməsinə daxil olmuşdur. Xətai RPİ-nin DYPŞ polis mayoru X3 tərəfindən tərtib edilmiş 28 yanvar 2024-cü il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsi onun mülkiyyətində (istifadəsində) olan “Chevrolet Traverse” minik markalı, 90AF032 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatları səlahiyyətli orqanın bu barədə sorğusu daxil olduğu vaxtdan 5 (beş) gün müddətində verməmişdir. Bununla da, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsi barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsinin nümayəndəsi X2 protokola etiraz edərək, sorğu daxil olduqdan sonra qanunla müəyyən edilmiş müddət ərzində sorğuya cavab verildiyini bildirərək iş üzrə icraata xitam verilməsini xahiş etdi. İnzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsinin ünvanına məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmiş, lakin inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və ondan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 64.3-cü maddəsinə əsasən işə inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsinin Azərbaycan Respublikasının İXM-nin 347-ci maddə ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsi tərəfindən təqdim edilmiş məktubdan görünür ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsi tərəfindən Naqliyyat İdarəsinin 1 saylı Texnoloji Nəqliyyat Departamenti balansında olan nəqliyyat vasitələri və onların sürücüləri barədə Bakı şəhəri Xətai RPİ-nin DYPŞ-yə 09 fevral 2024-cü il tarixdə məlumat verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinə əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 (beş) gün müddətində verilməməsinə görə inzibati xəta törətməkdə təqsirli olan şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 123.1-ci maddəsinə əsasən Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş xətalar hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildikdə və müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə məlumat olmadıqda, həmin hüquqi şəxsə (dövlət qurumuna) səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bu barədə dərhal sorğu göndərilir. Həmin Məcəllənin 123.3-cü maddəsinə əsasən bu Məcəllənin 123.1-ci maddəsində nəzərdə tutulmuş sorğuya cavab verməyən hüquqi şəxs, yaxud dövlət qurumunun vəzifəli şəxsi bu Məcəllənin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə məsuliyyətə cəlb olunur. Hüquqi şəxsin, yaxud dövlət qurumunun vəzifəli şəxsinin məsuliyyətə cəlb olunması onu müvafiq məlumatı təqdim etmək vəzifəsindən, fiziki şəxsi isə törətdiyi əmələ görə məsuliyyətdən azad etmir. Həmin Məcəllənin 57.2-ci maddəsinə əsasən sənəd onu göndərən hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalı olan qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, səlahiyyətli orqan (vəzifəli şəxs), yaxud sənədin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış sənəd müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Göründüyü kimi qanunvericiliyin mənasına görə Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulmuş məsuliyyətin yaranması üçün inzibati xəta törətmiş fiziki şəxs barəsində nəqliyyat vasitəsinin mülkiyyətçisi olan hüquqi şəxsə səlahiyyətli orqan tərəfindən sorğu verilməli, həmin sorğu hüquqi şəxsə təqdim olunmalı (daxil olmalı) və bundan sonra hüquqi şəxs tərəfindən 5 (beş) gün müddətində sorğuya cavab verilməlidir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsi səlahiyyətli orqanın sorğusunu vaxtında, müddəti ötürmədən cavablandırmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4-cü maddəsinə görə inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 53.0 və 53.0.1-ci maddələrinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, polisin sorğusu vaxtında cavablandırıldığından inzibati xəta hadisəsi yaranmamışdır. Buna görə də, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsinin barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə başlanmış icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38, 43, 53, 105,114,122 və 123-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsi barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar