Məhkəmə qərarları › İş №3(009)-981/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-981/2022

28.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-981/2022 28.06.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Qəribli Günel Adil qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi Nümayəndə iştirakları ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 452.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhəkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 452.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən tərtib edilmiş 02 iyun 2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. 02 iyun 2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən ünvan 1 ünvanında fəaliyyət göstərən Şəxs MMC-yə məxsus aptekdə xx.xx.2022-ci il tarixdə plan üzrə yoxlama aparılarkən aptek təşkilatlarına dair tələblərin pozulması faktı aşkar edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi Nümayəndə inzibati xətanı etiraf edərək MMC barəsində aşağı həddə inzibati tənbeh növünün seçilməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin nümayəndələri məhkəmə iclasına gəlməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin nümayəndələrinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 452.3-cü maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, materiala əlavə edilmiş xx.xx.2022-ci il tarixli, 360 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən planlı (növbəti) yoxlamanın keçirilməsi haqqında qərara əsasən ünvan 1 ünvanında fəaliyyət göstərən Şəxs MMC-yə məxsus aptekdə yoxlama aparılması qərara alınmışdır. xx.xx.2022-ci il tarixli, 240 nömrəli əczaçılıq müəssisələrinin plan üzrə yoxlama Aktından görünür ki, Şəxs MMC-nin ünvan 1 ünvanında fəaliyyət göstərən aptekində yoxlama aparılmış və yoxlamaya əsasən aptek təşkilatına dair tələblərin pozulması müəyyən edilmiş və həmin akt 5 nəfərdən ibarət olar iştirakçılar tərəfindən imzalanmışdır. Materiala əlavə edilmiş yoxlama suallarının siyahisindan görünür ki, siyahının 3-cü nömrəsi, reyestrdə olan 1039-cu sırasında “protokol tərtib edildi” qeyd edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən planlı (növbəti) yoxlamanın keçirilməsi haqqında xx.xx.2021-ci il tarixli, 233 nömrəli qərarla ünvan 2 ünvanında fəaliyyət göstərən Şəxs MMC-yə məxsus aptekdə yoxlama aparılması qərara alınmış, yoxlama zamanı isə həmin aptekdə əczaçılıq soyuducusu ilə təhciz edilmədiyi, oyuducunun məişət təyinatlı olması, 3 adda olan dərman vasitələri sertifikat olmadığı təqdirdə satış üçün saxlanılmış, aptek Səhiyyə Nazirliyinin xx.xx.2018-ci il tarixli 1 nömrəli qərarının 3 saylı əlavəsinin tələblərinə uyğunlaşdırılmalıdır (1)ventilyasiya sistemi ilə təhciz edilmiş ventilyasiya anbarı 2) material otağı, 3)müdir otağı 4)işçi heyyəti üçün otaq 5) əhaliyə xidmət sahəsində reseptura və əl satışı şöbələri 6) Səhiyyə Nazirliyinin təsdiq etdiyi nümunəyə uyğun tanıtma lövhəsi) – aptek təşkilatına dair tələblərin pozulması müəyyən edilmiş, bununla bağlı xx.xx.2022-ci il tarixli, 240 nömrəli əczaçılıq müəssisələrinin plan üzrə yoxlama haqqında akt tərtib edilmiş və həmin akt 5 nəfərdən ibarət olar iştirakçılar tərəfindən imzalanmışdır. Göründüyü kimi Şəxs MMC-nin inzibati xəta haqqında protokolda göstərilən xətanı törətməsi iş materialları ilə tam sübuta yetirilmişdir. Həmçinin qeyd edilməlidir ki, Şəxs MMC nümayəndəsi protokolda göstərilənlərin əksi olaraq heç bir dəlil və sübut məhkəməyə təqdim etməmişdir. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikasının İXM-nin 452.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. “Dərman vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.13-cü maddəsinə əsasən dərman vasitələrinin sertifikatı dərman vasitələrinin müvafiq dövlət standartlarının tələblərinə uyğunluğunu təsdiq edən sənəd əsasında satışı həyata keçirilir. Azərbaycan Respublikasının İXM-nin 452.3-cü madədsinə əsasən Aptek təşkilatlarına dair tələblərin pozulmasına görə - vəzifəli şəxslər beş yüz manatdan yeddi yüz manatadək məbləğdə, hüquqi şəxslər min manatdan iki min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 452.3-cü maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir və onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 18, 40, 43, 114- 115 və 452.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 452.3-cü maddəsi ilə təqsirli bilinərək barəsində 1000 (bir min) manat məbləğində inzibati cərimə tətbiq edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bir başa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar