Məhkəmə qərarları › İş №3(010)-1009/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1009/2021

24.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1009/2021 24.08.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi Qənbərov Rüstəm İmamverdi oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icra məmuru X3 iştirakı ilə, Şəxs, xx xxxxxxxx 1987-ci ildə Kəlbəcər rayonunun Qaşımlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx, orta təhsilli, subay, heç yerdə işləməyən, Kəlbəcər rayonunun Qaşımlı kəndində qeydiyyatda olan, əvvəllər Bakı şəhəri, Suraxanı rayonu, Yeni Ramana qəsəbəsi, “Buta Palace” yaxınlığında fərdi yaşayış evində məskunlaşmış, hal-hazırda Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 16 saylı cəzaçəkmə müəssisəsinin yaxınlığında fərdi yaşayış evində yaşayan, barəsində Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: 04 avqust 2021-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icra məmuru X6 tərəfindən Şəxs Kəlbəcər rayon Məhkəməsinin 16 mart 2018-ci il tarixli, 2(040)- 315/2018 nömrəli dair icra sənədi üzrə yaranmış 4.011 manat məbləğində aliment borcunu üzrsüz səbəbdən icra etməməsinə görə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Şəxs bildirdi ki, Kəlbəcər rayon Məhkəməsinin 16 mart 2018-ci il tarixli, 2(040)-315/2018 nömrəli icra sənədinə əsasən X7 ilə birgə nikahından doğulmuş azyaşlı uşağının saxlanılması üçün, həmin iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək, hər ay 100 manat sabit pul məbləğində müvəqqəti aliment ondan tutularaq X4 xeyrinə ödənilməlidir. X2 ona qarşı nikahın pozulması və aliment tələbinə dair iddiası Kəlbəcər rayon Məhkəməsinin 20 iyun 2018-ci il tarixli qərardadı ilə baxılmamış saxlanılmışdır. X7 və azyaşlı uşağı isə 2021-ci ilin may ayına kimi onunla birlikdə yaşamışlar. Buna baxmayaraq, icra məmuru yekun məhkəmə akt qəbul edildiyi dövrdən sonrakı aylar üzrə də ondan aliment ödəməyi tələb edir. Sonda Şəxs məhkəmədən qeyd etdiklərini nəzərə alaraq, inzibati məsuliyyətdən azad edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İnzibati xəta törədilməsi haqqında protokol tərtib etmiş icra məmuru X6 göstərdi ki, icra sənədi Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icraatına daxil olduqdan sonra müvafiq qaydada icraata başlanılmış, borcluya icranı könüllü olaraq təmin etməsi təklif olunmuş və icraata başlamaq haqqında qərar bildirişlə birlikdə borcluya göndərilmişdir. Eyni zamanda borclu icra sənədini icra etməyəcəyi təqdirdə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyəti barədə xəbərdar olunmuşdur. Lakin borclu qanunla müəyyən edilmiş müddət ərzində icranı könüllü olaraq təmin etməmişdir. Buna görə məcburi icra tədbirləri qismində tələbin borclunun bankda olan pul vəsaitlərinə və əmlakına yönəldilməsi məqsədilə müvafiq qurum və təşkilatlara sorğular verilmiş, lakin tələbin yönəldilə biləcək vəsait və ya əmlak aşkar edilməmişdir. Hal-hazırda borclunun icra sənədi üzrə borcu 4.011 manat təşkil edir. Göründüyü kimi borclu bir icra məmuru kimi onun qanuni tələblərini yerinə yetirməyərək icra sənədi üzrə yaranmış borcunu ödəməmişdir. Buna görə də icra sənədinin icrasının təmin edilməsinə nail olmaq məqsədilə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib etmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığına görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Kəlbəcər rayon Məhkəməsinin 16 mart 2018-ci il tarixli, 2(040)-315/2018 nömrəli icra vərəqəsindən görünür ki, Şəxs ilə X4 birgə nikahından 25 oktyabr 2016-cı ildə doğulmuş X1 üçün, həmin iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək, hər ay 100 manat sabit pul məbləğində müvəqqəti aliment Şəxs tutularaq X4 xeyrinə ödənilməlidir. Müvəqqəti alimentin tutulması 23 yanvar 2018-ci il tarixdən hesablanmış və həmin mülki iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək müəyyən edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi Şəxs məhkəmə iclasında təqdim etdiyi və iş materiallarına əlavə edilmiş Kəlbəcər rayon Məhkəməsinin 20 iyun 2018-ci il tarixli, 2(040)-315/2018 nömrəli qərardadından görünür ki, X4 Şəxs qarşı nikahın pozulması və aliment tələbinə dair iddiası baxılmamış saxlanılmışdır. 04 avqust 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs tərəfindən icra sənədi üzrə 189 manat ödəniş edilmiş, qalıq borc 4.011 manat təşkil edir. Beləliklə məhkəmə iclasında tədqiq edilmiş sübutlardan görünür ki, Kəlbəcər rayon Məhkəməsinin 16 mart 2018-ci il tarixli, 2(040)-315/2018 nömrəli icra sənədi ilə Şəxs tutulmalı olan müvəqqəti aliment 23 yanvar 2018-ci il tarixdən iş üzrə yekun məhkəmə aktı, Kəlbəcər rayon Məhkəməsinin qərardadının qəbul edildiyi 20 iyun 2018-ci il tarixədək müəyyən edilmişdir. Belə olan halda Şəxs təxminən 05 aya görə aliment borcu, ödənilmiş 189 manat nəzərə alınmasa (5x100-189=311) 311 manat təşkil etməli olduğu halda, icra məmuru Kəlbəcər rayon Məhkəməsinin 16 mart 2018-ci il tarixli, 2(040)-315/2018 nömrəli icra sənədi üzrə Şəxs 23 yanvar 2018-ci il tarixdən 23 iyul 2021-ci il tarixədək, yəni 42 aya görə 4.011 (42x100-189=4.011) manat aliment borcu hesablayaraq, həmin borcun ödənilməsini tələb etmişdir. Məhkəmə Kəlbəcər rayon Məhkəməsinin 16 mart 2018-ci il tarixli, 2(040)-315/2018 nömrəli icra sənədi üzrə 311 manat təşkil etməli olan aliment borcuna münasibətdə isə qeyd edir ki, X7 və azyaşlı uşağı 2021-ci ilin may ayına kimi Şəxs ilə birlikdə yaşadıqlarından və həmin müddət ərzində uşağın tələbatları atası Şəxs tərəfindən ödənildiyindən 311 manat vəsait ödənilməmiş aliment borcu kimi nəzərə alına bilməz. Məhkəmə Şəxs Kəlbəcər rayon Məhkəməsinin 16 mart 2018-ci il tarixli, 2(040)- 315/2018 nömrəli icra sənədi üzrə aliment borcunun 4.011 manat deyil, 311 manat təşkil etdiyini, X4 və azyaşlı uşağının 2021-ci ilin may ayına kimi Şəxs ilə birlikdə yaşadıqlarını, həmin müddət ərzində uşağın tələbatlarının Şəxs tərəfindən ödənildiyini nəzərə alaraq hesab edir ki, Şəxs əməlinin sözügedən icra sənədinin icrasından qərəzli olaraq boyun qaçırması kimi tövsif edilməsi və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibinin bütün əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs qismində təqsirli hesab edilməsi yol verilməzdir. Bununla da Şəxs Kəlbəcər rayon Məhkəməsinin 16 mart 2018-ci il tarixli, 2(040)- 315/2018 nömrəli qətnaməsinə dair icra sənədini üzrsüz səbəbdən icra etməməsi sübuta yetirilmir. Beləliklə, işdə olan sübutlarla Şəxs əməlində inzibati xəta tərkibi olmadığı müəyyən edildiyindən onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4, 114.2 və 114.2.1-ci maddələrinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 53.0 və 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 105.1, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Əməlində inzibati xəta tərkibi olmadığına görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar