Məhkəmə qərarları › İş №3(010)-1036/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №3(010)-1036/2020

12.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(010)-1036/2020 12.10.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi X1 oğlunun katibliyi ilə, Əliyev Yaqub Vəkil oğlunun, xx xxx 1982-ci ildə Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Püsyan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN 0XPDA1D, Bakı şəhəri, Nizami rayonu, Rüstəmov küçəsi, 60 nömrəli evin 41 nömrəli mənzilində qeydiyyatda olan Bakı şəhəri, Xətai rayonu, Q.Məmmədov küçəsi, 7a nömrəli evin 4 nömrəli mənzilində yaşayan, barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolun, onun əsasında qəbul edilmiş inzibati tənbeh tətbiq etmə haqqında qərarın ləğv edilməsi, ödənilmiş cərimənin geri qaytarılması və yol patrul xidməti inspektorlarının barələrində intizam tənbeh tədbirlərinin görülməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: xx xxxxxxxx 2020-ci il tarixdə Əliyev Yaqub Vəkil oğlunun barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolun, onun əsasında qəbul edilmiş inzibati tənbeh tətbiq etmə haqqında qərarın ləğv edilməsi, ödənilmiş cərimənin geri qaytarılması və yol patrul xidməti inspektorlarının barələrində intizam tənbeh tədbirlərinin görülməsinə dair şikayəti poçt vasitəsi ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə şikayət ərizəsini nəzərdən keçirərək hesab edir ki, Əliyev Yaqub Vəkil oğlu tərəfindən verilmiş şikayət ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından şikayət və ya protest - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Əliyev Yaqub Vəkil oğlu isə şikayət ərizəsinə Azərbaycan Respublikası İXM-nin 329.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın surətini əlavə etməmişdir. Bundan başqa, Azərbaycan Respublikası İXM-nin 129.1 və 129.1.3-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri , sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Şəxsin olduğu yer — onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür. Həmin Qanunun 5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə şəxsiyyət vəsiqəsini və yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi təqdim edilməlidir. Əliyev Yaqub Vəkil oğlu şikayətində faktiki olaraq Bakı şəhəri, Xətai rayonu, Q.Məmmədov küçəsi, 7a nömrəli evin 4 nömrəli mənzilində yaşadığını qeyd etmişdir. Bundan başqa, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 1-ci bəndinə əsasən yaşayış yeri Azərbaycan Respublikası vətəndaşı barədə — yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Şikayətə əlavə edilmiş AZE seriyalı, 18600329 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Y.V.Əliyevin yaşayış yeri Bakı şəhəri, Nizami rayonu, Rüstəmov küçəsi, 60 nömrəli evin 41 nömrəli mənzilidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətin və ya protestin baxılması zamanı hakim inzibati xəta haqqında icraatı rədd edən halların mövcudluğu məsələsini həll edir. Məhkəmə mübahisələndirilən inzibati tənbeh tətbiq etmə haqqında qərarın surətinin şikayətə əlavə edilmədiyini, habelə Y.V.Əliyevin inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından yaşayış yeri üzrə məhkəməyə şikayət verməli olduğu halda, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə şikayət ərizə ilə müraciət etdiyini nəzərə alaraq hesab edir ki, Əliyev Yaqub Vəkil oğlunun şikayəti geri qaytarılmalıdır. Bundan başqa, Azərbaycan Respublikası İXM-nin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Buna görə də məhkəmə hesab edir ki, Əliyev Yaqub Vəkil oğluna Azərbaycan Respublikası İXM-nin 329.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın surətini rəsmi qaydada aldıqdan sonra həmin qərardan 10 gün müddətində (yaşayış yeri haqqında arayışın sürətini şikayətinə əlavə etməklə) icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla yaşadığı, daimi yaşayış yeri üzrə rayon (şəhər) məhkəməsinə şikayət etmək hüququnun olduğu izah edilməlidir. Əliyev Yaqub Vəkil oğluna həmçinin, ödənilmiş cərimənin geri qaytarılması və yol patrul xidməti inspektorlarının barələrində intizam tənbeh tədbirlərinin görülməsi hissəsində şikayətinə baxmaq birinci instansiya məhkəməsinin səlahiyyətində olmadığından, barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan qanunvericiliyin tələbinə əsasən məhkəməyə müraciət etdikdən sonra şikayəti təmin ediləcəyi təqdirdə ödənilmiş cərimənin qaytarılması, yol patrul xidməti inspektorlarının barələrində intizam tənbeh tədbirlərinin görülməsi ilə əlaqədar olaraq isə barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan məhkəməyə şikayət edib-etməməsindən asılı olmayaraq Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə müraciət etmək hüququnun olduğu izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-132, 136 və 137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Əliyev Yaqub Vəkil oğlunun barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolun, onun əsasında qəbul edilmiş inzibati tənbeh tətbiq etmə haqqında qərarın ləğv edilməsi, ödənilmiş cərimənin geri qaytarılması və yol patrul xidməti inspektorlarının barələrində intizam tənbeh tədbirlərinin görülməsinə dair şikayəti geri qaytarılsın. Əliyev Yaqub Vəkil oğluna Azərbaycan Respublikası İXM-nin 329.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın surətini rəsmi qaydada aldıqdan sonra həmin qərardan 10 gün müddətində (yaşayış yeri haqqında arayışın sürətini şikayətinə əlavə etməklə) icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla yaşadığı, daimi yaşayış yeri üzrə rayon (şəhər) məhkəməsinə şikayət etmək, habelə barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan qanunvericiliyin tələbinə əsasən məhkəməyə müraciət etdikdən sonra şikayəti təmin ediləcəyi təqdirdə ödədiyi cərimənin qaytarılması, yol patrul xidməti inspektorlarının barələrində intizam tənbeh tədbirlərinin görülməsi ilə əlaqədar olaraq isə barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan məhkəməyə şikayət edib-etməməsindən asılı olmayaraq Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə müraciət etmək hüququnun olduğu izah edilsin. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardaddan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin Hakimi Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar