Məhkəmə qərarları › İş №3(009)-991/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №3(009)-991/2024

25.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(009)-991/2024 25.04.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Səbail Rayon Məhkəməsinin hakimi Səmədova Günel Kamil qızı Nəsibov Pərviz Novruz oğlunun katibliyi ilə, Səbail Rayon Pİ-nin 9-cu polis bölməsi polis sahə inspektoru X1, Zərərçəkmiş Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X4 iştirakı ilə, Azərbaycan Respublikası DİN Bakı şəhər Səbail rayon Polis İdarəsinin 9-cu Polis Bölməsindən daxil olmuş X4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq MÜƏYYƏN ETDİM: X4 Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 9-cu PB tərəfindən tərtib edilmiş 25 aprel 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilmişdir. 25 aprel 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X2.az saytında elan yerləşdirib Zərərçəkmiş şəxs qarşı 500 AZN dələduzluq etmiş bununla da, Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən Səbail Rayon Polis İdarəsinin 9-cu PB-nin polis sahə inspektoru X3 protokolu müdafiə edərək X6 barəsində qanuni tədbirlər görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs ona dəymiş ziyan 500 manat təşkil etdiyini, X5 birinci dəfə məhkəmə zalında gördüyünü və tanımadığı bildirmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X6 zərərçəkmişi tanımadığını, özünü bu işdə təqsirli bilmədiyini bildirərək bunun nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında 26 noyabr 2023-cü il tarixli qərardan görünür ki X4 əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə işi araşdıraraq hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X4 təqsirini sübüta yetirən heç bir dəlil iş materiallarına əlavə edilməmişdir. Habelə Zərərçəkmiş şəxs məhkəmədə verdiyi ifadəsində X5 tanımadığı bildirmişdir. Odur ki, inzibati iş üzrə icraat natamam şəkildə aparılaraq məhkəməyə təqdim edilmişdir. Bununla da, protokol tərtib etmiş səlahiyyətli orqan tərəfindən yol verilmiş yuxarıda sadalanan nöqsanlar və işdə olan natamamlıqlar ucbatından məhkəmə tərəfindən X4 inzibati məsuliyyətə cəlb edilib-edilməməsi və ya onun barəsində başlanmış inzibati iş üzrə icraata xitam verilməsi üçün əsasların olub-olmaması məsələsinin həlli istiqamətində müəyyən nəticəyə gəlmək mümkün olmamışdır. İşə məhkəmədə baxılarkən qeyd olunan nöqsanlar və natamamlıqların aradan qaldırılması mümkün olmamışdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılmadan geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə -yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Qeyd: Bu Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 100.5-ci maddəsinə əsasən protokol ciddi hesabat sənədi olmaqla, nömrələnmiş blanklarda tərtib olunur. Protokolun forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.1. protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. Azərbaycan Respublikası İXM-nin 106-cı maddəsinin tələblərinə görə hakim inzibati xəta haqqında işi baxılmağa hazırlayarkən inzibati xəta haqqında protokolun və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilmədiyini, işin icraatını rədd edən halların mövcud olub-olmadığını, mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanıb-toplanmadığını və işə baxılmasının yeri və vaxtı barədə işdə iştirak edən şəxslərin məlumatlandırılıb-məlumatlandırılmadığını araşdırmalıdır. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması üçün əsasdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X4 Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər natamam olduğundan Azərbaycan Respublikası Səbail Rayon Polis İdarəsinin 9-cu PB-nə qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100,106,109 və 118-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinə qaytarılsın. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar