Məhkəmə qərarları › İş №3(010)-100/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-100/2021

21.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-100/2021 21.01.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məsləhətçi Əlizadə Yasin Lətif oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X6 və icra sənədi üzrə tələbkar X2 iştirakı ilə, Şəxs, xx xxxx 1978-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx, boşanmış, iki azyaşlı uşağı olan, “Alca” Məhdud Məsuliyyətli Cəmiyyətində işləyən, Bakı şəhəri, Suraxanı rayonu, Balandin küçəsi, 42 nömrəli ünvanda qeydiyyatda olan, Sumqayıt şəhəri, 21-ci mikrorayon, Aşıq Ələsgər küçəsi, 6 nömrəli evdə yaşayan, barəsində Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: xx xxxxxx 2021-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X9 tərəfindən Şəxs Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(010)-7655/2018 nömrəli qətnaməsinə dair icra sənədi üzrə yaranmış 3.530 manat məbləğində aliment borcunu üzrsüz səbəbdən icra etməməsinə görə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Şəxs bildirdi ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(010)-7655/2018 nömrəli qətnaməsinə əsasən ondan xx xxxxxx 2018-ci il tarixdən başlayaraq, xx xxxxxx 2014-cü il təvəllüdlü X7 və xx xxxx 2017-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılmalarına görə hər ay, hər bir uşaq üçün 160 manat sabit pul məbləğində aliment tutularaq X3 ödənilməlidir. Həmin icra sənədi üzrə o, mütəmadi olaraq ödənişlər etsə də, bu icra sənədinin icrasına yetərli olmamış və nəticədə onun aliment borcu yaranmışdır. O, məhkəmənin qərarına hörmətlə yanaşır, icra sənədinin icrasından qərəzli olaraq yayınmamışdır, sadəcə olaraq əvvəllər maddi imkanı aşağı olduğundan, son dövrlər isə koronavirus infeksiyası ilə əlaqədar ölkə ərazisində karantin rejimi elan olunduğundan işləmədiyinə görə aliment borcunu ödəyə bilməmişdir. Artıq o, “Alca” Məhdud Məsuliyyətli Cəmiyyətində işləyir və 566 manat maaş alır. Hazırda icra sənədi üzrə yaranmış aliment borcundan tələbkara ümumilikdə 1.000 manat ödəniş etmişdir. Bundan sonra icra sənədi üzrə yaranmış aliment borcunu tam olaraq ödəmək üçün əlindən gələni edəcəkdir. Sonda Şəxs məhkəmədən qeyd etdiklərini nəzərə alaraq inzibati məsuliyyətdən azad edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İnzibati xəta törədilməsi haqqında protokolu tərtib etmiş icra məmuru X9 məhkəmədə bildirdi ki, icra sənədi üzrə müvafiq qaydada icraata başlanılmış, bu barədə qərar və tələbin icrasına dair bildiriş borcluya göndərilmiş, həmçinin şəxsən təqdim edilmişdir. İcra sənədi üzrə aliment borcunun ödənilməsinin məcburi qaydada təmin edilməsi istiqamətində Şəxs məxsus əmlaka yönəldilməsi məqsədi ilə müvafiq əmlak sorğuları verilmiş və tədbirlər görülmüş, lakin onun adında tələbin yönəldilə biləcəyi dövlət qeydiyyatından keçən daşınar və ya daşınmaz əmlak aşkar edilməmişdir. Borclunun izahatları alınarkən ondan borcun ödənilməsinin tələb edilməsinə baxmayaraq tələb hazıradək təmin olunmamışdır. Dəfələrlə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tələbləri izah olunmaqla inzibati məsuliyyəti barədə xəbərdarlıqlar edilmiş, hətta 2019-cu il tarixdə eyni tələbə görə 10 gün müddətinə inzibati qaydada həbs olunmuşdur. Bununla belə borclu aliment borcunun ödənilməsini hal-hazıradək təmin etməmişdir. Borclu Şəxs hazıradək cəmi 3.530 manat aliment borcu mövcuddur. Borclu Şəxs icra sənədinin verilməsindən uzun müddətin keçməsinə baxmayaraq aliment ödəməkdən yayınmış, görülən məcburi icra və məsuliyyətə cəlb etmə tədbirlərindən heç bir nəticə çıxarmamış, hazıradək mövcud olan 3.530 manat borcunu ödəməməklə icra məmuru kimi onun qanuni tələblərini icra etməmiş, onun çağırışlarına gəlməkdən boyun qaçırmışdır. Bu hərəkətlər isə borclunun qərəzli olduğunu göstərməklə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi üzrə inzibati məsuliyyətə cəlb olunması üçün kifayət qədər əsaslar yaratmışdır. Buna görə də icra sənədinin icrasının təmin edilməsinə nail olmaq məqsədilə borclu Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib etmişdir. Borclu yalnız barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola məhkəmədə baxıldığı zaman tələbkara 1.000 manat ödəniş etmişdir. Məhkəmə iclasında icra sənədi üzrə tələbkar X4 göstərdi ki, Şəxs xx xxxxxx 2018-ci il tarixdən başlayaraq, xx xxxxxx 2014-cü il təvəllüdlü X7 və xx xxxx 2017-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılmalarına görə hər ay, hər bir uşaq üçün 160 manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməlidir. Lakin borclu müxtəlif bəhanələr gətirərək vaxtı-vaxtında uşaqlarına aliment ödəmir və nəticədə 3.530 manat aliment borcu yaranmışdır. Hal-hazırda borclu onun kart hesabına 1.000 manat ödəniş etmişdir. O, borclunun tutulmasının tərəfdarı deyil, sadəcə olaraq alimentin mütəmadi olaraq vaxtında ödənilməsini istəyir. Sonda Y.F.Rəhimova, borclu barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi və icra sənədi üzrə tələbkarı dinləyərək, məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığına görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(010)-7655/2018 nömrəli qətnaməsinə dair icra sənədindən görünür ki, Şəxs xx xxxxxx 2018-ci il tarixdən başlayaraq, xx xxxxxx 2014-cü il təvəllüdlü X7 və xx xxxx 2017-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılmalarına görə hər ay, hər bir uşaq üçün 160 manat sabit pul məbləğində aliment tutularaq X3 ödənilməlidir. İş materialarına əlavə edilmiş icraata başlamaq haqqında Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 xx xxxxxx 2019-cu il tarixli qərarından, tələbin könüllü icrası haqqında eyni tarixli bildirişdən və onların üzərindəki qeydlərdən görünür ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(010)- 7655/2018 nömrəli qətnaməsinə dair icra sənədi üzrə icraata xx xxxxxx 2019-cu il tarixdə başlanılmış, borclu Şəxs 10 gün müddətində icranı könüllü olaraq təmin etməsi təklif edilmiş, göstərilən müddət ərzində tələbi üzrsüz səbəbdən icra etməyəcəyi təqdirdə icranın məcburi qaydada təmin ediləcəyi, həmçinin “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 78, 79 və 81-ci maddələrinə müvafiq olaraq icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı bildirilmiş, icraata başlamaq haqqında qərar, tələbin könüllü icrası haqqında bildirişlə birlikdə Şəxs xx xxxxxx 2019-cu il tarixdə şəxsən təqdim edilmişdir. İş materiallarında olan ödəniş qəbzlərindən görünür ki, borclu Şəxs icra sənədi üzrə tələbkar X3 xx xxxxxx 2020-ci il tarixdə 600 manat, xx xxxxxx 2020-ci il tarixdə isə 400 manat olmaqla cəmi 1.000 manat pul vəsaiti ödəmişdir. İş materiallarında olan borclu Şəxs Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsində və məhkəmə iclasında verdiyi izahatlarından müəyyən olunur ki, o, “Alca” Məhdud Məsuliyyətli Cəmiyyətində işləyir və əmək haqqı 566 manat təşkil edir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 44.1-ci maddəsinə əsasən həmin Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi və könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqi üçün əsasları təşkil edir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 43.1-ci maddəsinə görə borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi, tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi, tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi, icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi məcburi icra tədbirləridir. Həmin Qanunun 63.1, 63.1.1-63.1.3-cü maddələrinə əsasən tələbin borclunun əmək haqqına və digər gəlirlərinə yönəldilməsinə vaxtaşırı ödəmələrin tutulması haqqında icra sənədləri icra edildiyi, icra sənədində göstərilən tələb üzrə tutulmalı olan məbləğin həcmi bu Qanunun 65-ci maddəsində müəyyən edilmiş miqdardan artıq olmadığı və tələbin tam ödənilməsi üçün borclunun əmlakı olmadıqda və ya onun əmlakı kifayət etmədiyi hallarda yol verilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 65.1-ci maddəsinə əsasən icra sənədi icra edilərkən borclunun əmək haqqından və ona bərabər sayılan digər gəlirlərindən tutmaların məbləği 50 faizdən çox ola bilməz. Həmin Qanunun 65.2-ci maddəsinə əsasən tələb, bir neçə icra sənədi üzrə borclunun əmək haqqına və ona bərabər sayılan digər gəlirlərinə yönəldildikdə, qazancın 50 faizi borcluda qalmalıdır. Həmin Qanunun 65.3-cü maddəsinə əsasən alimentlərin tutulması, sağlamlığa vurulmuş ziyanın ödənilməsi, ailəni dolandıranın itkisi nəticəsində zərər çəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsi və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsi zamanı bu Qanunun 65.1-ci və 65.2-ci maddələri ilə müəyyən edilmiş məhdudiyyətlər tətbiq edilmir. Belə hallarda əmək haqqından və ona bərabər sayılan digər gəlirlərdən tutmaların məbləği 70 faizdən çox ola bilməz. İnzibati xəta hqqqında işin məhkəmə baxışı zamanı müəyyən edildi ki, Şəxs Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(010)-7655/2018 nömrəli qətnaməsinə dair icra sənədi üzrə 3.530 manat aliment borcundan tələbkar X3 1.000 manat ödəmiş, habelə Şəxs “Alca” Məhdud Məsuliyyətli Cəmiyyətində işləməsinə və 566 manat əmək haqqı almasına baxmayaraq, icra məmuru tərəfindən tutma, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 65.3-cü maddəsinin tələblərinə əsasən borclunun həmin əmək haqqına yönədilməmiş, icra sənədinin icrası Şəxs məlum olmayan əmlakı hesabına icra edilməsi borcludan tələb edilmişdir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin dispozisiyasından görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə borclu Şəxs Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(010)-7655/2018 nömrəli qətnaməsinə dair icra sənədi üzrə mütəmadi olaraq ödənişlər etdiyini, barəsində inzibati protokol tərtib edildikdən sonra isə 3.530 manat aliment borcundan tələbkar X3 1.000 manat, yəni borcunun təxminən 1/3-ni ödədiyini, habelə Şəxs “Alca” Məhdud Məsuliyyətli Cəmiyyətində işləməsinə və 566 manat əmək haqqı almasına baxmayaraq, icra məmuru tərəfindən tutmanın “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 65.3-cü maddəsinin tələblərinə əsasən borclunun həmin əmək haqqına yönədilmədiyini nəzərə alaraq hesab edir ki, Şəxs icra sənədi üzrə borcundan mütəmadi ödənişlər etdiyi, bununla da icra sənədinin icrası üçün real hərəkətlər etdiyi, icra məmuru tərəfindən isə öz növbəsində tutmanın “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 65.3-cü maddəsinin tələblərinə əsasən borclunun əmək haqqına yönədilmədiyi halda borclunun əməlinin sözügedən icra sənədinin icrasından qərəzli olaraq boyun qaçırması kimi tövsif edilməsi və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibinin bütün əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs qismində təqsirli hesab edilməsi yol verilməzdir. Bununla da Şəxs Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(010)-7655/2018 nömrəli qətnaməsi üzrə icra sənədini üzrsüz səbəbdən icra etməməsi sübuta yetirilmir. Beləliklə, işdə olan sübutlarla Şəxs əməlində inzibati xəta tərkibi olmadığı müəyyən edildiyindən onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4, 114.2 və 114.2.1-ci maddələrinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 53.0 və 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 105.1, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Əməlində inzibati xəta tərkibi olmadığına görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar