Məhkəmə qərarları › İş №3(010)-1005/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1005/2021

03.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1005/2021 03.08.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi Qənbərov Rüstəm İmamverdi oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X7, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icra məmuru X8 və tələbkar X3 iştirakı ilə, X7, xx xxxxxx 1973-cü ildə Ağsu rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx, orta təhsilli, evli, heç yerdə işləməyən, Ağsu rayonu, Natəvan küçəsi, 9 nömrəli evdə qeydiyyatda olmaqla Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 1 saylı Zeytun sovxozu, İ.Məmmədov küçəsində nömrəsiz evdə yaşayan, barəsində Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 20 avqust 2019-cu il tarixli, 2(010)- 3795/2019 nömrəli qətnaməsinə dair icra sənədinə əsasən X5 cəmi 10.530 manat məbləğində vəsait X3 xeyrinə tutulmalıdır. Həmin icra sənədinin icrasını həyata keçirən Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icra məmuru tərəfindən X5 dəfələrlə icra sənədinin icra edilməsi tələb olunsa da, X11 icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək, üzrsüz səbəbdən icra sənədini icra etməmişdir. Buna görə də X11 barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında X11 inzibati xəta törədilməsi haqqında protokolda göstərilən xüsusatları təsdiq etməyərək göstərdi ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 20 avqust 2019-cu il tarixli, 2(010)-3795/2019 nömrəli qətnaməsi qəbul edilənədək X1 cəmi 2.000 manat borcu qalmışdır. Həmin borcunu X4 olan qızıllarının qaytarılması müqabilində ödəməyə razı olsa da, sonuncu buna razılıq verməmişdir. Buna görə də o, ödənişlərini dayandırmışdır. Bundan sonra X9 10.530 manat məbləğində pul vəsaitinin tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. X1 qeyd edilən məbləğdə borcu yoxdur, çünki o, külli miqdarda faiz ödəmişdir. Bununla belə qızılları qaytarılacağı təqdirdə 2.000 manat pulu ödəməyə hazırdır. Hətta onda, tələbakara 2.000 manat borcunun olmasını təsdiq edən, sonuncu tərəfindən verilmiş qəbzin olmasına baxmayaraq bütün bunlar mülki işə baxılarkən məhkəmə tərəfindən nəzərə alınmamış və nəticədə məlum qətnamə qəbul edilmişdir. Eyni zamanda qeyd etdiklərini icra sənədinin icrasını həyata keçirən icra məmuruna da bildirmiş, icra məmuru isə ona, həmin qəbzin məhkəmə qərarına qədər olan tarixə aid olduğu, onun mötəbərliyinin məhkəmə tərəfindən təsdiq edilmədiyi izah edilmişdir. Beləliklə də icra məmuru icra sənədi üzrə borcun tam olaraq dərhal ödənilməsini tələb etmiş, lakin ona bunun qeyri-mümkün olduğunu bildirmişdir. X2 qeyd etdiklərini nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. İnzibati xəta törədilməsi haqqında protokolu tərtib etmiş icra məmuru X12 məhkəmədə bildirdi ki, icra sənədi 31 oktyabr 2019-cu il tarixdə Ağsu rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olduqdan sonra müvafiq qaydada icraata başlanılmış, borcluya icranı könüllü olaraq dərhal təmin etməsi təklif olunmuş və icraata başlamaq haqqında qərar bildirişlə birlikdə borcluya şəxsən təqdim edilmişdir. Sonradan isə borclunun qeyd edilən ünvanda yaşamadığı müəyyən edildiyindən icra sənədi aidiyyatı üzrə Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinə göndərilmişdir. İcra sənədinin icrası ilə əlaqədar borclu X11 17 avqust 2020-ci il, 17 sentyabr 2020-ci il və 03 avqust 2021-ci tarixlərdə şöbəyə dəvət olunaraq izahatı alınmış, eyni zamanda icra sənədini icra etməyəcəyi təqdirdə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyəti barədə xəbərdar olunmuşdur. Lakin borclu izahatlarında tələbkara 2.000 manat borcunun olduğunu bildirmişdir. Tələb borclu tərəfindən könüllü icra müddətində təmin edilmədiyindən onun əmlak vəziyyəti yoxlanılmış, lakin borclunun adına tələbin yönəldilə biləcəyi heç bir əmlak aşkar olunmamışdır. Göründüyü kimi borclu bir icra məmuru kimi onun qanuni tələblərini yerinə yetirməyərək icra sənədi üzrə yaranmış borcunu ödəməmişdir. Bu səbəbdən də məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi bu günə kimi icra olunmamışdır. Buna görə də icra sənədinin icrasının təmin edilməsinə nail olmaq məqsədilə X.Ş.Şamilovanın barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib etmişdir. İcra sənədi üzrə tələbkar X9 məhkəmədə bildirdi ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 24 sentyabr 2019-cu il tarixli, 2(010)-3795/2019 nömrəli qətnaməsinə dair icra sənədinə əsasən borclu X5 cəmi 10.530 manat məbləğində pul vəsaiti onun xeyrinə tutulmalıdır. Lakin borclu müxtəlif bəhanələr gətirərək, icra sənədini icra etməkdən boyun qaçırır. Buna görə də icra məmuruna müraciət edərək icra sənədinin icrasının təmin edilməsi məqsədilə müvafiq tədbirlər görülməsini xahiş etmişdir. Lakin bütün bunların heç bir nəticəsi olmamış, belə ki, borclu bugünədək onun xeyrinə heç bir ödəniş etməmişdir. Sonda icra sənədi üzrə tələbkar X9 borc məbləğinin birdəfəlik ödənilməsini, əks təqdirdə borclu X5 şikayətçi olduğunu və onun barəsində həbs növündə inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi və icra sənədi üzrə tələbkarı dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla X7 inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, iş materiallarında olan Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 20 avqust 2019-cu il tarixli, 2(010)-3795/2019 nömrəli qətnaməsinə dair icra sənədinə əsasən borclu X5 cəmi 10.530 manat məbləğində vəsait X3 xeyrinə tutulmalıdır. İş materialarına əlavə edilmiş icraata başlamaq haqqında 31 oktyabr 2019-cu il tarixli qərardan və onun üzərindəki qeyddən görünür ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 20 avqust 2019-cu il tarixli, 2(010)-3795/2019 nömrəli qətnaməsinə dair icra sənədi üzrə Ağsu rayon İcra və Probasiya Şöbəsində icraata başlanılmış, borclu X10 icranı könüllü olaraq dərhal təmin etməsi təklif olunmuş və həmin qərarın surəti, tələbin könüllü icrası haqqında bildirişlə birlikdə X10 03 mart 2020-ci il tarixdə şəxsən təqdim edilmişdir. İş materiallarına əlavə edilmiş tələbin könüllü icrası haqqında 31 oktyabr 2019-cu il tarixli bildirişdən görünür ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 20 avqust 2019-cu il tarixli, 2(010)-3795/2019 nömrəli qətnaməsinə dair icra sənədində göstərilən tələbin dərhal könüllü icra olunması X5 xahiş olunmuş, göstərilən müddət ərzində tələbi üzrsüz səbəbdən icra etməyəcəyi təqdirdə icranın məcburi qaydada təmin ediləcəyi, həmçinin “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 78, 79 və 81-ci maddələrinə müvafiq olaraq icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı bildirilmişdir. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, X7 şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. İş üzrə X7 məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə işin hallarını nəzərə alaraq, hesab edir ki, X10 cərimə növündə inzibati tənbeh kifayət edir və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 55, 114- 115, 128-132-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X11 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 500 (beş yüz) manat məbləğində cərimə tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar