Məhkəmə qərarları › İş №3(010)-1097/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1097/2021

30.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1097/2021 30.08.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, İş üzrə zərərçəkmiş şəxs X1 iştirakı ilə, xx.xx.1957-ci ildə Ermənistan Respublikasının Krasnoselsk rayonunun Gölkənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə tərtib etdiyi inzibati xəta haqqında protokola baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ M: Şəxs barəsində AR İXM-nin 510-cu maddəsi ilə inzibati xəta protokolu tərtib edilərək baxılması üçün Suraxanı rayon Məhkəməsinə göndərilmişdir ondan ötrü ki, o, 28 avqust 2021-ci il tarixdə bacısı oğlu X4 ilə mübahisə edərək, onun ünvanına söyüşlər söyərək təhqir etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs yuxarıda təsvir olunmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilməyərək, izahatında göstərmişdir ki, X4 onun bacısı oğludur. X1 ailə münasibətlərində problemlər olduğu üçün o, 28.08.2021-ci il tarixdə ailənin böyüyü olaraq məsləhət vermək məqsədilə X1 işlədiyi, sonunjunun öz həyətində inşa etdirdiyi stomotoloji kabinetə getmişdir. O, stomatoloji kabinetin daxilində X2 ailənin böyüyü kimi nəsihət vermiş və tənqid etmişdir. O, X3 təhqir etməmişdir. Onlar mübahisə edərkən, heç kimi narahat etməmiş və onlar arasında mübahisə X2 məxsus stomotoloji klinikanada şəxsi münsibətlər zəminində baş vermişdir. Aralarında yaranan mübahisə şəxsi xarakterli olmuş və ictimai asayişin pozulmasına yönəlməmişdir. Məhkəmə iclasında izahat vermiş iş üzrə zərərçəkmiş şəxs X4 göstərmişdir ki, Şəxs onun dayısıdır və həmin şəxs 28 avqust 2021-ci il tarixdə onun işlədiyi stomotoloji klinikanın həyətinə gələrək, həyətdə və bayırda onu təhqir etmişdir. Onlar mübahisə edən zaman ətrafda onları dinləyən kənar şəxslər olmuş, lakin o, həmin şəxslərin kimliyini xatırlamır. Məhkəmə, məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi yoxdur. Belə ki, məhkəmə iclasınla izahat vermiş Şəxs ona istinad edilən inzibati xətanı törətmədiyini, onunla bacısı oğlu X4 arasında ancaq şəxsi münasibətlər zəminində mübahisə olduğunu, bu mübahisə zamanı hər hansı ictimai qaydanın pozulmadığını bildirmişdir. Məhkəmə iclasında izahat vermiş iş üzrə zərərçəkmiş şəxs X4 isə Şəxs 28 avqust 2021-ci il tarixdə onun işlədiyi stomotoloji klinikanın həyətinə gələrək, onu təhqir etdiyini, onlar mübahisə edən zaman ətrafda onları dinləyən kənar şəxslər olduğunu, lakin o, həmin şəxslərin kimliyini xatırlamadığını bildirmişdir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin dispozisiyasına əsasən ictimai qaydanı pozan və ya fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər xırda xuliqanlıq kimi qiymətləndirilir və inzibati məsuliyyətə səbəb olur. Eyni zamanda, şəxsi münasibətlər zəminində ailə üzvlərinə, yaxın qohumlarına, tanışlarına qarşı edilən hərəkətlər ictimai qaydanın pozulmasına yönəlmədikdə, həmin hərəkətlər xırda xuliqanlıq kimi qiymətləndirilə bilməz. Şəxs izahatından və iş materiallarından da müəyyən oldu ki, onların arasındakı münaqişə şəxsi münasibətlər zəminində baş vermiş və ictimai qaydanın pozulmasına yönəlməmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs hərəkətləri xırda xuliqanlıq əməli kimi qiymətləndirilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43-48, 106- 115 və 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi olmadığından, onun barəsində olan inzibati iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Anar İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar