Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-98/2022 18.02.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Qəribli Günel Adil qızının katibliyi, Barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs X2 iştirakları ilə, 11 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin inzibati tənbeh vermə haqqında 22 dekabr 2021-ci il tarixli, MN ******* saylı qərarının ləğv edilməsinə dair X2 şikayətinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 11 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin 22 dekabr 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayət verərək, həmin qərarın ləğv olunmasını məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən 26 noyabr 2021ci il tarixdə ******* saylı protokol tərtib edilərək guya AR İXM-nin 275.2-ci maddəsində təsbit edilmiş pozuntunun törədilməsi aşkar edilmişdir. Həmin protokolun surətini şikayət ərizəyə əlavə edərək bildirir ki, protokolda pozuntunun necə və hansı şəraitdə aşkar edilməsi qeyd edilməyib. Yəni, protokolda pozuntunun aşkar edilməsində hansı xüsusi texniki vasitələrdən istifadə edilməsi qeyd edilməmişdir. Bu da öz növbəsində onu göstərir ki, cərimə əsassız tətbiq edilmişdir. Sözügedən qurğu ölkəyə tam qanuni yolla gətirilmiş, dövlət gömrük orqanları tərəfindən ölkə ərazisinə buraxılmışdır. Belə olan halda sahibkarın hansı məsuliyyəti olduğunu kim və necə müəyyən edir? Bu dövlət qurumları arasında rabitəsizliyin mövcudluğunu göstərir. Yəni, bu və bu kimi qurğuların ölkəyə gətirilməsinə sadəcə dövlət gömrük orqanları deyil, eyni zamanda Ekologiya və Təbii Sərvətlər Nazirliyi də razılıq verməlidir, amma bu mexanizmi sahibkar deyil, dövlət qurumları özləri həll etməlidirlər. Bundan əlavə İXM-nin 22-ci maddəsində inzibati tənbeh tədbirləri sadalanır. Bu halda hesab edirəm ki, ilk olaraq ona xəbərdarlıq edilə bilərdi, çünki bu ilk dəfədir. Yox əgər bu məqbul deyilsə o zaman sual ortaya çıxır: cərimə edilməyi həmin qurğunun ətrafa yaydığı səs küyü azaldırmı? Xeyr. Deməli inzibati tənbeh tədbiri olaraq həmin qurğu müsadirə edilə bilərdi. Axı mənim həmin qurğunun səs küyünü azaltmaq üçün texniki bilikləri yoxdur və bu ümumilikdə mümkündürmü onu da bilmir. Amma regional idarə ən radikal üsula əl ataraq sahibkarı cərimə etməyi seçir, üstəlik heç bir tutarlı səbəb olmadan. Bir daha qeyd etmək istəyir ki, sözügedən qurğudan ətrafa səs küyün yayıldığını yalnız xüsusi aparat vasitəsilə müəyyən etmək mümkündür ki, protokolda bu barədə heç bir qeyd yoxdur və bu da verilmiş qərarın əsaslılığına ciddi şübhə yaradır. Əlavə olaraq qeyd etmək istəyirəm ki, pandemiya ilə əlaqədar olaraq bir ildən artıq müddətdə fəaliyyət göstərməsələr də dövlət tərəfindən müəyyən edildiyi kimi heç bir əməkdaşı işdən azad etməmiş, əmək haqlarını vaxtlı vaxtında ödəmişlər. Hesab edir ki, çətin dövrünü yaşayan kiçik və orta sahibkarlıq subyektlərinin bir nümayəndəsi olaraq bu dərəcədə yüksək məbləğdə cərimə edilməyi ədalətli deyil. Qeyd olunanlarına əsasən 11 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin 22 dekabr 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs X3 şikayətə uyğun izahat verərək həmçinin bildirmişdir ki, qeyd edilən yoxlamanın hansı cihazla aparılması, həmçinin yoxlamanın çöldən və ya içəridən aparılmasına dair protokolda heç bir qeyd yoxdur, həmin cihazın sonuncu dəfə nə vaxt yoxlamadan keçməsi barədə məlumatlar mövcud deyil. Qeyd olunanların nəzərə alınmasını 11 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin 22 dekabr 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etdi. 09.02.2022-ci il tarixli və 16.02.2022-ci il tarixli məhkəmə iclasında 11 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X6 şikayətin təmin edilməməsini xahiş etmişdir. Həmçinin ölçmə cihazı barədə məlumatın monitorinq aktında qeyd edildiyini bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinə lazımı qaydada məlumat verilsə də, nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən işə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin iştirakı olmadan baxılmasını mükün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, şikayət qismən təmin edilməli, 11 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin 22 dekabr 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş baxılması üçün yenidən 11 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilməlidir. Belə ki, iş materiallarında olan 26 noyabr 2021-ci il tarixli, MN ******* nömrəli “İnzibati xəta haqqında” protokolun surətinə əsasən 26.11.2021-ci il tarixdə ünvan 1 ünvanında fəaliyyət göstərən “Senior Mansimo” restoranının fəaliyyəti ilə əlaqədar səs-küy səviyyəsinin normadan artıq olması (çirklənməsi) müəyyən edilmişdir. X1 tərəfindən Azərbaycan Respublikası İXM-nin 275.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İş materiallarında olan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş 22 dekabr 2021-ci il tarixli, MN ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarın surətinə əsasən Səbail rayonu, Xaqani küçəsi 39 ünvanında fəaliyyət göstərən “Senior Mansimo” restoranının fəaliyyəti ilə əlaqədar yaranan səs-küy səviyyəsinin normadan artıq olması (çirklənməsi) müəyyən edilmişdir. X1 Azərbaycan Respublikası İXM-nin 275.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi görə barəsində 2500 (iki min beş yüz) manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Səbail rayonu, Xaqani küçəsi 39 ünvanında fəaliyyət göstərən “Senior Mansimo” restoranının fəaliyyəti ilə əlaqədar yaranan səs-küy səviyyəsinin normadan artıq olması (çirklənməsi) müəyyən edilmişdir. X1 Azərbaycan Respublikası İXM-nin 275.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi görə barəsində 2500 (iki min beş yüz) manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. Qeyd edilən qərardan verilmiş şikayətə məhkəmə tərəfindən baxılarkən müəyyən edilmişdir ki, aparılan inzibati iş üzrə icraat zamanı mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Belə ki, məhkəmə iclasında barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs restoranın fəaliyyəti ilə əlaqədar səs-küy çirklənməsinin ölçülməsi ilə bağlı hansı cihazdan istifadə olunmasının qeyri müəyyən olduğunu bildirmiş və həmin cihazın standartlara uyğun olubolmamasını mübahisələndirmiş, qarşı tərəf isə həmin cihazın sertifikatı və metroloji sınaqdan keçirilməsi ilə bağlı rəsmi sənədləri təqdim etməmişdir. Göstərilən səbəbdən də, mübahisələndirilən qərarın qanunvericiliyin tələblərinə cavab verən sübut növündən istifadə edilməklə qəbul olunduğunu müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş yenidən araşdırılmalı və barəsində inzibati tənbeh tətbiq edilmiş şəxsin xətanı törətməsinə dair hər hansı sübut olduğu halda, göstərilməklə, X2 iştirakı ilə yenidən əsaslı qərar qəbul olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərarda barəsində inzibati iş üzrə icraat aparılan şəxsin qeyd edilən inzibati xətanı törətməsini konkret olaraq müəyyən etmək mümkün olmamış və beləliklə də inzibati xəta haqqında iş üzrə icraat zamanı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələbləri səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, 11 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin inzibati tənbeh vermə haqqında 22 dekabr 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən yuxarıda qeyd edilən halların tam araşdırılmaması Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinin işin səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması kimi qiymətləndirilməlidir. İXM-nin 275.2-ci maddəsinə əsasən Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənməsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi normalarının pozulmasına görə - fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər səkkiz min manatdan on min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən isə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Beləliklə, məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki,şikayət qismən təmin edilməli, 11 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin 22 dekabr 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarı ləğv edilməli və qeyd olunan inzibati xəta haqqında iş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə əməl edilməklə baxılması üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 şikayəti qismən təmin olunsun. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin 22 dekabr 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarı ləğv edilsin və qeyd olunan inzibati xəta haqqında iş baxılması üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilsin. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №3(009)-98/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-98/2022
18.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver