Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-987/2024 06.05.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, X6 qızının katibliyi, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin nümayəndəsi X2, Şəxs MMCnin nümayəndəsi X3 iştirakı ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair materiala məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə əsasən Şəxs MMC barəsində tərtib olunmuş inzibati material, baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan EP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzindən daxil olmuş 09 aprel .2024-cü il tarixli 3-33-3200/012/001636 saylı raportun araşdırılması zamanı müəyyən edilmişdir ki, 01 fevral 2024-cü il tarixində “Liman” gömrük postundan keçməklə hüquqi şəxs "xxxx" MMC-nin ünvanına gələn mallar 09 aprel 2024-cü il tarixində **********8728 saylı gömrük bəyannaməsi ilə Baş idarədə rəsmiləşdirilmişdir. Lakin, sözügedən bəyannamə üzrə idxal edilmiş mala dair gömrük orqanına elektron formada verilməli olan qısa idxal bəyannaməsi mal Azərbaycan Respublikasının gömrük sərhədinə çatmazdan əvvəl təqdim edilməmişdir. Araşdırma ilə əlaqədar Azərbaycan Respublikası Dövlət Gömrük Xidmətinin VAİS/X1 Sistemi) informasiya resursuna baxış keçirilmiş və müəyyən olunmuşdur ki, "xxxx" MMC-nın ünvanına gələn Təchizat gəmisi guar adlı yük 01 fevral 2024-cü il tarixdə saat 21:24-də “Liman” gömrük postundan keçməklə ölkə ərazisinə gətirilmiş, lakin, qeyd edilən yük gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada verilməli olan qısa idxal bəyannaməsi təqdim edilməmişdir. **********8728 nömrəli gömrük bəyannaməsinin 40-cı qrafasının bos qalmasından da bu fakt aydın görünür. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinin tələbləri pozulmuşdur. Qeyd edilən raportun araşdırılması ilə bağlı sözügedən şirkətin nümayəndəsi izahat verməsi uçün Təhqiqat şöbəsinə dəvət edilmişdir, idarəyə gələn "xxxx" MMC-nın nümayəndəsi X9 oqlu izahat verərək bildirmişdir ki, “Təchizat gəmisi: Yaquar” adlı yük bayraq dəyişmək məqsədilə Qazaxıstan Respublikasından Bakı Puta” Limanına gəlmiş, ölkədən geriyə çıxış zamanı, gömrük orqanı tərəfindən qəminin çıxışına icazə verilməmiş və rəsmiləşdirmə tələbi qovulmuşdur. Həmçinin, gəmidə təmir zərurəti yarandığından, gəmi daxildə emal xüsusi gömrük prosedura altında rəsmiləşdirilmişdir. “Yaquar” gəmisi bayraq dəyişmək məqsədilə Azərbaycana gəldiyindən, şirkət tərəfindən qısa idxal bəyannaməsi və müavvən olunmuş vaxtda gömrük bəyannaməsi tərtib edilməmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin nümayəndəsi X4, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə məsuliyyətə cəlb olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Şəxs MMC-nin nümayəndələri X5 inzibati xəta haqqında protokol üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinin tələbini pozmuşdur. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə - vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Eyni zamanda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutlari qiymətləndirir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Beləliklə, Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzindən daxil olmuş 09 aprel 2024-cü il tarixli 3-33-3200/012/001636 saylı raportun araşdırılması zamanı müəyyən edilmişdir ki, 01 fevral 2024-cü il tarixində “Liman” gömrük postundan keçməklə hüquqi şəxs "xxxx" MMC-nin ünvanına gələn mallar 09 aprel 2024-cü il tarixində **********8728 saylı gömrük bəyannaməsi ilə Baş idarədə rəsmiləşdirilmişdir. Lakin, sözügedən bəyannamə üzrə idxal edilmiş mala dair gömrük orqanına elektron formada verilməli olan qısa idxal bəyannaməsi mal Azərbaycan Respublikasının gömrük sərhədinə çatmazdan əvvəl təqdim edilməmişdir, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinin tələbini pozmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Ona görə də, məhkəmə hesab edir ki, Şəxs MMC-nin hərəkətlərində İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinin tərkibi var və onun 1500 (min beş yüz) manat məbləğində cərimə edilməsi növündə inzibati cəza təyin edilməsi məqsədəmüvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 117, 101-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 1500 (min beş yüz) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №3(009)-987/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-987/2024
06.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver