Məhkəmə qərarları › İş №3(009)-962/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-962/2022

08.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-962/2022 08.07.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Qəribli Günel Adil qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin vəkili Nümayəndə iştirakları ilə, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib edilmiş 07 iyun 2022-ci il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC 12990.00 ABŞ dolları məbləğində olan vəsaiti 05 iyun 2020-ci il tarixində ölkədən kənara qabaqcadan ödəniş etməklə köçürmüşdür. Ödənişin aparıldığı gündən 2 (iki) ildən artıq müddət keçsə də, 12990.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların (xidmətlərin) ölkəyə idxalını təsdiq edən sənədlər banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xarici xaricdən geri qaytarılmamışdır. Xəta 06 iyun 2022-ci il tarixdə hüquqi şəxsin ünvanında törədilmişdir. Bununla da, Şəxs MMC İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin vəkili Nümayəndə inzibati xəta haqqında protokola etiraz təqdim edərək bildirmişdir ki, Şəxs MMC barəsində tərtib olunan inzibati xəta haqqında 07 iyun 2022-ci il tarixli, EP № ******* nömrəli protokol qanunsuzdur və həqiqəti əks etdirmir. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, hazırki protokolun tərtib edilməsi üçün Bank "xxxx" ASC tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankına olan müraciət əsasında tərtib olunaraq məhkəməyə göndərilib ki, guya Şəxs MMC tərəfindən 2 il əvvəl xaricə idxal üçün göndərilmiş valyutaya dair xaricdən mallar gətirilməmişdir. Bu arqument elə özlərinin göndərdiyi gömrük bəyannaməsi ilə təqzib edilərək həqiqəti əks etdirmir. Elə Bank "xxxx" ASC özünün məhkəməyə göndərdiyi sənədlərin qoşma siyahısındakı Gömrük bəyannaməsində də şirkətin Çin Respublikasında yerləşən “GEN GROUP LİMİTED” şirkəti ilə aralarında olan xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən həmin müqavilədə göstərilən siyahı üzrə 205 ədəd mallar eyni çeşiddə və növdə olmaqla olduğu kimi Azərbaycan Respublikasına gətirilmişdir. Gömrük bəyannaməsində malı göndərən qrafada ixracatçı qismində Çin Respublikasında yerləşən “GW DELİGHT TECHNOLOGY CO LTD” şirkəti göstərilmişdir. “GEN GROUP LİMİTED” şirkəti “GW DELİGHT TECHNOLOGY CO LTD” şirkətinin agent şirkətidir onların arasında buna dair qarşılıqlı anlaşma vardır (01 yanvar 2020-ci il tarixli lıəmin səlahiyyəti təsdiq edən sənəd ərizəyə əlavə olunur). Məhz buna görədə həmin şirkət tərəfindən mallar şirkətə göndərilən zaman buna dair “GW DELİGHT TECHNOLOGY CO LTD” şirkətinin təqdim etdiyi sənədləri də Bank "xxxx" ASC-nə təqdim edilmişdir və bank da bununla razılaşmış, 2 il müddətində bu barədə Şəxs MMCnə heç bir etiraz və ya bildiriş verməmişdir. Çünki edilən prosedur tam qanunauyğun olmuşdur. Sonuncu dəfə 14 mart 2022-ci ildə yenidən şirkətin əməkdaşı bankın nümayəndəsi ilə əlaqə saxlayaraq gömrük bəyannaməsini və “GW DELİGHT TECHNOLOGY CO LTD” şirkəti tərəfindən verilən sənədlər Bank "xxxx" ASC-nə təqdim etmişdir. Bank da təqdim etdikləri gömrük bəyannaməsini, müqavilələri, ödəniş sənədlərini Azərbaycan Respublikası Mərkəzi Bankına göndərmiş, lakin nədənsə “GW DELİGHT TECHNOLOGY CO LTD” şirkəti ilə “GEN GROUP LİMİTED” şirkəti arasında agent olmasına dair sənəd Mərkəzi Banka göndərməyib. Məhz verilən gömrük bəyannaməsində də ödənilən pulun və həmin pula görə göndərilən mallar tam dəqiqliyi ilə qeyd edilmişdir. Həmçinin H.Əliyev adına Beynəlxalq hava limanında "xxxx" MMC-dən malların götürülməsinə dair xidmət haqının köçürülməsinə dair arayış da verilibdir. Həmin sənədlər də olduğu kimi banka təqdim edilib. Alınan mallara görə 04 iyun 2022-ci il tarixdə 12990 (on iki min doqquz yüz doxsan) ABŞ dolları, 11 iyun 2022-ci il tarixdə isə 30310 (otuz min üç yüz on) ABŞ dolları olmaqla, ümumilikdə həmin müqavilə üzrə 43300 (qırx üç min üç yüz) ABŞ dolları məbləğində pul tərəflərindən köçürülmüşdür. Həmin pula görə alınan Səsin, təsvirin və ya başqa məmulatların qəbul edilməsi, çevrilməsi və ötürülməsi və ya bərpası üçün maşınlar, kommutasiya qurğuları aşağıda qeyd edilənlər olmuşdur: -Provide 24* 10/100M Ethernet interfaces, build-in layer 2 swich function, Power AC220V, 20km, single. Qeyd edilən mallar həm müqavilə həm də gömrük bəyannaməsi ilə olduğu kimi üst üstə düşür. Onu da qeyd etmişlər ki, gətirilən mallara görə 26821,57 manat məbləğində gömrük xidmət haqqısı və ƏDV vergisi ödənilmişdir, bəyannamədə bu barədə də qeyd edilmişdir. Əlavə olaraq qeyd etmişdir ki, hal-hazırda da eyni şirkətlə əməkdaşlıq edirlər, indiki gömrük bəyannamələrində mal göndərən qrafasmda “GW DELİGHT TECHNOLOGY CO LTD” şirkəti və “ GEN GROUP LİMİTED” tapşırığı ilə qeyd aparılır. Həmçinin bildirmişlər ki, Azərbaycan Respublikasının İXM-nin 430.4-cu maddəsinə əsasən əməldə inzibati xəta təribi o zaman mövcud olur ki, Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmasın. Hazırki işdə isə bütün hallar sübut olunur ki, şirkət tərəfindən göndərilən pullara görə qeyd edilən mallar elə həmin ayda göndərilibdir. MMC-nin əməlində hər hansı inzibati xəta tərkibi yoxdur. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 53-cü maddəsinə əsasən inzibati xəta hadisəsi və inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Odur ki, yuxarıda qeyd edilənləri nəzərə alaraq, Şəxs MMC barəsində tərtib olunan inzibati xəta haqqında 07 iyun 2022-ci il tarixli, EP № ******* nömrəli protokol əsassız olduğundan iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barəsində məhkəməyə məlumat verməmiş və ondan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə işə inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İXM-nin 430.4-cü maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarından görünür ki, 05 iyun 2020-cu il tarixdə Şəxs MMC tərəfindən 12990,00 ABŞ dolları məbləğində qabaqcadan ödəniş etməklə pul vəsaiti xaricə köçürülmüşdür. İş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli, **********8649 saylı gömrük bəyannaməsindən və bəyannamənin üzərində aparılmış qeydlərdən görünür ki, Şəxs MMC-nin Azərbaycan Respublikasından kənara köçürdüyü 12990.00 ABŞ dolları məbləğində xarici valyuta vəsaitinin müqabilində qanunla müəyyən edilmiş müddətdə müvafiq mallar ölkəyə idxal edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs MMC tərəfindən 12990,00 ABŞ dolları məbləğində xarici valyutada olan vəsait köçürmə haqqında ərizəyə əsasən bankda olan hesabından 05 iyun 2020-ci il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürülmüş, həmin köçürmə üzrə mallar **********8649 saylı gömrük bəyannaməsi ilə qanunla müəyyən edilmiş müddətdə ölkəyə idxal edilmişdir. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətdə müvafiq mallar ölkəyə idxal edildiyi üçün Şəxs MMCnin əməlində Azərbaycan Respublikasının İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi yoxdur. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 430.4-cü maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə - vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, hazırki iş üzrə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxsə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir. Ona görə də, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İXM-nin 430.4-cü maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərəəsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 117, 128-130 və 430.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4cü maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar