Məhkəmə qərarları › İş №3(010)-11/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-11/2024

22.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-11/2024 22.07.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Rzayeva Nərminə Cahangir qızının sədrliyi, X7 katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X2 etibarnamə üzrə nümayəndəsi və müdafiəçisi Vəkil iştirakı ilə Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin vəzifəli şəxsinin 16 fevral 2023-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X4 tərəfindən verilmiş şikayətə baxaraq, MÜƏYYƏNETDİ: Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin polis kapitanı X3 16 fevral 2023-cü il tarixli TP seriyalı ******* nömrəli qərarı ilə X4 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinib 60 manat miqdarında cərimə edilmişdir. Həmin qərar 10 dekabr 2022-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol əsasında verilib. 16 fevral 2023-cü il tarixli TP seriyalı ******* nömrəli qərara əsasən X4 10 dekabr 2022-ci ildə saat 20.30-da «Toyota Prius» minik markalı ** DV *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi ilə hərəkət edərkən yolayrıcını keçmə qaydasını pozmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X2 etibarnamə üzrə nümayəndəsi və müdafiəçisi Vəkil işin məhkəmə baxışı zamanı bildirmişdir ki, bir ildən artıq iki müxtəlif hakim tərəfindən baxılıb və qərar qəbul edilib. Obyektiv araşdırılmayıb, baxmayaraq ki, bu iş inzibati xəta haqqında işdir, amma şikayət verən şəxsə böyük həcmdə ziyan dəymişdir. Təqribən 2000 manat ziyan dəymişdir. Bu qərara əsasən də şəxs sığorta almaq hüququndan məhrum edilmişdir. Obyektiv araşdırma aparılmayıb, çünki Yol Polisi qeyri-obyektiv araşdırma aparıb. İş üzrə araşdırmanı İntiqam Mikayılov adlı inspektor aparıb. Qərarı qəbul edib Elvin adlı şəxs, yəni bütün proses belə olmuşdur. Nə həmin şəxs izahatın alınmasında iştirak edib, nə də yol sxeminin çəkilməsində iştirak etmişdir. Ümumiyyətlə bu şəxsi tanımadıqlarını bildirmişdir. İlk proses vaxtları gəldilər, etiraf elədilər ki, məsələ belədir. Bundan başqa izahatları tamam başqa mülki geyimli, yaşı 65-dən çox olan şəxs alıb, heç özünü də təqdim etməyib. Çox kobud pozuntulara yol verilib. Görüntüləri polisə də, məhkəməyə də vermiş, lakin görüntülər yoxa çıxmışdır. Hadisə baş verən yerdə evlərin birində kamera quraşdırılıb. Digər avtomobil yaşayış massivindən çıxıb, əsas yola. Müseyib Hacıyevi onda təqsirləndirilər ki, bu eyni dərəcəli yolda sağdan gələn avtomobilə yol verməyib. Bundan başqa verilmiş rəy ilə razı deyillər. Belə ki, rəy əsassızdır. Çünki ekspert yerində baxıb, videogörüntülər təqdim edilib. Ekspert küçənin adını belə qeyd eləməyib. Bir rəydə izahat yoxdur, öz mülahizəsini yazmışdır. Məhkəməyə hörmətsizlikdir, yolun sağı ilə hərəkət etmək əvəzinə solu ilə hərəkət edir. Həm qaranlıq olub, həm də sağ isə çıxış idi. Bundan başqa, o, son olaraq çıxış etmiş və göstərmişdir ki, yol-nəqliyyat hadisəsi üzrə 3 dəfə ekspert rəyi alınmasına baxmayaraq düzgün rəy verilməmiş, hətta yol-nəqliyyat hadisəsi ilə küçənin adını belə səhv qeyd etmişlər,həmin küçə ara küçə olmuş, bununla bağlı video-görünütü və xanımın izahatı da vardır, ekspert də həmin hadisə olduğu yerə getmiş, həmin yerin foto-şəkillərin çəkmiş və ara küçə olduğu məlum olmuş, bütün bunlara görə «Toyota Prius» minik markalı ** DV *** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət üstünlüyü olmuş, “Mercedes Benz E200” markalı **-ZC-*** dövlət qeydiyyat nişanlı avtomobil qayda pozaraq «Toyota Prius» minik markalı ** DV *** dövlət qeydiyyat nişanlı avtomobilin önünə çıxmışdır. Odur ki, verilmiş şikayətin əsaslı olduğunu və şikayətin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında məhkəmə bildirişin göndərilməsinə baxmayaraq, Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsi nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, nümayəndəsinin məhkəməyə gəlməməsinin səbəbini və mümkünsüzlüyünü bildirməmiş, bu barədə sübutlar təqdim etməmiş və işə baxılmasını təxirə salmaq barədə vəsatət verməmişdir. Məhkəmənin əvvəlki iclasında ekspert Elşən Həsənov özü tərəfindən verilmiş ekspert rəyinə uyğun izahat vermiş və müdafiəçinin suallarına cavab olaraq da bildirmişdir ki, o, həmin rəyi verərkən məhkəmənin, təhqiqatın, ümumilikdə ona təqdim edilən iş materialları əsasında rəy verdiyini, ekspertin əlavə olaraq bununla bağlı araşdırma aparmadığını, bundan başqa onun tərəfindən hadisə yerinə getməyə lüzum olmadığını, belə ki, o, iş materiallarında olan sənədlərlə kifayətləndiyi üçün və yerli baxışa ehtiyac olmadığından hadisə yerinə getməmiş olduğunu, bundan əlavə həmin yolun eyni əhəmiyyətli və nizamlanmayan yol olduğunu, hər hansı nişanın və yaxud svetoforun quraşdırılmadığını, belə olan halda “MERCEDES BENZ E200” markalı 90ZC644 dövlət nömrə nişanlı avtomobilin sürücüsünün yolun hansı hissəsində hərəkətdə olmasına baxmayaraq üstünlük hüququ olduğunu və TOYOTA PRİUS markalı 50DV126 dövlət nömrə nişanlı avtomobili tərəfindən MERCEDES BENZ E200 markalı 90ZC644 dövlət nömrə nişanlı avtomobilə yol verilməli olduğunu bildirmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, şikayət aşağıdakı səbəblərə görə təmin olunmamalıdır. İş materiallarında olan “hadisə yerinə baxış haqqında” protokoldan görünür ki, hadisə yerinə baxış keçirərkən asfalt örtükdən ibarət olan yol ikitərəfli quru halda olmuş və yol düz üfüqi vəziyyətdədir. Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov küçəsində asfalt örtüklü, ikitərəfli yolun ümumi eni 6 metr 50sm, Hövsan qəsəbəsi, E.Qasımov küçəsinə çıxan ara adsız küçədə isə. eyniəhəmiyyətli yolun eni 6 metr 50sm-dən ibarətdir. Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov küçəsi ilə “Sosial binalar” istiqamətindən 60km/saat hərəkət sürəti olan yolda 50-60km/saat sürətlə düzünə hərəkətdə olan TOYOTA PRİUS markalı 50DV126 dövlət nömrə nişanlı avtomaşının qabaq hissəsi, eyni əhəmiyyətli yol ilə ara küçədənn E.Qasımov küçəsinə “Sosial binalar” istiqamətinə 20- 30km/saat sürətlə çıxmaqda olan, MERCEDES BENZ E200 markalı 90ZC644 dövlət nömrə nişanlı avtomaşının qabaq sol hissəsi ilə toqquşmuşdur. Hadisə zamanı, TOYOTA PRİUS markalı avtomaşının təhlükə anından toqquşma yerinə kimi qət etdiyi məsafə 8-9 metr olmuş, MERCEDES BENZ E200 markalı avtomaşın isə, ara küşədə olduğu üçün, təhlükə anını görməmişdir. Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov küçəsində asfalt örtüklü yolda piyada keçidi və yol nişanları mövcud deyil. Baş vermiş yol-nəqliyyat hadisəsi zamanı, MERCEDES BENZ E200 markalı avtomaşında sürücü və bir sərnişin, TOYOTA PRİUS markalı avtomaşında isə, sürücü tək olmuşdur. İş materiallarında olan 10 yanvar 2023-cü ildə verilmiş 8/04 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, təhqiqat tərəfindən təqdim olunmuş məlumatlara əsasən Toyota Prius markalı, ** DV *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X2 hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 77-ci maddəsinin 3-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Təhqiqat tərəfindən göstərilən şəraitdə Mercedes Benz E200 markalı, ** ZC *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X1 hadisənin qarşısının alınması ilə əlaqədar olan hərəkətlərini texniki nöqteyi-nəzərdən tədqiq etməyə lüzum yoxdur. İş materiallarında olan 15 may 2023-cü ildə verilmiş 8/1359 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, «rəyin tədqiqi hissəsində göstərilən səbəblərə görə, yəni Mercedes Benz E200 markalı və Toyota Prius markalı avtomobillərin hərəkət etdikləri yolların hər iki tərəfi digər yollarla kəsişdiyindən, hadisənin baş verdiyi yolayrıcında hər iki avtomobilin hərəkəti istiqamətində hər hansı üstünlük nişanları olmadığından və hər iki yol asfalt örtüklü olduğundan həmin yolayrıcı eyni əhəmiyyətli yolların kəsişdiyi nizamlanmayan yolayrıcıdır. Qanunun tələblərinə əsasən qeyd olunan yolayrıcında Mercedes Benz E200 markalı avtomobil Toyota Prius markalı avtomobilə nəzərən hərəkət üstünlüyünə malik olur. Tədqiq olunan şəraitdə Toyota Prius markalı ** DV *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X2 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 77-ci maddəsinin 3-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Tədqiq olunan şəraitdə Mercedes Benz E200 markalı, ** ZC *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X1 hadisənin qarşısını alınması ilə əlaqədar olan hərəkətlərini texniki nöqtəyi-nəzərdən tədqiq etməyə lüzum yoxdur». İş materiallarında olan 19 mart 2024-cü ildə verilmiş 8/354 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, rəyin tədqiqi hissəsində göstərilən səbəblərə görə, yəni Mercedes Benz E200 markalı və Toyota Prius markalı avtomobillərin hərəkət etdikləri yollar hər iki tərəfi digər yollarla kəsişdiyindən, hadisənin baş verdiyi yolayrıcında hər iki avtomobilin hərəkəti istiqamətində hər hansı üstünlük nişanları olmadığından və hər iki yol asfalt örtüklü olduğundan həmin yolayrıcı eyni əhəmiyyətli yolların kəsişdiyi nizamlanmayan yolayrıcıdır və Mercedes Benz markalı avtomobilin hərəkət etdiyi yol yola bitişik ərazi deyildir. Eyni əhəmiyyətli yolların kəsişdiyi yolayrıcında Mercedes Benz E200 markalı avtomobilin Toyota Prius markalı avtomobilə nəzərən sağ tərəfdən yolayrıcına daxil olması nəzərə alınmaqla qeyd olunan yolarıcında Mercedes Benz E200 markalı avtomobil Toyota Prius markalı avtomobilə nəzərən hərəkət üstünlüyünə malik olmuşdur. Qeyd olunan sualın cavabı rəyin tədqiqi hissəsində göstərilmişdir. Tədqiq olunan şəraitdə Mercedes Benz E200 markalı, 90ZC644 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X1 hadisənin qarşısının alınması ilə əlaqədar olan hərəkətlərini texniki nöqteyi-nəzərdən tədqiq etməyə lüzum yoxdur. Tədqiq olunan şəraitdə Toyota Prius markalı, 50DV126 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X2 hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının 77-ci maddəsinin 3-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və oqutf həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarında olan X5 tərəfindən Suraxanı RPİ DYPŞ-nin YNH-si üzrə inspektoru, polis kapitanı Elvin Əsgərova vermiş olduğu izahatdan görünür ki, o, etibarnamə ilə idarə etdiyi “Toyota Prius” markalı **-BV-*** nömrəli avtomobil ilə xx.xx.2022-ci il tarixində saat 20:30 radələrində Hövsan qəsəbəsi, E.Qasımov küçəsində üzü “Ballı market” istiqamətində gedərkən sağ tərəfdən ara küçədən avtomobil yoluna çıxdığı üçün onunla toqquşmuşdur. Hadisə zamanı xəsarət alan olmamışdır. Əlavə olaraq bildirmişdir ki, qarşı tərəf “Mercedes” markalı avtomobil yaşayış massiindən çıxmışdır. Yol tənzimləyən yol ayırıcı hesab olmuşdur, lakin yol hərəkəti qanunun 1.11-ci maddəsinə əsasən tənzimlənməyən yol ayırıcılar haqqında qanunda göstərilir ki, yol ayırıcılar o zaman hesab olunur ki, kəsişən yollar eyni sürətli, eyni intensiv hərəkəti və yol ayırıcıları rahat görünməlidir, lakin hadisə zamanı bu qanunda sadalanan maddələrin heç biri yer almamışdır. Belə ki, ara məhlədən çıxan yol görünmür və əlavə olaraq o, hərəkətdə olan yola 80 metrdən bir 8 ədəd məhəllə içi yol qoşulur, əlavə olaraq onun həmin ərazidə hər 80 metrdən bir dayanmanı tələb edən heç bir yol nişanı yoxdur. Məhkəmə hesab edir ki, yuxarıda qeyd olunan ekspert rəyləri iş üzrə mötəbər sübut kimi qiymətləndirilməlidir. Bundan başqa iş materiallarında olan video-görüntülər inzibati xəta haqqında iş üzrə materiala əlavə edilmiş digər sənədlərlə qarşılıqlı şəkildə araşdırılaraq müəyyən edildi ki, inzibati xəta hadisəsi “TOYOTA PRİUS” markalı 50DV126 dövlət nömrə nişanlı avtomobili idarə edən X4 tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov küçəsində baş vermişdir. Məhkəmə iclası zamanı təqdim edilmiş videogörüntülərdən də müşahidə edilmişdir ki, X4 tərəfindən idarə edilən “TOYOTA PRİUS” markalı **-DV-*** dövlət nömrə nişanlı avtomobil ilə hərəkətdə olan zaman “MERCEDES BENZ E200” markalı **-ZC-*** dövlət nömrə nişanlı avtomobilin sol tərəfə dönən zaman X4 həmin avtomobilin onun sağında olmasına baxmayaraq onu gözləmədən hərəkətini davam etmiş və bununla da, protokol predmeti olan inzibati xətanı törətmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 42-ci maddəsinin İX bəndində əsasən yolayrıcından kənarda sola və ya geriyə dönərkən, relssiz nəqliyyat vasitəsinin sürücüsü qarşıdan gələn nəqliyyat vasitələrinə və eyni istiqamətdə gedən travmaya yol verməlidir. Yolayrıcından kənarda geri dönərkən, yolun sol kənarı tərəfdən manevr etmək üçün hərəkət hissəsinin eni kifayət qədər olmadıqda, hərəkət hissəsinin sağ kənarından (yolun sağ qırağından) manevr etməyə yol verilir. Bu zaman sürücü arxadan və qarşıdan gələn nəqliyyat vasitələrinə yol verməlidir. Həmin Qanunun 65-ci maddəsinin İİİ bəndinə əsasən 4.1.1, 4.1.2, 4.1.3, 4.1.4, 4.1.5, 4.1.6 nişanları yalnız oxlarla göstərilən istiqamətlərdə hərəkətə icazə verir. İXM-in 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə- altmış manat məbləğində cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərarlardan biri qəbul edilir. Göstərilənlər məhkəməyə belə qənaətə gəlməyə əsas verir ki, 16 fevral 2023-cü il tarixli TP seriyalı ******* nömrəli qərarın əsaslandırılması mübahisə doğurduğuna baxmayaraq, o, X2 əməlində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinin tərkibinin olması, habelə onun həmin maddə ilə təqsirli bilinib 60 manat miqdarında cərimə edilməsi hissəsində qanuni və əsaslıdır. Məhkəmə həmçinin aşağıdakıları qeyd edir. İş üzrə keçirilmiş üç ekspertiza tədqiqatının ümumi dəyəri 256 manat təşkil edir. Azərbaycan Respublikası İXM-nin 55.1.1-ci maddəsinin mənasına görə ekspertlərə verilməli olan məbləğlər inzibati xətalar haqqında işlər üzrə məsrəflərə aiddir. Həmin Məcəllənin 55.2-ci maddəsinin tələbinə görə «Fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir…». Göstərilənlərə əsasən, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 256 (iki yüz əlli altı) manat dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 134, 136 və 137-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin vəzifəli şəxsinin 16 fevral 2023-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X4 tərəfindən verilmiş şikayət təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 256 (iki yüz əlli altı) manat dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan etibarən 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar