Məhkəmə qərarları › İş №3(009)-96/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-96/2025

11.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-96/2025 11.02.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, X5 qızının katibliyi ilə, Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuş X1 iştirakı ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinin 02 dekabr 2024cü il tarixli, EQ 23009271 saylı inzibati tənbeh vermə haqqında qərarından X1 şikayətinə və ona əlavə edilmiş sənədlərə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ : Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinin 02 dekabr 2024cü il tarixli, EQ 23009271 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv olunması barədə X1 şikayəti məhkəməyə daxil olmuşdur. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinin Mərkəzi İnformasiya Sistemi tərəfindən barəsində 16 avqust 2024-cü il tarixli, EQ 23009271 saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. O, bu protokolla razılaşmayaraq məhkəməyə müraciət etmişdi. Səbail Rayon Məhkəməsinin iş № 3(009)-2275/2024 17 oktyabr 2024-cü il tarixli qərarına əsasən xx.xx.2024-cü il tarixli EQ 23009271 saylı inzibati xəta haqqında protokol əsasında tərtib edilmiş qərar qismən ləğv olunub və inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinə göndərilmişdir. Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı qüvvəyə mindikdən sonra o, iş barədə Baş X7 İdarəsinə yaxınlaşaraq maraqlananda oradan ona bildirildi ki, iş barədə araşdırma aparılan zaman işi araşdıran X7 İnspektoru tərəfindən məlumatlandırılaraq idarəyə dəvət olunacaq və onun iştrakıyla iş araşdırlaraq qərar verləcək. Buna baxmayaraq X7 tərəfindən heç bir araşdırma aparılmadan ona heç bir məlumat verilmədən və onun işdırakı olmadan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinin Mərkəzi İnformasiya Sistemi tərəfindən barəsində 02 dekabr 2024-cü il tarixli, EQ 23009271 saylı protokol tərtib edilərək elektron kabnetə yerləşdirilmişdir. O, 20 dekabr 2024-cü il tarixdə X7 İdarəsinə yaxınlaşaraq qərarı əldə edərkən, onun iştirakı olmadan işə baxaraq yeni qərar verilməsini qanuna zidd olduğunu bildirib. Qərarı ona verən polis inspektoru bildirdiki, bu hal qanunun tələblərinə ziddir və bu barədə yuxarı rəhbərliyə və ya məhkəməyə müraciyyət etmək hüququ vardır. Burdan da görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsi tərəfindən barəsində tərtib olunmuş xx.xx.2024-cü il tarixli, EQ 23009271 saylı protokol tərtib edilərkən prosessual pozuntulara yol verilərək tərtib edilmişdir. O, qeyd etmək istəyir ki, elektron qaydada tərtib edilmiş protokolda inzibati xəta müşahidə olunur, lakin inzibati xətanın hansı tarixdə və vaxtda qeydə alınması bilinmir. Elektron qaydada tərtib olunmuş xx.xx.2024-cü il tarixli, EQ 23009271 saylı protokolun foto görüntülərinin üzərində vaxt və tarix qeyd olunmayıb.Xüsusilə məhkəmədən xahiş etmək isdəyir ki, işə məhkəmə tərəfindən baxılsın və məhkəmə tərəfindən qərar verilsin. Çünki, qismən ləğv edilib qaytarılarkən inzibati xəta üzrə protokol tərtib etmək səlahiyyəti olan inzibati orqan Məhkəmənin mövqeyini nəzərə almır və qanunsuz qərar qəbul edir. Onun üçün Məhkəmədən yekun qərar qəbul etməsini xahiş edir. Bildirir ki, hazırda mübahisələndirilən qərar ona xx.xx.2024-cu il tarixində təqdim edilmişdir, Beləliklə iş materialları ilə bir daha təsdiq olunur ki, inzibati orqan tərəfindən qəbul olunmuş qərar qanunsuz və əsassızdır. Buna görə də hesab edir ki, qərar ləğv olunmalı və inzibati işə xitam verilməlidir. Odur ki, göstərilənlərə əsasən şikayətin təmin olunmasını, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinin Mərkəzi İnformasiya Sistemi tərəfindən barəsində tərtib olunmuş 02 dekabr 2024-cü il tarixli, EQ 23009271 saylı qərar ləğv olunmasını və inzibati iş üzrə icraata xitam verilməsi xahiş olunmuşdur. Qanunla müəyyən olunmuş qaydada və müddətdə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, məhkəmə iclasına gəlmədiyi və səbəbini bildirmədiyi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsaslanaraq qərarından şikayət verilmiş orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılması mümkün hesab edilsin. Məhkəmə iclasında iştirak edən barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuş Həsənxan İbrahim oğlu, şikayətin təmin edilməsini, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinin 02 dekabr 2024-cü il tarixli, EQ 23009271 saylı qərarın ləğv olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinin 02 dekabr 2024-cü il tarixli, EQ 23009271 saylı qərarı ləğv edilməli və iş yenidən baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinə göndərilməlidir. Belə ki, iş materiallarında olan 02 dekabr 2024-cü il tarixli EQ 23009271 saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Mercedes Benz E220 minik markalı, 57CX757 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü X2, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsində nəzərdə tutulmuş xətanı törətdiyinə görə barəsində 100 manat məbləğində cərimə tədbiq edilmişdir. İş üçün əhəmiyyət kəsb edən halların inzibati xəta haqqında qərarda göstərilməməsi, inzibati xəta haqqında qərar qəbul etmiş orqanın nümayəndəsinin məhkəmə iclasına dəvət olunmasına baxmayaraq gəlməməsi belə nəticəyə gəlməyə əsas verir ki, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməmişdir. Odur ki, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş yenidən araşdırılmalı və barəsində inzibati tənbeh tətbiq edilmiş şəxsin xətanı törətməsinə dair hər hansı sübut olduğu halda, göstərilməklə yenidən əsaslı qərar qəbul edilməlidir. Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 125.2.3.-cü maddəsinin tələblərinə görə inzibati xəta haqqında elektron protokol və ya inzibati xəta haqqında iş üzrə qərar ona əlavə edilmiş materiallarla birlikdə kağız daşıyıcıda çap olunaraq səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xətanın törədildiyi vaxtdan 2 gün müddətində Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115.1.-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda qərarı çıxarmış hakimin, vəzifəli şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, kollegial orqanın adı və tərkibi, işin baxılması tarixi və yeri, işinə baxılan şəxs haqqında məlumat, işə baxılarkən müəyyən edilmiş hallar, inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi və inzibati xətaya görə tətbiq edilən inzibati tənbeh növü, inzibati cərimə şərti olaraq tətbiq edildikdə, hüquqpozmanın aradan qaldırılması üçün müəyyən edilmiş müddət və bu müddətdə hüquqpozma aradan qaldırıldığı təqdirdə, cərimənin ödənilməməsi barədə qeyd, iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan bu Məcəllənin müvafiq maddəsi, qərardan şikayət verilməsi müddəti və qaydası göstərilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.2-ci maddəsinə əsasən yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta haqqında iş üzrə qərardan şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış keçirməklə və araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə, inzibati xəta haqqında iş üzrə qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilir. Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən həmin Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.3-cü maddəsinə görə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. İşin araşdırmalarından məhkəmə belə nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında qərar qəbul olunmuş X1 şikayəti qismən təmin edilməli, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinin 02 dekabr 2024-cü il tarixli, EQ 23009271 saylı qərar ləğv edilməli və iş yenidən baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər X7 İdarəsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 125, 128-130-cu və 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : Barəsində inzibati xəta haqqında qərar qəbul olunmuş X1 şikayəti qismən təmin edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər X7 İdarəsinin 02 dekabr 2024-cü il tarixli, EQ 23009271 saylı inzibati xəta haqqında qərarı ləğv edilsin və iş yenidən baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər X7 İdarəsinə göndərilsin. Qərarın surəti alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM: AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar