Məhkəmə qərarları › İş №3(010)-1088/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1088/2021

24.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1088/2021 24.08.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi Qənbərov Rüstəm İmamverdi oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icra məmuru X5 iştirakı ilə, Şəxs, xx xxxx 1983-cü ildə Beyləqan rayonunun Təzəkənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx, orta təhsilli, fərdi əməklə məşğul olan, boşanmış, iki yetkinlik yaşına çatmayan uşağı olan, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Müstəqilliyin 20 illiyi küçəsi, 6 nömrəli evin 22 nömrəli mənzilində qeydiyyatda olan və yaşayan, barəsində Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: 24 avqust 2021-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icra məmuru X6 tərəfindən Şəxs Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 10 iyun 2021-ci il tarixli, 2(010)-1421/2021 nömrəli qətnaməsinə dair icra sənədini üzrsüz səbəbdən icra etməməsinə görə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Şəxs bildirdi ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 10 iyun 2021-ci il tarixli, 2(010)-1421/2021 nömrəli qətnaməsinə əsasən ondan 29 yanvar 2013-cü il təvəllüdlü X1 və 07 sentyabr 2014-cü il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün 21 yanvar 2021-ci il tarixdən hesablanmaqla, hər ay hər uşağa 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində alimentin tutularaq tələbkar X2 xeyrinə ödənilməsi qət edilmişdir. O, məhkəmənin qərarına hörmətlə yanaşır, heç vaxt icra sənədinin icrasından qərəzli olaraq yayınmamış, imkanı daxilində icra sənədi üzrə ödənişlər etmişdir. Taksi fəaliyyəti göstərməklə fərdi əməklə məşğul olduğundan aylıq gəlirləri də qeyri stabil olmuşdur. Buna görə də stabil olaraq hər ay 340 manat aliment ödəyə bilməmişdir. Bu səbəbdən də barəsində inzibati protokol tərtib edilənədək 2.040 manat aliment borcu yaranmışdır. Hazırda o, tələbkara 790 manat ödəniş etmiş və aliment borcu 1.250 manat təşkil edir. Həmin aliment borcunu da hissə-hissə olmaqla ödəyəcəkdir. Sonda Şəxs qeyd etdiklərini nəzərə alaraq inzibati məsuliyyətdən azad edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İnzibati xəta törədilməsi haqqında protokol tərtib etmiş icra məmuru X6 məhkəmədə bildirdi ki, icra sənədi Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icraatına daxil olduqdan sonra müvafiq qaydada icraata başlanılmış, borcluya icranı könüllü olaraq dərhal təmin etməsi təklif olunmuş və icraata başlamaq haqqında qərar bildirişlə birlikdə borcluya 08 iyul 2021-ci il tarixdə şəxsən təqdim edilmişdir. Eyni zamanda borclu icra sənədini icra etməyəcəyi təqdirdə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyəti barədə xəbərdar olunmuşdur. Lakin borclu qanunla müəyyən edilmiş müddət ərzində icranı könüllü olaraq təmin etməmişdir. Buna görə də məcburi icra tədbirləri qismində tələbin borclunun bankda olan pul vəsaitlərinə və sair gəlirlərinə, habelə əmlakına yönəldilməsi məqsədilə müvafiq qurum və təşkilatlara sorğular verilmiş, lakin tələbin yönəldilə biləcək vəsait və ya əmlak aşkar edilməmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilənədək, borclu 2.040 manat aliment borcundan 790 manat ödəmiş və onun aliment borcu 1.250 manat təşkil etmişdir. Göründüyü kimi borclu bir icra məmuru kimi onun qanuni tələblərini yerinə yetirməyərək icra sənədi üzrə yaranmış borcunu ödəməmişdir. Bu səbəbdən də məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi bu günə kimi icra olunmamışdır. Buna görə də icra sənədinin icrasının təmin edilməsinə nail olmaq məqsədilə borclu Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib etmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığına görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 10 iyun 2021-ci il tarixli, 2(010)-1421/2021 nömrəli qətnaməsinə dair icra sənədindən görünür ki, Şəxs 29 yanvar 2013-cü il təvəllüdlü X1 və 07 sentyabr 2014-cü il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün 21 yanvar 2021-ci il tarixdən hesablanmaqla, hər ay hər uşağa 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X2 xeyrinə ödənilməlidir. İş materialarına əlavə edilmiş icraata başlamaq haqqında 18 iyun 2021-ci il tarixli qərardan və onun üzərindəki qeyddən görünür ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 10 iyun 2021-ci il tarixli, 2(010)-1421/2021 nömrəli qətnaməsinə dair icra sənədi üzrə Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsində icraata başlanılmış, borclu Şəxs icranı könüllü olaraq dərhal təmin etməsi təklif olunmuş, həmin icraata başlamaq haqqında qərar Şəxs 08 iyul 2021-ci il tarixdə şəxsən təqdim edilmişdir. İş materiallarına əlavə edilmiş tələbin könüllü icrası haqqında 18 iyun 2021-ci il tarixli bildirişdən görünür ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 10 iyun 2021-ci il tarixli, 2(010)-1421/2021 nömrəli icra sənədində göstərilən tələbin könüllü olaraq dərhal icra olunması Şəxs xahiş olunmuş, göstərilən müddət ərzində tələbi üzrsüz səbəbdən icra etməyəcəyi təqdirdə icranın məcburi qaydada təmin ediləcəyi, həmçinin “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 78, 79 və 81-ci maddələrinə müvafiq olaraq icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı bildirilmişdir. İş materiallarına əlavə edilmiş ödəniş qəbzlərindən görünür ki, borclu Şəxs tələbkar X4 Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 10 iyun 2021-ci il tarixli, 2(010)-1421/2021 nömrəli qətnaməsinə dair icra sənədi üzrə 26 iyul 2021-ci il tarixdən 20 avqust 2021-ci il tarixədək olan müddət ərzində hissə-hissə olmaqla ümumilikdə 790 manat ödəniş etmişdir. Beləliklə işdə olan sübutlarla təsdiq olunur ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 10 iyun 2021-ci il tarixli, 2(010)-1421/2021 nömrəli qətnaməsinə dair icra sənədi üzrə icraata başlamaq haqqında 18 iyun 2021-ci il tarixli qərar Şəxs 08 iyul 2021-ci il tarixdə təqdim edildikdən sonra Şəxs 26 iyul 2021-ci il tarixdən 20 avqust 2021-ci il tarixədək icra sənədi üzrə tələbkara ümumilikdə 790 manat ödəniş etmişdir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin dispozisiyasından görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə borclu Şəxs Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 10 iyun 2021-ci il tarixli, 2(010)-1421/2021 nömrəli qətnaməsinə dair icra sənədi üzrə icraata başlamaq haqqında 18 iyun 2021-ci il tarixli qərarı rəsmi qaydada aldıqdan sonra icra sənədi üzrə tələbkar X2 xeyrinə ümumilikdə 790 manat ödədiyini nəzərə alaraq hesab edir ki, icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilənədək yığılmış alıment borcunu birdəfəlik ödəyə bilməməsinə görə Şəxs əməlinin sözügedən icra sənədinin icrasından qərəzli olaraq boyun qaçırması kimi tövsif edilməsi və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibinin bütün əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs qismində təqsirli hesab edilməsi yol verilməzdir. Bununla da Şəxs Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 10 iyun 2021-ci il tarixli, 2(010)-1421/2021 nömrəli qətnaməsinə dair icra sənədini üzrsüz səbəbdən icra etməməsi sübuta yetirilmir. Beləliklə, işdə olan sübutlarla Şəxs əməlində inzibati xəta tərkibi olmadığı müəyyən edildiyindən onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4, 114.2 və 114.2.1-ci maddələrinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 53.0 və 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 105.1, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Əməlində inzibati xəta tərkibi olmadığına görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar