Məhkəmə qərarları › İş №3(009)-962/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-962/2025

23.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-962/2025 23.04.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Şirməmmədova Günel Lətif qızının katibliyi, Barəsində inzibati tənbehvermə haqqında qərar çıxarılmış şəxs X1, İnzibati tənbehvermə haqqında qərar qəbul etmiş orqanın nümayəndəsi X2 iştirakları ilə, Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin TP seriyalı ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbehvermə barədə qərarından X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X3 şikayətlə məhkəməyə müraciət edərək Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin TP seriyalı ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbehvermə barədə qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixdə, saat 14:40-14:45 radələrində Heydər Əliyev adına Əl Oyunları sarayının qarşısında bir YPX inspektoru işarə etmişdir ki, avtobus zolağına çıxıb hərəkət etsin. Avtobus zolağına çıxıb hərəkət etdiyi zaman “Dəniz Mall”-un qarşısındakı işıqforda yol patrul əməkdaşı yolun ortasında durub işarə edir ki, tez sürsün. Sonra “Azneft” dairəsində dayanan YPX əməkdaşı “saxla” əmri verərək demişdir ki, “saxla” əmrinə tabe olmamışdır, cərimə tətbiq edir. Narazı olduğunu bildirmiş, qərarsız şəkildə protokol tərtib etmişdir. “Dəniz Mall”-un qarşısında hər yer kameradır. Baş Dövlət Yol Polisi İdarəsinin TP seriyalı ******* nömrəli protokol əsasına qəbul edilmiş xx.xx.2025-ci il tarixli qərarı ləğv edilməsi və başlanılmış inzibati iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs X3 şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, 16 fevral 2025-ci il tarixdə “Azneft” dairəsində yol polisi “saxla” əmri vermiş, avtomobili saxlamışdır. Protokol qərarsız şəkildə tərtib edilmişdir. 100 manat cərimə yazılmışdır. Polis əməkdaşı göstəriş verdiyi üçün avtobus zolağına keçmişdir. Göstərilənlərə əsasən TP seriyalı ******* nömrəli, xx.xx.2025-ci il inzibati tənbehvermə barədə qərarının ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən inzibati tənbehvermə haqqında qərar çıxarmış orqanın nümayəndəsi X4 şikayətə etiraz edərək izahatında bildirmişdir ki, şəxs avtobus zolağına daxil olmuş, üzrlü səbəb kimi yol polisi əməkdaşının icazə verməsini göstərmişdir. Təqsirli olmadığını desə də, özü qayda pozuntusunu etiraf etmişdir. Videogörüntülərlə sübuta yetirilir. Videogörüntüdən aydın görünür ki, şəxs avtobus zolağına keçərkən yol polisi əməkdaşı “saxla” əmri vermişdir. Amma yol polisi əməkdaşının ona göstəriş verməsini sübut edə bilmir. Göstərilənlərə əsasən şikayətin rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan TP seriyalı ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 xx.xx.2025-ci il tarixdə saat 14:45-də Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 2 ərazisində “KİA Sorento minik” markalı, **-RC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən 327.1-1, 5.9, 5.10.1- 5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etmiş və müvafiq icra hakimiyyəti orqanı əməkdaşının nəqliyyat vasitəsini saxlamaq tələbinin yerinə yetirilməmişdir. Nəticədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-1 və 327.3-cü maddələrində nəzərdə tutulan inzibati xətaları törətmiş və o, 100 (yüz) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. İş materiallarında olan videogörüntülərdən görünür ki, X3 xx.xx.2025-ci il tarixdə Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 2 ərazisində “KİA Sorento minik” markalı, **-RC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yolda hərəkət etmişdir. Həmçinin yol polisi əməkdaşının “saxla” tələbinə tabe olmamışdır. Bununla bağlı məhkəmə qeyd edir ki, X3 xx.xx.2025-ci il tarixdə saat 14:45-də Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 2 ərazisində, “KİA Sorento minik” markalı, **-RC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yolda hərəkət etmiş, yol polisi əməkdaşının nəqliyyat vasitəsini saxlamaq tələbini yerinə yetirməmiş və nəticədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-1 və 327.3-cü maddələrində nəzərdə tutulan inzibati xəta törətməsi materiala əlavə edilmiş TP seriyalı ******* nömrəli, xx.xx.2025ci il tarixli inzibati tənbehvermə haqqında qərarla kifayət qədər sübuta yetirilmişdir. Həmçinin məhkəmə iclasında iştirak edən şikayətçi qeyd edilən qərarın ləğvi ilə bağlı heç bir sübut təqdim etməmişdir. Belə olan halda X1 əməli inzibati xəta hadisəsini törətməməsi kimi qiymətləndirilə bilməz. Həmçinin qeyd edilməlidir ki, Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin İ-ci hissəsinin 1 və 2-ci bəndlərinə əsasən Yol hərəkətinin iştirakçıları: yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidirlər; yol hərəkətinin nizama salınmasında istifadə olunan nizamlayıcının və svetoforların siqnallarına, yol nişanlarına, yolun nişanlanmasına, yol işlərində istifadə olunan səs və işıq siqnallarına, bəzi nəqliyyat vasitələrinin fərqləndirici nişanlarına və nəqliyyat vasitəsi sürücülərinin siqnallarına tabe olmalıdırlar. Göründüyü kimi qanununvericiliyin tələbi nəqliyyat vasitəsinin sürücüsünün bilavasitə vəzifəsi yol nişanlarına, yolun nişanlanmasına və s. tələblərə tabe olmaqdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsinə əsasən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun yol verdiyi hallar istisna olmaqla, 5.9, 5.10.1–5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etməsinə görə – yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.3-cü maddəsinə əsasən dəmiryol keçidlərindən keçmə qaydalarının pozulmasına və ya nəqliyyat vasitələrinin dəmir yollarını dəmiryol keçidlərindən kənar yerlərdən keçməsinə, yaxud müvafiq icra hakimiyyəti orqanı əməkdaşının nəqliyyat vasitəsini saxlamaq tələbinin yerinə yetirilməməsinə görə- yüz manat məbləğində cərimə edilir. Yol hərəkəti haqqında Azərbaycan Respublikasının 48-ci maddəsinin İV hissəsinə əsasən 5.9, 5.10.1—5.10.3 nişanları ilə işarə edilmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkəti və dayanması qadağandır. Əgər bu zaman həmin zolaq qırıq-qırıq nişanlama xətti ilə qalan hərəkət hissəsindən ayrılmışdırsa, nəqliyyat vasitələri dönərkən bu zolağa keçə bilərlər. Yol hərəkəti haqqında Azərbaycan Respublikasının 64-cü maddəsinin İ hissəsinə əsasən qadağan nişanları yol hərəkəti iştirakçılarının hərəkətlərinə müəyyən məhdudiyyətlər qoyur, yaxud ləğv edir. Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 81-ci maddəsinə əsasən Bu qanunla nəzərdə tutulmuş yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Beləliklə, məhkəmə X1 şikayətinə tənqidi yanaşaraq hesab edir ki, Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin TP seriyalı ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslıdır, həmin qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsi üçün heç bir əsas yoxdur. Şikayətçinin həm şikayətində, həm də məhkəmə iclasında göstərdiklərini isə, məhkəmə özünü müdafiə xarakteri kimi qiymətləndirir, bununla razılaşmaq olmaz. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Maddənin məzmunundan məlum olur ki, inzibati xəta haqqında protokol sübutlar dairəsinə daxildir və inzibati xətanın müəyyən edilməsi zamanı sübut qismində çıxış edir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən məhkəmə qərardan şikayətə baxarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində qərar çıxarılmış X3 avtomobili Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 2 ərazisində “KİA Sorento minik” markalı, **-RC-*** dövlət qeydiyyat dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yolda hərəkət etmiş və yol polisi əməkdaşının nəqliyyat vasitəsini saxlamaq tələbini yerinə yetirməmişidir. Ona görə də Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin TP seriyalı ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarı qanuni və əsaslı olduğundan X1 şikayəti təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-134-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti təmin edilməsin. Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin TP seriyalı ******* nömrəli, xx.xx.2025-ci il inzibati tənbehvermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar