Məhkəmə qərarları › İş №3(009)-988/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-988/2024

22.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-988/2024 22.05.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Şirməmmədova Günel Lətif qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxsin nümayəndəsi X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakları ilə, "xxxx" ASC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 375.0.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: "xxxx" ASC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 375.0.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair 08 aprel 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin Fərdi məlumatların mühafizəsi sektorunun baş məsləhətçisi X4 "xxxx" ASC barəsində tərtib edilmiş 08 aprel 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolu müdafiə edərək izahatında göstərmişdir ki, xidmət olaraq elektron informasiya sistemlərində baş verən fərdi məlumatlar üçün mühafizəyə dair pozuntularla məşğul olurlar və 06 aprel 2024-cü il tarixdə texniki əməkdaşlar tərəfindən aşkar edilmişdir ki, "xxxx" ASC-ə məxsus informasiya sistemində fərdi məlumatların təhlükəsiziliyi təmin olunmamışdır. Belə ki, müvafiq təhlükəsizlik tədbirləri təmin olunmadığı üçün sistemə girişi olan bir şəxs tərəfindən fərdi məlumatlar telegram kanalında yayılmışdır. Hansı ki, “insure.az” informasiya sistemində şəxslərin daşınmaz əmlak, icbari tibbi sığortası ilə bağlı məlumatları, habelə müqavilə və şəxsiyyət vəsiqəsi məlumatları qeyd edilir. Bu da “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanununun 10.1-ci maddəsinin pozuntusu deməkdir. Bundan sonra "xxxx" ASC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 375.0.2-ci maddəsinin pozuntusuna dair inzibati xəta haqqında protokol tərtib edilmişdir. Göstərilənlərə əsasən "xxxx" ASC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 375.0.2-ci maddəsinə əsasən qanuni tədbirlər görülməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs "xxxx" ASC-nin nümayəndəsi X3 inzibati xəta haqqında protokola etiraz edərək izahatında göstərmişdir ki, “insure.az” informasiya sistemi "xxxx" ASC-ə məxsus deyildir. Şirkət sadəcə olaraq istifadəçisidir. “İnsure.az” isə müstəqil hüquqi şəxsə məxsus olan informasiya sistemidir və təxminən 6-7 sığorta şirkəti həmin informasiya sistemi vasitəsilə öz əməliyyatlarını icra edir.Həmçinin qeyd edilən telegram kanalında paylaşılan parol "xxxx" ASC tərəfindən müəyyən edilmiş parol deyil. Belə ki, parol alt sistemin paroludur, yəni “insure.az”-ın öz əməkdaşları üçün olan paroldur. Və həmin 6-7 şirkətin sistemə giriş parolu eynidir. “İnsure.az”-dan işdən çıxan bir nəfər əməkdaş acıqlandığı üçün həmin parolu paylaşmışdır. İş üzrə təqsirli olmadıqlarını nəzərə alaraq icraata xitam verilməsini xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, "xxxx" ASC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 375.0.2-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. İş materiallarında olan Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti tərəfindən tərtib edilmiş dair 08 aprel 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, "xxxx" ASC-ə məxsus “İnsure.az” informasiya sistemində (internet ünvanı:insure.agroup.az/insureaz/v2/loginuser.aspx) fərdi məlumatların mühafizəsi təmin edilməmişdir. Bununla da "xxxx" ASC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 375.0.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. İş materiallarında olan portaldan çıxarışdan görünür ki, “a-group.az” domeni, "xxxx" ASC-ə məxsusdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(006)-1413/2024 saylı Qərardadı ilə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti tərəfindən "xxxx" ASC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 375.0.2-ci maddəsi üzrə tərtib olunmuş 08 aprel 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, "xxxx" ASC tərəfindən fərdi məlumatların mühafizəsi və təhlükəsizlik tədbirləri təmin olunmamışdır. Bununla da, "xxxx" ASC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 375.0.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanununun 10.1-ci maddəsinə əsasən fərdi məlumatların toplanılması və işlənilməsi zamanı mülkiyyətçinin vəzifələri fərdi məlumatların toplanılmasının və işlənilməsinin qanuniliyini və təhlükəsizliyini təmin etməkdən ibarətdir. Fərdi məlumatların toplanılması və işlənilməsi, həmin məlumatların mühafizəsinin tam təmin olunmaması nəticəsində subyektə dəyən maddi və mənəvi ziyan və onun həcmi məhkəmə tərəfindən müəyyən edilir, qanunvericilikdə nəzərdə tutulmuş qaydada mülkiyyətçi tərəfindən ödənilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 375.0.2-ci maddəsinə əsasən fərdi məlumatların mülkiyyətçisi və ya operatoru tərəfindən fərdi məlumatların mühafizəsinin təmin olunmamasına, “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tələb olunduğu hallarda və müddətlərdə fərdi məlumatların məhv edilməməsinə, yaxud fərdi məlumatların toplanılmasının, işlənilməsinin və ya verilməsinin dayandırılmamasına görə- üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini və işin digər hallarını nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, "xxxx" ASC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 375.0.2-ci maddəsinin sanksiyası həddində müəyyən məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 18, 40, 43, 114-115 və 375.0.2-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: "xxxx" ASC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 375.0.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə tətbiq edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar