Məhkəmə qərarları › İş №3(009)-962/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-962/2024

08.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-962/2024 08.05.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Şirməmmədova Günel Lətif qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakı ilə, "xxxx" ASC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: "xxxx" ASC barəsində Yasamal rayon X4 Şöbəsi tərəfindən tərtib edilmiş 05 aprel 2024cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərdən görünür ki, xx.xx.2024cü il tarixdə saat 07:16-da "xxxx" ASC-nin mülkiyyətində (istifadəsində) olan “Hyundai Sonata minik” markalı, **-AV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən Mehdiabad yolu ərazisində mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək üçün sığortaçı ilə icbari sığorta müqaviləsi bağlanmaması müəyyən edilmişdir. Nəticədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq inzibati xəta haqqında protokol tərtib etmiş Yasamal rayon X4 Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barəsində məhkəməyə məlumat verməmiş və ondan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə işə inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" ASC-nin nümayəndəsi X2 inzibati xəta haqqında protokola etiraz edərək göstərmişdir ki, "xxxx" ASC tərəfindən hesab faktura xx.xx.2024-cü il tarixdə göndərilmiş və həmin hesab fakturaya əsasən xx.xx.2024-cü il tarixdə ödəniş edilmişdir. Belə ki, sənədlərdən görünür ki, digər avtomobillərin ödənişində heç bir problem olmamış, lakin “Hyundai Sonata minik” markalı, **-AV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ödənişi zamanı sistemdə problem yarandığı üçün ödəniş alınmamışdır. Lakin bundan sonra xx.xx.2024-cü il tarixdə "xxxx" ASC tərəfindən icbari sığorta ödənişi edilmişdir. Göstərilənləri nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə, tərəfi dinləyib, inzibati xəta haqqında protokolu və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, "xxxx" ASC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, materiala əlavə edilmiş xx.xx.2024-cü il tarixli rekvizitdən görünür ki, həmin tarixdə "xxxx" ASC tərəfindən “Hyundai Sonata minik” markalı, **-AV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin 88,94 (səksən səkkiz manat doxsan dörd qəpik) manat məbləğində olan icbari sığorta məbləği ödənilmişdir. Məhkəmə qeyd edir ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş avtonəqliyyat vasitəsi sahibləri tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsinin tərkibini yaradır. Lakin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 12 mart 2024-cü il tarixli hesab fakturaya əsasən ödənilməli olan sığorta məbləği "xxxx" ASC tərəfindən xx.xx.2024-cü il tarixdə ödənilmişdir Beləliklə müəyyən edilmişdir ki, "xxxx" ASC-nin əməlində inzibati xəta tərkibi olmadığıdan Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə məhkəmə hesab edir ki, hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş şəxsə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyil. Ona görə də "xxxx" ASC -nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114-117, 128-130 və 469.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" ASC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar