Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-988/2022 13.06.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Qafarova Rəna Nazim qızının sədirliyi, Paşazadə Pərvin Kamandar oğlunun katibliyi, Bakı şəhəri Səbail RPİ-nin 8-ci polis bölməsinin sahə inspektoru, polis baş-leytenantı X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1994-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Səbail RPİ-nin 8-ci polis bölməsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən Şəxs barəsində tərtib olunmuş inzibati material baxılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan 13 iyun 2022-ci il tarixdə tərtib edilmiş MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə, saat təxminən 03:15 radələrində Bakı şəhəri, Səbail rayonu, X15 ərazisində polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. İş materiallarında olan inzibati qaydada tutma haqqında 12 iyun 2022-ci il tarixli, AZA 015013 nömrəli protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə, saat 03:30-da inzibati qaydada tutulmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Səbail RPİ-nin 8-ci polis bölməsinin sahə inspektoru, polis baş-leytenantı X4 izahatında göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə, saat təxminən 03:15 radələrində Bakı şəhəri, Səbail rayonu, X16 ərazisində ** ZL *** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsü içkili avtomobili idarə etdiyi üçün Səbail RPİ-nin DYPŞ-nin YPX inspektorları tərəfindən saxlanılmış, YPX inspektorları həmin sürücüyə yaxınlaşıb özünü təqdim etdikdən və qayda pozuntusunu izah etdikdən sonra sürücünü həkim müayinəsinə dəvət etmişlər, lakin sürücü həkim müayinəsinə getməkdən imtina etmiş, YPX inspektorlarının qanuni tələblərinə tabe olmamış, onları söyərək təhqir etmişdir. Daha sonra əraziyə ÇPA əməkdaşları dəvət olunmuş, sürücü onların da qanuni tələblərinə tabe olmamışdır. Bu səbəbdən həmin şəxs bölməyə gətirilmiş və bölmədə aparılmış araşdırma zamanı həmin şəxsin Şəxs olduğu müəyyən edilmiş və onun barəsində İXM-nin 535.1-ci maddəsi ilə protokol tərtib edilmişdir. Göstərilənləri nəzərə alaraq, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə uyğun olaraq inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə, saat təxminən 03:15 radələrində Bakı şəhəri, Səbail rayonu, X16 ərazisində yerləşən “Atelier 61” restoranından çıxarkən onun idarə etdiyi avtomaşını YPX əməkdaşları saxlamış, ondan içkili olub-olmadığını soruşmuş, onu həkim müayinəsindən keçirmək istədiklərini bildirmişlər. O, isə avtomaşını içkili idarə etmədiyini, orada ayıq sürücü gözlədiyini, avtomaşını dayanacaqdan dostunun çıxardığını YPX əməkdaşlarına bildirsə də, nəticəsi olmamışdır. Daha sonra o, “102 çağrı xidmətinə” yığıb öz etirazını bildirmək istədikdə, YPX əməkdaşları onun telefonunu əlindən almış, ona qarşı nalayiq ifadələr işlətmişlər. Daha sonra əraziyə çağrılmış ÇPA əməkdaşları onu maşına mindirmək istədikdə onu yumruqla vurmuş, bu zaman onlar arasında mübahisə yaranmışdır. Daha sonra onu Səbail RPİ-nin 8-ci PB-yə gətirib təhvil vermişlər. Sonda o, YPX əməkdaşlarını söyərək təhqir etdiyi üçün əməlindən səmimi peşman olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Səbail RPİ-nin DYPŞ-nin YPX inspektoru X5 izahatında göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə, saat təxminən 03:15 radələrində Bakı şəhəri, Səbail rayonu, X16 ərazisində ** ZL *** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsü içkili vəziyyətdə avtomobili idarə etdiyi üçün saxlanılmış, o və iş yoldaşı M.Qasımov sürücüyə yaxınlaşıb özlərini təqdim etdikdən və qayda pozuntusunu izah etdikdən sonra sürücünü həkim müayinəsinə dəvət etmişlər, lakin sürücü həkim müayinəsinə getməkdən imtina etmiş, onların qanuni tələblərinə tabe olmamış, onları söyərək təhqir etmişdir. Daha sonra efir vasitəsilə əraziyə patrul avtomobili köməyə çağrılmış, bu zaman da sürücü ÇPA əməkdaşlarına müqavimət göstərmişdir. Daha sonra həmin şəxs bölməyə gətirilmiş, bölmədə aparılmış araşdırma zamanı həmin şəxsin Şəxs olduğu müəyyən edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Səbail RPİ-nin DYPŞ-nin operatoru X9 şahid X2 izahatına uyğun izahat vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş ƏÇPA-nın Patrul Bölüyünün polis nəfəri X7 izahatında göstərmişdir ki, o, xidmət yoldaşları ilə xx.xx.2022-ci il tarixdə, saat təxminən 03:30 radələrində inzibati ərazidə avtopatrul maşınında xidmət aparan zaman onları köməklik göstərilməsi üçün X16 ərazisinə çağırmışlar. Onlar dərhal həmin əraziyə yaxınlaşan zaman YPX inspektoru ilə sürücünün mübahisə etdiyini görmüşlər və həmin vətəndaşa yaxınlaşaraq 8-ci PB-yə dəvət etmişlər. Lakin həmin vətəndaş onlarla mübahisə etmiş, onlara da tabesizlik göstərmiş, YPX əməkdaşlarına qarşı nalayiq ifadələr işlədərək onlara əl-qol hərəkətləri atmışdır. Onlar dərhal həmin vətəndaşı avtopatrul maşınına əyləşdirərək Səbail RPİ-nin 8-ci PB-yə gətirib təhvil vermişlər. Bölmədə aparılmış araşdırma zamanı həmin şəxsin Şəxs olduğu müəyyən edilmişdir. Məhkəmə proses iştirakçılarının və şahidlərin izahatını dinləyib və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarına əlavə edilmiş Səbail RPİ-nin DYPŞ-nin YPX inspektorları K.Mahmudov və M.Qasımov tərəfindən yazılmış xx.xx.2022-ci il tarixli raportdan görünür ki, xx.xx.2022-ci il tarixdə, saat təxminən 03:15 radələrində Bakı şəhəri, Səbail rayonu, X16 ərazisində ** ZL *** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsü təhükəsizlik kəmərindən istifadə etmədiyi üçün saxlanılmış, onlar sürücüyə yaxınlaşıb özlərini təqdim etdikdən və qayda pozuntusunu izah etdikdən sonra sürücüdən kəskin spirt iyi gəldiyi üçün onu həkim müayinəsinə dəvət etmişlər, lakin sürücü Şəxs həkim müayinəsinə getməkdən imtina etmiş, onların qanuni tələblərinə tabe olmamış, onları söyərək təhqir etmişdir. Daha sonra efir vasitəsilə əraziyə patrul avtomobili köməyə çağrılmış, bu zaman da sürücü ÇPA əməkdaşlarına da müqavimət göstərmişdir. Daha sonra həmin şəxsin bölməyə gətirilməsi təmin olunmuşdur. İş materiallarına əlavə edilmiş ƏÇPA-nın polis nəfərləri O.Murtuzov və A.Abaszadə tərəfindən yazılmış xx.xx.2022-ci il tarixli raportdan görünür ki, xx.xx.2022-ci il tarixdə, saat təxminən 03:30 radələrində inzibati ərazidə avtopatrul maşınında xidmət aparan zaman onları YPX-nə köməklik göstərilməsi üçün X16 ərazisinə çağırmışlar. Onlar dərhal həmin əraziyə yaxınlaşan zaman YPX inspetoru ilə sürücünün mübahisə etdiyini görmüşlər və həmin vətəndaşa yaxınlaşaraq 8-ci PB-yə dəvət etmişlər. Lakin həmin vətəndaş onlarla da mübahisə etmiş, onlara tabesizlik göstərmiş və YPX əməkdaşlarına qarşı nalayiq ifadələr işlədərək onlara əl-qol hərəkətləri atmışdır. Onlar dərhal həmin vətəndaşı avtopatrul maşınına əyləşdirərək Səbail RPİ-nin 8-ci PB-yə gətirib təhvil vermişlər. Bölmədə aparılmış araşdırma zamanı həmin şəxsin Şəxs olduğu müəyyən edilmişdir. Məhkəmə iclasında iş materiallarına əlavə olunmuş CD diskdə olan video-görüntüyə baxış keçirilən zaman Şəxs polis əməkdaşları ilə mübahisə edərək təhqir etdiyi və onların qanuni tələblərinə tabe olmadığı müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinəsinə dair 12 iyun 2022-ci il tarixli, 2/13524 nömrəli protokola əsasən Şəxs yüngül dərəcəli alkoqol sərxoşluğunun olduğu müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidməti 3 saylı TSEK tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli arayışdan görünür ki, Şəxs anası X3 İİ dərəcəli əlilliyi müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidməti 4 saylı TSEK tərəfindən verilmiş arayışdan görünür ki, Şəxs atası X6 İ dərəcəli əlilliyi müəyyən edilmişdir. Beləliklə, araşdırma zamanı müəyyən edilmişdir ki, Şəxs xx.xx.2022-ci il tarixdə, saat təxminən 03:15 radələrində Bakı şəhəri, Səbail rayonu, X16 ərazisində polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32.1.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati tənbeh tətbiq edilərkən məsuliyyəti yüngülləşdirən hal hesab edilir. İnzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. (İXM 32.2) Həmin Məcəllənin 33.1.7-ci maddəsinə əsasən, inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsi məsuliyyəti ağırlaşdıran hal hesab edilir. Məhkəmə iclasında Şəxs əməlindən (təhqiramiz ifadələr işlətməsinə aid hissədə) peşman olmasını və himayəsində əlilliyi olan valideynlərinin olmasını məsuliyyəti yüngülləşdirən hallar kimi, inzibati xətanı sərxoş halda törətməsini onun məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən işin hallarını, törətdiyi inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, o cümlədən məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən halları nəzərə alaraq, Şəxs cəmiyyətdən təcrid edilmədən islah edilməsini mümkün hesab etmir və onun barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbeh tədbirinin 08 (səkkiz) gün müddətinə tətbiq edilməsinin qanuni və əsaslı olması ilə yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğun olması nəticəsinə gəlir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, barəsində 08 (səkkiz) gün müddətinə inzibati həbs tətbiq edilməli və inzibati həbs müddətinin əvvəli 12 iyun 2022-ci il tarixdən, saat 03:30dan hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 08 (səkkiz) gün müddətinə inzibati həbs tətbiq edilsin. İnzibati həbs müddətinin əvvəli 12 iyun 2022-ci il tarixdən, saat 03:30-dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin inzibati həbs olunanların saxlanılma məntəqəsində saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №3(009)-988/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-988/2022
13.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver