Məhkəmə qərarları › İş №3(010)-1111/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1111/2021

13.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1111/2021 13.09.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X1 iştirakı ilə, X1, 24 aprel 1982-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN 15GYRN5, subay, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şimal yaşayış sahəsi, Döngə 12, 17 nömrəli evdə qeydiyyatda olan və yaşayan, Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair barəsində Bakı şəhər Suraxanı rayon Polis İdarəsinin Dövlət X6 əməkdaşı, polis kapitanı X5 tərəfindən qəbul edilmiş 19 iyul 2021-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh haqqında qərarın ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: 19 iyul 2021-ci il tarixdə X1 barəsində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında İXP seriyalı, ******* nömrəli protokol tərtib edilmişdir. Həmin protokol əsasında Bakı şəhər Suraxanı rayon Polis İdarəsinin Dövlət X6 əməkdaşı, polis kapitanı X3 qəbul etdiyi eyni tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh haqqında qərarla Ş.M.Tağıyev 60 manat məbləğində cərimə olunmuşdur. 03 sentyabr 2021-ci il tarixdə X1 Bakı şəhər Suraxanı rayon Polis İdarəsinin Dövlət X6 əməkdaşı, polis kapitanı X3 qəbul etdiyi 19 iyul 2021-ci il tarixli TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında X2 göstərdi ki, 18 iyul 2021-ci il tarixdə idarə etdiyi “Toyota Prius” markalı, ** PV *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Suraxanı rayonu, Y.Eyvazov küçəsində öz yolu ilə hərəkətdə olarkən, küçə sola tərəf döndüyündən hərəkətini sola tərəf davam etdirmişdir. Elə bu zaman qarşı tərəfdən gələn “Ford Transit” markalı, ** MX *** dövlət qeydiyyat nişanlı avtomobil sərt dönmə əməliyyatı həyata keçirərək, qəfil onun yoluna çıxmış və maşınının qabaq sol və ön yan hissəsindən vuraraq yol-nəqliyyat hadisəsi törətmişdir. Hadisəni araşdıran Bakı şəhər Suraxanı rayon Polis İdarəsinin Dövlət X6 əməkdaşı, polis kapitanı X5 tərəfindən hadisənin təfərrüatları düzgün araşdırılmayaraq, 19 iyul 2021-ci il tarixdə barəsində tərtib edilmiş İXP seriyalı, ******* nömrəli protokolda guya onun nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmaqla manever qaydalarını pozduğu qeyd edilmiş və nəticədə inzibati tənbeh vermə haqqında 19 iyul 2021-ci il tarixli TP seriyalı, ******* nömrəli qərarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 60 manat məbləğində cərimə edilmişdir. Barəsində tərtib edilmiş protokol və onun əsasında qəbul edilmiş qərar əsassızdır və ona görə də qərar ləğv edilməli və barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yol nəqliyyat hadisəsinin baş verdiyi andan sonra tərəfindən, hadisə videoya çəkilmişdir və hazıradək istifadəsində olan mobil telefonun yaddaşında saxlanılır. Həmin videodan da açıq-aşkar sürətdə görünür ki, toqquşma onun getdiyi hərəkət zolağında baş vermişdir. Hər nə qədər hərəkət zolaqlarını və ya əks istiqamətli yolu bir birindən ayıran xətt olmasa da, yolun eninin ölçüsü götürülməklə, hər istiqamət üçün hərəkət zolağının ölçüsünü və toqquşmanın hərəkətədə olan hansı nəqliyyat vasitəsinin hərəkət hissəsində baş verdiyini müəyyən etmək olar. Lakin yol nəqliyyat hadisəsini araşdıran və sonunda mübahisələndirdiyi qərarı qəbul etmiş məsul şəxs bunları etməyərək, yalnız hansısa maraq xatirinə öz mülahizələrinə əsaslanaraq qərar qəbul etmişdir. Sonda Ş.M.Tağıyev Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair barəsində Bakı şəhər Suraxanı rayon Polis İdarəsinin Dövlət X6 əməkdaşı, polis kapitanı X5 tərəfindən qəbul edilmiş 19 iyul 2021-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh haqqında qərarın ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Bakı şəhər Suraxanı rayon Polis İdarəsinin Dövlət X8 məhkəmə iclasının vaxtı və yeri haqqında bildiriş göndərilməsinə baxmayaraq, səlahiyyətli nümayəndənin məhkəmə iclasında iştirakı təmin edilməmiş, nümayəndənin məhkəməyə gəlməməsinin səbəbi və mümkünsüzlüyü bildirilməmiş, bu barədə sübutlar təqdim edilməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət verilməmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, şikayət əsaslı olduğuna görə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 75.0, 75.0.1, 75.0.6 və 75.0.7-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. “Yol-patrul xidməti haqqında” Təlimatın 2.5.2-ci bəndinə əsasən yol patrul xidməti, xidməti-əməliyyat nəqliyyat vasitələri ilə (keşik avtomobilləri və motosikletləri, qəza yerinə çıxış avtomobilləri, evakuatorlar və sair), əməliyyat-texniki vasitələri ilə (nəqliyyatın axınına nəzarət, yol hərəkəti qaydalarını pozma hallarını qeydə alan, qəza yerinə baxış, sərxoşluq dərəcəsini müəyyən edən cihazlar və sair), rabitə (radiorabitə, radiorele, telefon, faksmil, mobil telefonlar, peycerlər, kompüterlər və s.) və xüsusi vasitələrlə təmin olunurlar. Həmin Təlimatın 2.5.3-cü bəndinə əsasən xidməti-əməliyyat nəqliyyat vasitələrindən istifadə edilməklə yol hərəkətinə nəzarətə yalnız onların istifadəsi üzrə xüsusi hazırlıq keçmiş və məqbullar vermiş müfəttişlər buraxılırlar. Xidmətdə istifadə olunan nəzarət-ölçü cihazları müvafiq qaydada dövlət nəzarətindən keçirilərək onların istifadəyə yararlığı barədə şəhadətnamə alınmalıdır. Azərbaycan Respublikası İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş, lakin məhkəməyə gəlməyən qərarından şikayət verilmiş şəxs isə məhkəməyə, Ş.M.Tağıyevin barəsində inzibati xəta haqqında protokol tərtib edilərkən əməlində inzibati xətanın olubolmamasının, inzibati xəta törədən şəxsin təqsirinin və işin düzgün həlli üçün əhəmiyyətli olan halların müəyyən edilməsi üçün hal şahidlərinin iştirakının təmin edilməsinə və “Yolpatrul xidməti haqqında” Təlimata əsasən yol hərəkəti qaydalarını pozma hallarını qeydə alan cihazların görüntülərinə istinad edilməsinə dair hər hansı bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 99.1 və 99.1.1-ci maddələrinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəbdir. Həmin Məcəllənin 99.2-ci maddəsinə əsasən məlumatlara inzibati xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən baxılır. Həmin məlumatlarda inzibati xətanın əlamətlərinin olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması inzibati xəta haqqında işin başlanmasına əsasdır. Həmin Məcəllənin 99.4 və 99.4.2-ci maddələrinə əsasən inzibati xata haqqında iş üzrə icraat inzibati xəta haqqında protokol tərtib edildikdə, yaxud inzibati xəta haqqında iş üzrə icraata başlama haqqında prokuror tərəfindən qərar qəbul edildiyi vaxtdan başlanılmış hesab edilir. Həmin Məcəllənin 114.1, 114.1.1-114.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi, inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 114.2, 114.2.1-114.2.4-cü maddələrinə görə inzibati xəta haqqında işə baxılarkən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, bu Məcəllənin 16.4-cü maddəsinə müvafiq olaraq intizam məsuliyyətinə cəlb etmək barədə qərar qəbul edilməsi üçün materiallar müvafiq icra hakimiyyəti orqanına göndərildikdə, inzibati xəta haqqında işdə cinayətin əlamətləri olduqda, iş üzrə materiallar prokurora, təhqiqat və ya istintaq orqanına göndərildikdə, bu Məcəllənin 16.2-ci maddəsinə müvafiq olaraq inzibati xəta haqqında iş yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaya (kollegial orqana) göndərildikdə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Bakı şəhər Suraxanı rayon Polis İdarəsinin Dövlət X6 əməkdaşı, polis kapitanı X5 isə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün əsaslana bildiyi sübutları əldə etməli, onları işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə qiymətləndirməli, bu zaman şəxsin təqsirli olmasına dair yaranmış şübhələri onun xeyrinə həll etməli olduğu halda, qeyd edilən halları ümumiyyətlə müəyyən etmədən Ş.M.Tağıyevin Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirli olması qənaətinə gəlmişdir. Göründüyü kimi X1 təqsirliliyi sübuta yetirilmədiyi halda onun barəsində inzibati xəta haqqında protokol tərtib edilməklə iş üzrə icraata başlanılmış və nəticədə Ş.M.Tağıyev 19 iyul 2021-ci il tarixli, TP seriyalı, ******* saylı qərarla təqsirli bilinərək 60 manat məbləğində cərimə olunmuşdur. Halbuki, Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İXM-nin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Azərbaycan Respublikası İXM-nin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda, həmin Məcəllənin 53cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Buna görə də məhkəmə hesab edir ki, X1 təqsirliliyi sübuta yetirilmədiyinə görə Bakı şəhər Suraxanı rayon Polis İdarəsinin Dövlət X6 əməkdaşı, polis kapitanı X5 tərəfindən qəbul edilmiş 19 iyul 2021-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X1 şikayəti təmin edilsin. Bakı şəhər Suraxanı rayon Polis İdarəsinin Dövlət X6 əməkdaşı, polis kapitanı X5 tərəfindən qəbul edilmiş 19 iyul 2021-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. Təqsirliliyi sübuta yetirilmədiyinə görə X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar