Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(010)-1109/2021 08.09.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən – Suraxanı Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu X1 ərizəsini (şikayətini) baxılmağa hazırlayarkən, MÜƏYYƏN ETDİM: X2 ərizə ilə məhkəməyə müraciət edərək barəsində qəbul edilmiş EQ146120, EQ798406, EQ1228802, EQ1431459, EQ1539714, EQ688902, EQ1379334, EQ281584, EQ1065354, EQ934356, EQ563478, EQ393459 nömrəli elektron qərarların «xitam olunmasını» xahiş etmişdir. Həmin qərarlar müvafiq olaraq 2018-ci və 2019-cu illərdə qəbul ediliblər. Ərizədə Azərbaycan Respublikası İXM-nin 38.1-ci və 38.6-cı maddələrinə, həmçinin İXM-nin vaxtilə mövcud olmuş 53.0.6-cı maddəsinə (eyni məzmunlu müddəa Azərbaycan Respublikası İXM-nin hazırda qüvvədə olan 53.1.6-cı maddəsində təsbit edilib) istinad olunur. Ərizə mahiyyət etibarilə onunla əsaslandırılır ki, yuxarıda göstərilən qərarlar Azərbaycan Respublikası İXM-nin 122.1-ci maddəsinin tələbinə uyğun şəkildə qəbul olunmamış, yəni elektron kabinetə qanunla müəyyən edilmiş bir gün keçdikdən sonra yerləşdirilmişlər ki, bu da Azərbaycan Respublikası İXM-nin 38.6 və 53.1.6-cı maddələrinə əsasən şəxsin inzibati məsuliyyətə cəlb olunmasını istisna edir. Azərbaycan Respublikası İXM-nin 38.6-cı maddəsi aşağıdakı məzmundadır: «Bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərar və onun əlavəsi (foto və ya video materiallar) inzibati xətanın törədildiyi gündən bir gün müddətində hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılan elektron kabinetdə yerləşdirilmədikdə, şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz». Həmin Məcəllənin 53.1.6-cı maddəsinə əsasən «bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda» inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, ərizə və ona əlavə edilmiş sənədlər aşağıda göstərilənlərə əsasən geri qaytarılmalıdır. Hazırda qüvvədə olan inzibati xətalar qanunvericiliyində inzibati xəta haqqında iş üzrə qərara yenidən baxılma institutu mövcuddur (İXM-nin 17-ci fəsili). Bu institut (fəsil) inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilməsi, şikayətin verilməsi qaydası və müddətləri, şikayətə baxılması və qərar qəbul edilməsi ilə bağlı məsələləri, habelə bu kimi s. məsələləri tənzimləyir. İnzibati xətalar qanunvericiliyində həmçinin inzibati xəta haqqında iş üzrə qərarın icrası institutu mövcuddur (İXM-nin V bölməsi). Həmin bölməyə aid 146-cı maddəyə əsasən: «146.1. Bu Məcəllənin 146.1-1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, digər inzibati tənbeh tətbiq etmə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən sonra bir il müddətində icra edilməmişdirsə, daha icra edilmir. 146.1-1. İnzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən 5 (beş) il müddətində icra edilməmişdirsə, daha icra edilmir. 146.2. İnzibati məsuliyyətə cəlb edilmiş şəxs inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrasından boyun qaçırarsa, bu Məcəllənin 146.1-ci maddəsində müəyyən edilmiş müddətin axımı dayanır. Belə halda icra müddəti həmin şəxsin tutulduğu vaxtdan hesablanır. 146.3. Bu Məcəllənin 142 – 144-cü maddələrinə uyğun olaraq inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrasına möhlət verildikdə və ya onun icrası dayandırıldıqda, qərarın icrası müddətinin axımı möhlət verilmə və ya dayandırılma müddəti bitənədək dayanır». Azərbaycan Respublikası İXM-nin 17-ci fəsili (inzibati xəta haqqında iş üzrə qərara yenidən baxılma institutu) qərarın qanuniliyinin mübahisələndirilməsindən irəli gələn məsələləri tənzimlədiyi halda, eyni Məcəllənin V bölməsi (inzibati xəta haqqında iş üzrə qərarın icrası institutu) tamamilə fərqli məsələləri, yəni qərarın icrası ilə əlaqədar ortaya çıxan məsələləri tənzimləyir. Azərbaycan Respublikası İXM-nin 17-ci fəsili ilə müəyyən edilmiş qaydada işə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) həmin Məcəllənin 134.1-ci maddəsində nəzərdə tutulan qərarlardan birini qəbul etmək səlahiyyətinə malikdir. O cümlədən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) İXM-nin 53-cü maddəsində nəzərdə tutulan halların mövcudluğunu müəyyən etdikdə qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edə bilər (İXM-nin 134.1.3-cü və 135.1.5-1-ci maddələri). Azərbaycan Respublikası İXM-nin 146-cı maddəsində nəzərdə tutulan müddətlərin (inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrası müddətlərinin) keçdiyini müəyyən etmiş hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) isə İXM-nin 145-ci maddəsinin tələbinə uyğun olaraq qərarın icrasına xitam verir. Beləliklə, Azərbaycan Respublikası İXM-nin 17-ci fəsili ilə müəyyən edilmiş qaydada işə baxarkən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan halların mövcudluğunu müəyyən etmiş hakim şikayətlə mübahisələndirilən qərarı (inzibati tənbeh tətbiq etmə haqqında qərarı) ləğv edib inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul etmək ixtiyarına malik olduğu halda, eyni Məcəllənin V bölməsindən (o cümlədən, İXM-nin 145-ci və 146-cı maddələrindən) irəli gələn məsələləri həll edən hakim inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrasına xitam verir (bu zaman inzibati tənbeh tətbiq etmə haqqında qərar ləğv edilmir və inzibati xəta haqqında iş üzrə icraata xitam verilmir). Bununla yanaşı, yuxarıda göstərilən birinci halda qərar, ikinci halda isə qərardad (İXM-nin 145.2-ci maddəsi) qəbul edilir. İnzibati xətalar qanunvericiliyinin yuxarıda istinad edilən və s. aidiyyəti müddəalarını rəhbər tutaraq məhkəmə vurğulayır ki, Azərbaycan Respublikası İXM-nin V bölməsindən (o cümlədən, 145-ci və 146-cı maddələrindən) irəli gələn məsələlərin həlli zamanı həmin Məcəllənin 38.6-cı və 53.1.6-cı maddələrində təsbit edilən əsasların mövcud olub-olmadığı araşdırıla bilməz. İXM-nin 38.6-cı və 53.1.6-cı maddələrindən irəli gələn məsələlərə inzibati xəta haqqında iş üzrə icraat dövründə, həmçinin inzibati xəta haqqında iş üzrə qərara həmin Məcəllənin 17-ci fəsili ilə müəyyən edilmiş qaydada yenidən baxılması zamanı qiymət verilir. Yuxarıda göstərilənləri nəzərə alıb, ərizəni (o cümlədən X1 Azərbaycan Respublikası İXM-nin 38-ci və 53-cü maddələrinə istinad etdiyini) və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək belə qənaətə gəlirəm ki, X2 məhkəməyə ünvanlanmış müraciətini ərizə adlandırdığına baxmayaraq, o, mahiyyət etibarilə inzibati tənbeh tətbiq etmə qərarlarla bağlı şikayətdir. Ona görə də X1 müraciəti ilə bağlı məsələlərin həllinə Azərbaycan Respublikası İXM-nin 17-ci fəsili müəyyən edilmiş qaydalar baxımından yanaşılmalıdır. Bununla bağlı aşağıdakılar qeyd olunur. Qüvvədə olan İXM-də inzibati xəta haqqında iş üzrə qərardan şikayət və protest verilməsi müddətləri müəyyən edilib. Belə ki, Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinə əsasən «Barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər». Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən «Bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər». Eyni Məcəllənin 126.1-ci maddəsinə əsasən «Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər». Azərbaycan Respublikası İXM-nin 57.6 və 57.7-ci maddələri aşağıdakı məzmundadır: «57.6. Bu Məcəllənin 122.1-ci, 124.5-ci və ya 124.6-cı maddələrində nəzərdə tutulan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilən inzibati xəta haqqında iş üzrə qərar aşağıdakı hallarda da rəsmi qaydada verilmiş hesab olunur: 57.6.1. nəqliyyat vasitəsinin istifadəçisinin elektron kabinetində olan mobil telefon nömrəsinə inzibati xəta haqqında bu Məcəllənin 125.2.2-ci maddəsində nəzərdə tutulan qaydada SMS məlumat çatdırıldığı vaxtdan; 57.6.2. nəqliyyat vasitəsinin istifadəçisi bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulan qaydada onun elektron kabinetinə yerləşdirilmiş inzibati xəta haqqında iş üzrə qərarla və onun əlavələri ilə tanış olduğu vaxtdan (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda); 57.6.3. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılması və daimi uçota alınması, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının verilməsi, yaxud nəqliyyat vasitəsinə texniki baxışın keçirilməsi və ya sürücülük vəsiqəsinin dəyişdirilməsi zamanı barəsində inzibati xəta haqqında iş üzrə elektron qərar qəbul edilmiş şəxsə həmin qərarın verildiyi vaxtdan (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda); 57.6.4. bu Məcəllənin 97.4-cü maddəsində nəzərdə tutulmuş halda barəsində inzibati xəta haqqında iş üzrə elektron qərar qəbul edilmiş şəxsə həmin qərar verildiyi vaxtdan (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda). 57.7. Bu Məcəllənin 127-4-cü maddəsində nəzərdə tutulmuş qaydada müvafiq informasiya sistemləri (ehtiyatları) vasitəsilə aşkar edilən inzibati xəta haqqında elektron protokol və ya inzibati tənbeh vermə haqqında elektron qərar aşağıdakı hallarda da rəsmi qaydada verilmiş hesab olunur: 57.7.1. inzibati xəta törətmiş şəxsin elektron kabinetində olan mobil telefon nömrəsinə inzibati xəta haqqında bu Məcəllənin 127-5.1.2-ci maddəsində nəzərdə tutulan qaydada SMS məlumat çatdırıldığı vaxtdan; 57.7.2. inzibati xəta törətmiş şəxs bu Məcəllənin 127-5.1.1-ci maddəsində nəzərdə tutulan qaydada onun elektron kabinetinə yerləşdirilmiş inzibati xəta haqqında elektron protokol və ya inzibati tənbeh vermə haqqında elektron qərar və onun əlavələri ilə tanış olduğu vaxtdan (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda)». Yuxarıda qeyd olunduğu kimi, X1 mübahisələndirdiyi qərarlar 2018 və 2019-cu illərdə qəbul edilmiş və həmin illərdə onun elektron kabinetinə yerləşdirilmişlər. Şikayət (ərizə) isə məhkəməyə 03 sentyabr 2021-ci ildə təqdim edilib. Beləliklə, X2 qanunvericiliyin yuxarıda istinad edilən müddəalarında təsbit olunmuş prosessual müddəti buraxıb. Azərbaycan Respublikası İXM-nin 132.1.2-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların mövcud olub-olmadığını yoxlamalıdır. Həmin məsləyə baxaraq belə qənaətə gəlirəm ki, inzibati tənbeh tətbiq etmə haqqında qərarlardan şikayət verilməsi müddətinin buraxılması icraatı rədd edən hal kimi qiymətləndirilməlidir. Yuxarıda göstərilənlərə əsasən, QƏRARA ALDİM: X1 EQ146120, EQ798406, EQ1228802, EQ1431459, EQ1539714, EQ688902, EQ1379334, EQ281584, EQ1065354, EQ934356, EQ563478, EQ393459 nömrəli elektron qərarlarla bağlı ərizəsi (şikayəti) geri qaytarılsın. Hakim Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №3(010)-1109/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №3(010)-1109/2021
08.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver