Məhkəmə qərarları › İş №3(010)-1000/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1000/2021

06.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1000/2021 06.09.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Suraxanı Rayon Məhkəməsinin hakimi İbrahimov Anar Firdovsi oğlunun, Hacıyev Gündüz Nizami oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X2 iştirakı ilə, Suraxanı rayon DYPŞ-nin vəzifəli şəxsinin 19.07.2020-ci il tarixli TP seriyalı ******* nömrəli qərarından X4 tərəfindən verilmiş şikayətə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Suraxanı rayon DYPŞ-nin vəzifəli şəxsinin 19.07.2020-ci tarixli TP seriyalı ******* nömrəli qərarı ilə X4 Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə təqsirli bilinib 200 manat miqdarında cərimə edilmişdir. Həmin qərar inzibati xəta haqqında iş üzrə 18.07.2020-ci il tarixli İXP seriyalı ******* nömrəli protokol əsasında verilib. Qərara əsasən X4 18.07.2020-ci ildə saat 18:26-da Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, R.Şahsuvarov küçəsi, ev 11, mənzil 24 ərazisində Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş, yəni epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin tələblərini pozmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X4 şikayətlə məhkəməyə müraciət edərək, Suraxanı rayon DYPŞ-nin vəzifəli şəxsinin 19.07.2020-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X4 şikayət ərizəsində yazılanlara uyğun izahat verərək bildirmişdir ki, Suraxanı rayon DYPŞ Yol Patrul Xidmətinin 19.07.2020-ci il tarixli, TP ******* saylı İnzibati xətaya dair qərarı ilə o, Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXMnin 211.1-ci maddəsi Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə cərimə təqdim olunur. Lakin qərarda onun tərəfindən məhz hansı rejimi pozmağı, yəni törədilmiş inzibati xətanın konkret nədən ibarət olması göstərilməmişdir. Belə ki, həmin qərar qəbul edilərkən onun məlumatı olmamışdır. Suraxanı rayon DYPŞ-nin qərarı 19.07.2020-ci il tarixdə qəbul edilsə də,həmin qərar barədə onun məlumatı olmamış, o, həmin qərarı 29.07.2021-ci ildə aldıqda xəbər tutmuşdur. Həmin qərarı almağına səbəb isə onun cərimələri barədə məlumat almaq üçün «X5» daxil olan zaman cərimənin məbləğini görməyi olmuşdur. Həmin vaxta qədər onun nə qərar, nə də protokol barədə məlumatı olmamışdır.Lakin, Suraxanı rayon DYPŞ Yol Patrul Xidməti tərəfindən qanun normalarının tələbləri pozulmuşdur. Suraxanı rayon DYPŞ Yol Patrul Xidmətində işə baxılan zaman o, dəvət olunmamış, işə heç bir əsas olmadan onun iştirakı olmadan baxılmışdır. Bununla da, onun həmin inzibati xəta haqqında iş üzrə icraatda özünü müdafiə etmək hüququ pozulmuşdur. O, evdən çıxmalı olduğu təqdirdə qanuna uyğun olaraq hər zaman icazəsi olmuş, hər zaman da maskadan istifadə etmişdir. Göstərilənlərə əsasən məhkəmədən barəsində qəbul olunmuş Suraxanı rayon DYPŞ-nin vəzifəli şəxsinin 19.07.2020-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv ediilərək, şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə tərəfindən X2 şikayət ərizəsinə baxılması 23.08.2021-ci il tarixə saat 1000-a təyin edilməsi barədə və İXP seriyalı ******* saylı 18.07.2020-ci il tarixli protokolu tərtib etmiş inspektorun məhkəmə iclasında iştirakının təmin edilməsi, həmçinin yaranmış zərurətlə əlaqədar olaraq qeyd edilən protokola dair sübutların məhkəməyə təqdim edilməsi barədə Suraxanı rayon Polis İdarəsinə rəsmi məhkəmə bildirişi göndərilmişdir. Lakin Suraxanı rayon Polis İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iclasda iştirak etməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmiş və iş üzrə sübutlar məhkəməyə təqdim edilməmişdir. 23 avqust 2021-ci il tarixində keçirilən məhkəmə iclası təxirə salınaraq, X2 şikayət ərizəsinə baxılması 06.09.2021-ci il tarixə saat 1000-a təyin edilməsi barədə və İXP seriyalı ******* saylı 18.07.2020-ci il tarixli protokolu tərtib etmiş inspektorun məhkəmə iclasında iştirakının təmin edilməsi, həmçinin yaranmış zərurətlə əlaqədar olaraq qeyd edilən protokola dair sübutların məhkəməyə təqdim edilməsi barədə Suraxanı rayon Polis İdarəsinə təkrarən rəsmi məhkəmə bildirişi göndərilmişdir. Lakin Suraxanı rayon Polis İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iclasda iştirak etməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmiş, həmçinin, İXP seriyalı ******* saylı 18.07.2020-ci il tarixli protokol üzrə çıxarılmış qərarın qəbul edilməsinə əsas olan sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə ərizəyə Suraxanı rayon Polis İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarını nəzərdən keçirərək, məhkəmə belə qənaətə gəlir ki, şikayət təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Suraxanı rayon DYPŞ-nin vəzifəli şəxsinin 19.07.2020-ci il tarixli qərarından görünür ki, X4 18.07.2020-ci il tarixdə, saat 18:26-da Hövsan qəsəbə ərazisində Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş, yəni epidemiya əleyhinə rejimin, sanitariyagigiyena və karantin rejimlərinin tələblərini pozmuşdur.X6 Mikayıl 200 manat məbləğində cərimə edilmişdir. Lakin həmin qərarda X2 tərəfindən məhz hansı rejimi pozmağı, yəni törədilmiş inzibati xətanın konkret nədən ibarət olması göstərilməmişdir. X1 epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin tələblərini hansı səbəbdən pozması müəyyən olunmur. Azərbaycan Respublikası İXM-nin təqsirsizlik prezumpsiyası prinsipi məsələlərini tənzimləyən 8-ci maddəsinə əsasən «8.1. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir». Göründüyü kimi, şəxsin təqsirli olması halını sübuta yetirmək vəzifəsi müvafiq səlahiyyətə malik orqanın (vəzifəli şəxsin) üzərinə düşür. Azərbaycan Respublikası İXM-nin yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə məhkəmə iclasında işin faktiki halları araşdırılarkən müəyyən edildi ki, X2 Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə nəzərdə tutulan əməli törətməsi təsdiq edilməmiş, iş üzrə bütün sübutlar əldə edilib araşdırılmamış, həmin şəxsin İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair qəti nəticəyə gəlinməyə tam əsas yaradan işin bütün faktiki halları aydınlaşdırılmamış, İXM-də müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Bununla da, X2 Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsində və İnsan Hüquqlarının və X3 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 6-cı maddəsində təsbit edilmiş ədalətli məhkəmə araşdırması hüququ pozulmuşdur. Belə ki, Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Engel və başqaları Niderlanda qarşı işdə və bir sıra digər presedentlərində (Meneşeva Rusiyaya qarşı və s.) İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi daxili qanunvericilikdə olan təsnifatdan asılı olmayaraq, bir sıra hallarda (əməlin xarakteri və mümkün cəzanın ağırlığı və s.) inzibati xətalar haqqında işləri cinayət ittihamına bərabər saymışdır. Salduz Türkiyəyə qarşı işdə Avropa Məhkəməsi Avropa Konvensiyasının 6-cı maddəndə təsbit olunmuş təminatları işin məhkəməyəqədərki araşdırma mərhələsinə də aid etmişdir. Bakı şəhər Suraxanı Polis İdarəsi məhkəməyə İXP seriyalı ******* saylı 18.07.2020-ci il tarixli protokol üzrə çıxarılmış qərarın qəbul edilməsinə əsas olan sübutları təqdim etməyib. Beləliklə, mövcud vəziyyətdə X2 Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi halı sübuta yetirilmir. Azərbaycan Respublikası İXM-nin 135.1.1-ci maddəsinə əsasən «hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması» inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. Məhkəmə hesab edir ki, X2 dəlillərinin aidiyyəti sübutlarla əlaqəli şəkildə araşdırılmaması iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması anlamına gəlir. Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinə əsasən «bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında» qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 134 – 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : Şikayət təmin olunsun. X2 Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə təqsirli bilinib 200 manat miqdarında cərimə olunması ilə bağlı Suraxanı rayon DYPŞ-nin vəzifəli şəxsinin 19.07.2020-ci tarixli TP seriyalı ******* nömrəli qərarı ləğv edilsin və hazırkı qərarın surəti müvafiq inzibati xəta haqqında işə yenidən baxılması üçün Bakı şəhər Suraxanı DYPŞnə göndərilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan etibarən 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Anar İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar