Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1052/2023 07.03.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi ilə, X1 iştirakı ilə, X2 Suraxanı Rayon Dövlət X7 inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli, İXP seriyalı, ******* saylı protokol əsasında qəbul edilmiş, 08 fevral 2023-cü il tarixli, TP seriyalı, ******* nömrəli qərarından verdiyi şikayətə məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X3 xx.xx.2023-cü il tarixli, İXP seriyalı, ******* saylı protokol əsasında qəbul edilmiş, 08 fevral 2023-cü il tarixli, TP seriyalı, ******* nömrəli qərarından verdiyi şikayət ilə məhkəməyə müraciət edərək bildirir ki, barəsində qəbul edilmiş 08 fevral 2023-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarı ləğv edilərək, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında X3 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü ildə həyat yoldaşına məxsus idarə etdiyi avtomobillə Bakı şəhəri, Suraxanı rayonu, Şir dairəsi yaxınlığı, “Bravo” supermarketin qarşısı ilə hərəkətdə olan zaman ona DYP əməkdaşı saxlama əmri vermişdir. Ona yaxınlaşan inspektor xidməti vəzifə borcunu düzgün və tam icra etmədən (özünü təqdim etmədən, səs cihazı istifadə etmədən və xidməti vəsiqəsini göstərmədən), ona qayda pozuntu törətdiyini irəli sürərək protokol tərtib etdi. Yazılan protokoldan həmin gün Asan Pay kabinet üzərindən şikayət təqdim etmişdir. Şikayəti əsasında onu Suraxanı Rayon DYPŞ-ya araşdırılma üçün dəvət etdilər. Həmin şöbəyə yaxınlaşdığı zaman heç bir araşdırılma aparılmadan, video-görüntülərə baxılmadan özünü təqdim etməyən şəxs, mülki formada olan şəxs tərəfindən protokol qüvvəyə mindirildi. Bundan sonra o, qeydiyyatı üzrə Xətai Rayon Məhkəməsinə müraciət etmiş, lakin həmin məhkəmənin qərarı ilə Suraxanı Rayon Məhkəməsinə yaxınlaşmalı olduğu bildirilmişdir. Hadisə zamanı ona yazılan protokolla razı deyildir, belə ki protokolda qeyd olunan 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələbini pozmamışdır. Həmin nişanlanma xətləri görülməz vəziyyətdədir. Maddi sübut kimi əlavə etdiyi foto-şəkildən də həmin ərazinin vəziyyəti aydın görünür. Odur ki, barəsində qəbul edilmiş 08 fevral 2023-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarı ləğv edilərək, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə Suraxanı Rayon X8 Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmasına baxmayaraq, nümayəndəsinin məhkəməyə gəlməməsinə qiymət verərək, Azərbaycan Respublikası İXM-nin 112.1.4-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə şikayətçinin izahatını dinləyib hesab edir ki, şikayət təmin olunması üçün əsaslıdır. İş materiallarında olan Suraxanı Rayon Dövlət X7 xx.xx.2023-cü il tarixli, İXP seriyalı, ******* saylı inzibati protokola əsasən X3 oğlu Azərbaycan Respublikası İXM-nin 327.4-cü maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir. Həmin protokol əsasında qəbul edilmiş 08 fevral 2023-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 oğlunun istifadəsində olan “SKODA FABİA” minik markalı **-OS-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “AB” massivi, 123 ünvanında hərəkətdə olarkən 1.1,1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməsi müəyyən edilmişdir. İş materiallarında olan AZE 17169714 nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, X3 oğlu ünvan 2 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası İXM-nin 327.4-cü maddəsinə əsasən, birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməyə, habelə 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməyə görə-yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.6-cı maddəsinə əsasən bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərar və onun əlavəsi (foto və ya video materiallar) inzibati xətanın törədildiyi gündən bir gün müddətində hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılan elektron kabinetdə yerləşdirilmədikdə, şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. Həmin Məcəllənin 57.6.1-ci maddəsinə əsasən Bu Məcəllənin 122.1-ci, 124.5-ci və ya 124.6-cı maddələrində nəzərdə tutulan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilən inzibati xəta haqqında iş üzrə qərar nəqliyyat vasitəsinin istifadəçisinin elektron kabinetində olan mobil telefon nömrəsinə inzibati xəta haqqında bu Məcəllənin 125.2.2-ci maddəsində nəzərdə tutulan qaydada SMS məlumat çatdırıldığı vaxtdan rəsmi qaydada verilmiş hesab olunur: Həmin Məcəllənin 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 -327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346.3, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Şəxs inzibati xəta törədilməsi ilə razılaşmamış, belə bir vəziyyətdə tərtib edilmiş protokol əsasında hər hansı bir digər sübut olmadan şəxs barədə inzibati tənbeh qərarı çıxarılmışdır. Şəxs protokolla razılaşdıqda, əlavə sübut toplamadan, əlavə sübut mövcud olmadan, yalnız həmin protokol əsasında şəxs inzibati məsuliyyətə cəlb edilə bilər. Lakin göründüyü kimi şəxs inzibati xəta törətməsi ilə razılaşmadığı şəraitdə, onun barəsində tərtib edilmiş protokol əsasında, səlahiyyətli orqan protokolda göstərilən əməlin şəxs tərəfindən törədilib-törədilməməsini, törədildiyi təqdirdə təqsirin mövcud olubolmadığıı müəyyən etmək üçün əlavə sübut toplamadan, həmin protokolla kifayətlənib, inzibati tənbeh qərarı çıxarmışdır. Şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, əlavə araşdırma aparmağa ehtiyac qalmır. Lakin razılaşmadıqda, onun inzibati xəta törətməsi sübutlarla təsdiqini tapmalıdır. Sübut toplamaq isə inzibati tənbeh vermiş səlahiyyətli orqanın üzərinə düşür. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən icra olunmaması, təqsirinin olub-olmaması sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. X5 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına, onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Məhkəmənin bu qənaəti İXM-nin aşağıdakı normaları ilə də təsdiq edilir. Belə ki, əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması üçün İXM-lə müəyyən edilmiş 4 əlamətin hər biri mövcud olmalıdır, yəni həmin əməllə İXM-lə qorunan ictimai münasibətlərə qəsd edilməli, əməl hüquqazidd olmalı, təqsirli sayılmalı (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olmalıdır. İXM-nin İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xətanın anlayışından bəhs edilən İXM-nin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Şəxsin hansı əməli törətməsi (harada, nə vaxt, necə, hansı üsulla, hansı hərəkət və ya hərəkətsizliklə), bu əməlin hansı sübutlarla müəyyən edilməsi və bu əməlin İXM-nin hansı maddəsi ilə inzibati xəta hesab edilməsi və həmin maddəyə görə tətbiq edilən inzibati tənbehi qərar qəbul etmiş səlahiyyətli orqan müəyyən etməlidir. Məhkəmə səlahiyyətli orqanın qərarını yoxlayarkən, həmin qərarda qeyd edilən əməlin harada, nə vaxt, necə, hansı üsulla, hansı hərəkət və ya hərəkətsizliklə törədilməsinin konkret hansı sübutla təsdiq edilməsini və məhz səlahiyyətli orqanın qərarında istinad etməli olduğu sübutlarla şəxs tərəfindən törədilib-törədilməməsini yoxlamalıdır. Qərarda konkret sübut göstərilmədiyi üçün məhkəmə belə bir qərarı İXM- nin tələblərinə uyğun çıxarılmış araşdırılmanın nəticəsi olan qərar kimi hesab edə bilməz. İnzibati xətalar məcəlləsinin məqsədi inzibati xəta hadisələrinin qarşısının alınması və şəxsləri inzibati xəta törətməkdən çəkindirmək məqsədi daşıyır. Məhkəmə hesab edir ki, səlahiyyətli orqanın qərar qəbul edərkən, şəxsin qərarda mövcud olmayan və istinad edilməmiş hər hansı bir qeyri-müəyyən sübutla inzibati xətaya səbəb olan əməli törədib-törətməməsini məhkəmə öz mülahizəsinə əsasən müəyyən edə bilməz. Həmin protokoldakı əməlin şəxs tərəfindən törədilməsini təsdiq edən İXM-nin 76-cı maddəsində sadalanmış digər sübut növləri mövcud olmalıdır. Lakin iş üzrə məhkəməyə belə bir sübut səlahiyyətli orqan tərəfindən təqdim edilməmişdir. Çünki məhkəmə hazırkı işə baxılması ilə əlaqədar şəxsin təqsirini müəyyən edən sübutları qərar qəbul etmiş səlahiyyətli orqandan tələb etmiş, lakin məhkəməyə əlavə hər hansı bir sübut təqdim edilməmişdir. Ona görə də əməlin mövcudluğu ilə razılaşmadığı şəraitdə tərtib edilmiş mübahisəli protokol əsasında, digər hər hansı bir sübut olmadığı şəraitdə şəxsin inzibati xəta törətməsində aradan qaldırılmamış şübhələr mövcud olmaqdadır. Məhkəmə bir daha qeyd edir ki, İnzibati Xətalar Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına, onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Çünki İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Buna görə də şübhələr şəxsin xeyrinə həll edilməlidir. Şəxsin təqsiri qanunla müəyyən edilmiş qaydada sübuta yetirilmədiyi, iş materiallarına əlavə edilmiş foto-şəkildən şəxsin inzibati xəta törətmədiyinin müəyyən edildiyi üçün mübahisəli qərar ləğv edilməli, həmin əməlin törədilməsində təqsirsiz bilinməli və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Çünki İXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. İXM-nin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 8, 40, 43, 49-51, 53.0.2, 69,114,128-131 və 333.1-ci maddələrini rəhbər tutub, məhkəmə QƏRARAALDİ Şikayət təmin edilsin. X3 oğlu barəsində Suraxanı Rayon Dövlət X7 inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli, İXP seriyalı, ******* saylı protokol əsasında qəbul edilmiş, 08 fevral 2023-cü il tarixli, TP seriyalı, ******* nömrəli qərarı ləğv edilsin, həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №3(010)-1052/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1052/2023
07.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver