Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1056/2023 30.03.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, Naıbov Pərviz Şakir oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 iştirakı ilə, X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X7 Xidməti 4-cü ərazi X7 İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 24 fevral 2023-cü il tarixdə X3 Azərbaycan Respublikası İXM-nin 602.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında 20 fevral 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə daxil olmuşdur. 20 fevral 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, X8 14 fevral 2023-cü il və 20 fevral 2023-cü il tarixlərində Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində KY231886944 nömrəli çıxarışa əsasən Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Ə.Mehbalıyev küçəsi, ev 12-də yerləşən kosmetik vasitələrin istehalı sahəsində planlı YTM keçirilməsinə şərait yaradılmamışdır. Buna görə də 20 fevral 2023-cü il tarixdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X7 Xidməti 4-cü ərazi X7 İdarəsinin inspektoru X5 tərəfindən X3 Azərbaycan Respublikası İXM-nin 602.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında X8 inzibati xətaların törədilməsi haqqında protokolda göstərilən xüsusatları təsdiq etməyərək, və inzibati xətaları törətməsində özünü təqsirli bilməyərək göstərdi ki, onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətaya yol verməsinə dair Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X7 Xidməti 4-cü ərazi X7 İdarəsinin tərtib etdiyi inzibati xəta haqqında 20 fevral 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli protokol qanunsuz, əsassız, qərəzli və yalandır. Belə ki, “X10 Kosmetik” Məhdud Məsuliyyətli Cəmiyyəti 11 ay bundan əvvəl, yəni, 08 aprel 2022-ci il tarixində, ********** (VÖEN) dövlət qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmış və həmin ilin may ayından, əsas fəaliyyəti yuyucu vasitələrin istehsalı olmaqla fəaliyyətə başlamışdır. Lakin, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X7 Xidmətinin 4-cü ərazi X7 İdarəsinin inspektorları, bu qısa müddət ərzində, qanunsuz və əsassız olaraq, vəzifələrindən sui-istifadə edərək, yoxlama adı altında, yoxlamaya dair hər hansı bir sənəd təqdim etmədən, 4 dəfə müəssisəyə gəlmişlər. Sonuncu - 4-cü dəfə, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X7 Xidməti 4-cü ərazi X7 İdarəsinin inspektorları X1 və X2, rəis, daxili xidmət polkovnikleytenantı Zahid Seyidovun 15 fevral 2023-cü il tarixli 00581 №-li qərarına və sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışa (yoxlama kodu: KY2********) əsasən yoxlama müddəti 14 fevral 2023-cü il - 20 fevral 2023-cü il olmaqla, 15 fevral 2023-cü il tarixində gəlmişlər. Lakin, bu dəfə də Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X7 Xidməti 4-cü ərazi X7 İdarəsini yoxlayıcı orqan olaraq təmsil edən işçiləri “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununda yoxlamalarla bağlı müəyyən edilmiş tələbləri və proseduru, eyni zamanda, fövqəladə hallar orqanlarında çalışan işçilərin etikası və xidmətdənkənar davranışının normalarını, prinsiplərini və onlara əməl edilməsi ilə bağlı münasibətləri müəyyən edən “Fövqəladə hallar orqanlarının işçilərinin etik davranış Qaydalarının” tələblərini kobud surətdə pozmuşlar. Belə ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun: “3.1ci maddəsində göstərilmişdir ki, yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır: 3.2-ci maddəsinin məzmununa görə, bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Təəssüf ki, yoxlama aparan şəxslər Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyində tətbiq edilən etik davranış qaydalarının 1.4-cü, 2.1 - 2.7-ci və 3.1 -ci bəndlərinin tələblərini pozmuşlar. Yoxlama başlamazdan əvvəl yoxlayıcı xidməti vəsiqəsini, yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat verir. Lakin yoxlayıcı orqan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X7 Xidməti 4-cü ərazi X7 İdarəsinin işçiləri tərəfindən qanunun bu normalarına riayət edilməmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X7 Xidməti 4-cü ərazi X7 İdarəsi tərəfindən müəssisədə plan üzrə (növbəti) yoxlama ilə bağlı hər hansı bir qərarın surəti və yoxlama zamanı sahibkarın və yoxlayıcı orqanın hüquq və vəzifələrinin izahı göndərilməmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X7 Xidməti 4cü ərazi X7 İdarəsinin qeyri-peşəkar işçiləri X2 və X1 ilk dəfə, yoxlamanın aparılmasına dair qərarın qəbul olunduğu gün, yəni, 15 fevral 2023-cü il tarixində müəssisəyə gələrək, qanunla təqdim edilməsi nəzərdə tutulan sənədlərin surətlərini təqdim etmədən yoxlama aparmalı olduqlarını bildirmişlər. Bu məsələ ilə bağlı “X10 Kosmetik” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktor müavini yoxlama aparan şəxslərə iradını bildirərək, yoxlamanın başlanmasına ən azı 5 iş günü vaxt verilməsini tələb etmiş, lakin qeyri-peşəkar yoxlama aparan şəxslər cavabında bildirmişlər ki, yoxlamanın başlanmasına azı 5 iş günü müddət təyin etməyə texniki imkan yoxdur. Bundan başqa, yoxlama aparan şəxslər özlərində olan 2 sənədin - plan üzrə yoxlamanın aparılması haqqında qərarın və yoxlamaların vahid məlumat reyestrindən çıxarışın surətlərini təqdim etməmiş, yalnız mobil telefonla həmin 2 sənədin şəklini çəkməyə icazə vermişlər. Həmin yoxlama aparan şəxslər 2-ci dəfə, 2 gün sonra – 17 fevral 2023-cü il tarixində “X10 Kosmetik” Məhdud Məsuliyyətli Cəmiyyətinə gəlmiş və bu dəfə “X10 Kosmetik” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktor müavini yoxlama aparan şəxsləra israrla bildirmişdir ki, plan üzrə yoxlamanın aparılması haqqında qərarın, yoxlamaların vahid məlumat reyestrindən çıxarışın və yoxlama suallarının surətlərini təqdim etsinlər. Buna cavab olaraq, qeyri-peşəkar yoxlama aparan şəxslər 2 sənədin plan üzrə yoxlamanın aparılması haqqında qərarın, nədənsə surətini deyil kserosurətini və yoxlamaların vahid məlumat reyestrindən çıxarışın kserosurətini təqdim etdilər. Lakin, yoxlama suallarının surətlərini təqdim etməkdən imtina etdilər. Bu imtinanı rəhbərlik sahibkarlara yoxlama suallarının təqdim edilməsinə icazə vermir kimi izah etdilər. Amma bunu konkret olaraq, hansı rəhbərlik yaxud rəhbər icazə vermədiyini bildirməkdən imtina etdilər. Yoxlama suallarının israrla tələb olunduğunu görərək, qeyri-peşəkar yoxlama aparan şəxslər, yoxlama suallarının kserosurətini təqdim etmək məcburiyyətində qaldılar. Nəhayət, sonuncu 3-cü dəfə, 20 fevral 2023-cü il tarixində, hər iki qeyri-peşəkar yoxlayıcı “X10 Kosmetik” Məhdud Məsuliyyətli Cəmiyyətinə 1 gələrək, yenə də, yoxlamanın başlanmasından əvvəl heç bir müddət təyin etmədən, müddət təyin etməyə imkan və vaxt olmadığını əsas gətirərək, həmin günü yoxlama aparmaq istədiklərini bildirdilər. “X10 Kosmetik” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktor müavini qeyripeşəkar yoxlama aparan şəxslərı yuxarıda adı çəkilən qanunun yoxlama ilə bağlı tələblərinə və qaydalarına riayət etməyə dəvət etsə də, heç bir müsbət nəticəsi olmamışdır. Bundan sonra, həmin qeyri-peşəkar yoxlama aparan şəxslər heç bir sənəd tərtib etmədən “X10 Kosmetik” Məhdud Məsuliyyətli Cəmiyyətinin məhkəməyə veriləcəyini bildirmişlər. Lakin, 24 fevral 2023-cü il tarixində poçt vasitəsilə aldığı zərfi açdıqda məlum olmuşdur ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X7 Xidməti 4-cü ərazi X7 İdarəsinin inspektoru X5 tərəfindən onun iştirakı olmadan həqiqətə uyğun olmayan, yalan, qanunsuz, əsassız və qərəzli olaraq, barəsində 20 fevral 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Protokolda qeyd edilmişdir ki, planlı YTM keçirilməsinə şərait yaradılmadı. O, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmiş, izahat verməkdən, protokolu imzalamaqdan və onu qəbul etməkdən imtina etmişdir. O, həmin vaxtı, yəni, yoxlama aparan şəxslər “X10 Kosmetik” Məhdud Məsuliyyətli Cəmiyyətinə gələrkən işdə olmamış, yoxlama aparan şəxslərı görməmiş və ümumiyyətlə, onlarla ünsiyyətdə olmamışdır. Beləliklə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X7 Xidməti 4-cü ərazi X7 İdarəsinin əməkdaşları tərəfindən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununda yoxlamalarla bağlı müəyyən edilmiş tələblərin və prosedurların pozulmasına yol verilmişdir. Buna görə də, X8 məhkəmədən inizbati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə məhkəmə iclasının vaxtı və yeri haqqında bildiriş göndərilməsinə baxmayaraq, səlahiyyətli nümayəndənin məhkəmə iclasında iştirakı təmin edilməmiş, nümayəndənin məhkəməyə gəlməməsinin səbəbi və mümkünsüzlüyü bildirilməmiş, bu barədə sübutlar təqdim edilməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət verilməmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, inzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyərək, məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X3 əməlində Azərbaycan Respublikası İXM-nin 602.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndən 15 fevral 2023-cü il tarixli KY231886944 nömrəli çıxarışdan görünür ki, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X7 tərəfindən 14 fevral 2023 - 20 fevral 2023-cü il tarixlərdə “X10 Kosmetik” Məhdud Məsuliyyətli Cəmiyyətində plan üzrə (növbəti) yoxlama keçiriləcəkdir. İş materiallarında olan “Yanğın texniki müayinənin aparılması haqqında” 15 fevral 2023-cü il tarixli, 00581 nömrəli qərardan görünür ki, “X10 Kosmetik” Məhdud Məsuliyyətli Cəmiyyətində keçiriləcək yoxlama suallarının siyahısı təsdiq olunmuşdur. Əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş 4 əlamətin hər biri mövcud olmalıdır, yəni həmin əməllə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd edilməli, əməl hüquqazidd olmalı, təqsirli sayılmalı (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olmalıdır. Azərbaycan Respublikası İXM-nın 1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi həmin Məcəllədən ibarətdir. Azərbaycan Respublikası İXM-nın 1.3-cü maddəsinə əsasən inzibati məsuliyyət müəyyən edən və inzibati xəta törətmiş şəxsin tənbeh edilməsini nəzərdə tutan qanunlar yalnız bu Məcəlləyə daxil olduqdan sonra tətbiq edilir. Azərbaycan Respublikası İXM-nin 602.4-cü maddəsinə əsasən Sahibkar tərəfindən yoxlama prosesində yoxlamaya aid sənədlərin yoxlayıcıya təqdim edilməməsinə, yoxlama zamanı yaranan suallara şifahi və (və ya) yazılı izahatlar verilməməsinə, təhrif olunmuş, yanlış məlumatın verilməsinə və ya sahibkarlıq fəaliyyəti üçün istifadə olunan əraziyə, istehsal və emal müəssisələrinə, anbarlara, satış sahələrinə, nəqliyyat vasitələrinə, habelə sahibkarlıq fəaliyyəti üçün istifadə olunan digər yerlərə baxış keçirilməsinə mane olmağa görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə nəzərdə tutulmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X7 Xidməti 4-cü ərazi X7 İdarəsinin əməkdaşları Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Ə.Mehbalıyev küçəsi, ev 12-də yerləşən kosmetik vasitələrin istehsalı sahəsində sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin "Çıxarışına" əsasən planlı yanğın-texniki müayinə keçirilməsi məqsədi ilə xx.xx.2023 -xx.xx.2023-cü il tarixlərdə sözügedən obyektdə müayinə aparılmış, X8 Azərbaycan Respublikası İXM-nin 602.4-cü maddəsində nəzərdə tutulmuş əməli törətdiyinə görə barəsində inzibati protokol tərtib edilmiş, lakin yoxlama aparılmamışdan əvvəl Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X7 Xidməti 4-cü ərazi X7 İdarəsinin əməkdaşları tərəfindən sahibkar X6 bu barədə məlumat şəxsən verilməmiş, yəni ondan Azərbaycan Respublikası İXM-nin 602.4-cü maddəsində nəzərdə tutulmuş yoxlama prosesində yoxlamaya aid sənədlərin təqdim edilməsi, yoxlama zamanı yaranan suallara şifahi və (və ya) yazılı izahatlar verilməsi, sahibkarlıq fəaliyyəti üçün istifadə olunan əraziyə baxış keçirilməsi ondan tələb olunmamış, yoxlama zamanı X8 müəssisədə olmamış, sahibkarlıq fəaliyyəti üçün istifadə olunan əraziyə, istehsal və emal müəssisələrinə, anbarlara, satış sahələrinə, nəqliyyat vasitələrinə, habelə sahibkarlıq fəaliyyəti üçün istifadə olunan digər yerlərə baxış keçirilməsinə maneə yaradılmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə qeyd edir ki, X3 14 fevral 2023-cü il və 20 fevral 2023-cü il tarixlərində Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Ə.Mehbalıyev küçəsi, ev 12-də yerləşən kosmetik vasitələrin istehsalı sahəsində planlı YTM keçirilməsinə şərait yaratmaması iş materialları ilə təsdiq edilməmişdir. Belə ki, şəxsin əməlində inzibati xətanın elementlərindən olan obyektiv və subyektiv cəhətlər yoxdur. Belə bir vəziyyətdə şəxsin inzibati xətanın törədilməsində qəsdinin və ya ehtiyatsızlığının nədən ibarət olmasına dair də sübut təqdim edilməmişdir. Ümumiyyətlə bunları təsdiq edən sübut toplamamışdır. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs, törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərə və yaxud hərəkətsizliyə onun tərəfindən yol verilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. X4 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Göründüyü kimi qanunverici əməlin inzibati xəta hesab edilməsi üçün digər əlamətlərlə yanaşı təqsirin mövcud olmasını zəruri şərt olaraq nəzərdə tutmuşdur. Halbuki, məhkəmə araşdırması zamanı barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş vəzifəli şəxs X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli olması müəyyən edilməmişdir. İşin müəyyən edilmiş qeyd edilən mübahisəsiz hallarına və qanunvericiliyin sadalanmış normalarının tələblərinə əsasən məhkəmə hesab edir ki, vəzifəli şəxs X3 tərəfindən ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) əməl (hərəkət və ya hərəkətsizlik) törədilməsi məhkəmə araşdırmaları zamanı öz təsdiqini tapmamışdır. İnzibati Xətalar Məcəlləsinin prinsiplərinə dair normalar xətada təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsində fundamental əhəmiyyət daşıyan ümumi qaydaları göstərir ki, onlara riayət edilməməsi bütövlükdə sübut etməni, onun nəticələrini əhəmiyyətsiz etmiş olar. Qiymətləndirmə zamanı qərarda həm konkret məsələ üzrə gəlinən nəticəni təsdiqləyən, həm də onu təkzib edən sübutlara istinad etməlidir. Bütün yuxarıda qeyd edilən hallara əsaslanaraq məhkəmə hesab edir ki, iş materiallarında olan sübutlar vəzifəli şəxs X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə təqsirli bilinməsi üçün kifayət etmir, toplanmış sübutların mötəbərliyi şübhə doğurur. Məhkəmə X3 Azərbaycan Respublikası İXM-nin 602.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törədilməsində təqsirini müəyyən etmək üçün əsaslana bilinəcək sübutlar arasında kifayət qədər əhəmiyyətli ziddiyətlərin olduğunu nəzərə alaraq hesab edir ki, vəzifəli şəxs X3 təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilməlidir. Beləliklə işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirərək məhkəmə vəzifəli şəxs X3 əməlində Azərbaycan Respublikası İXM-nin 602.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibinin olmadığı qənaətinə gəlir və hesab edir ki, X3 barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 53.1 və 53.1.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.1.4, 114.2 və 114.2.1-ci maddələrinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40.0.1, 43, 48-51, 53, 55, 114.1.4, 115, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Əməlində inzibati xəta tərkibi olmadığına görə X3 barəsində 20 fevral 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elnur Nuriyev
Məhkəmə qərarları › İş №3(010)-1056/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1056/2023
30.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver