Məhkəmə qərarları › İş №3(010)-1118/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1118/2021

06.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1118/2021 06.09.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icra məmuru X6 iştirakı ilə, Şəxs, xx xxxxxx 1996-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx, orta ixtisas təhsilli, subay, heç yerdə işləməyən, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Şərq küçəsi, 35A nömrəli evdə qeydiyyatda olmaqla Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Nərimanov küç, 42 nömrəli evdə yaşayan. barəsində Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: 06 sentyabr 2021-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icra məmuru X8 tərəfindən Şəxs Bakı Apellyasiya Məhkəməsinin 27 iyul 20218-ci il tarixli, 2(103)- 2932/2018 nömrəli qətnaməsinə dair icra sənədini üzrsüz səbəbdən icra etməməsinə görə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Şəxs bildirdi ki, Bakı Apellyasiya Məhkəməsinin 27 iyul 20218-ci il tarixli, 2(103)-2932/2018 nömrəli qətnaməsinə əsasən ondan 14.700 manat məbləğində pul vəsaiti tələbkar X3 xeyrinə tutulmuşdur. O, məhkəmənin qərarına hörmətlə yanaşır, heç vaxt icra sənədinin icrasından qərəzli olaraq yayınmamış, sadəcə olaraq heç yerdə işləmədiyindən qeyd edilən məbləği tam ödəyə bilməmişdir. Borcun hissə-hissə ödənilməsi barədə ərizə ilə məhkəməyə müraciət etsə də Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 28 dekabr 2019-cu il tarixli qərardadı ilə xahişi təmin edilməmişdir. Onun maddi imkanı icra sənədi üzrə hər ay 200 manat ödəniş etməyə imkan verir və bu barədə icra sənədinin icrasını həyata keçirən icra məmuru tərəfindən izahatı alınarkən də da bildirmişdir. Lakin tələbkar borc məbləğinin birdəfəlik ödənilməsini tələb edir. Sonuncu dəfə 06 sentyabr 2021-ci il tarixdə 150 manat olmaqla, hal-hazıradək tələbkara 1.250 manat ödəniş etmişdir. Sonda Şəxs məhkəmədən qeyd etdiklərini nəzərə alaraq inzibati məsuliyyətdən azad edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İnzibati xəta törədilməsi haqqında protokolu tərtib etmiş icra məmuru X8 məhkəmədə bildirdi ki, icra sənədi 25 fevral 2019-cu il tarixdə şöbənin icraatına daxıl olmuş, müvafiq qaydada icraata başlanılmış və bu barədə tərəflərə məlumat verilmişdir. Tələb borclu tərəfindən könüllü icra müddətində təmin edilmədiyindən, onun əmlak vəziyyəti yoxlanılmış, lakin borclunun adına tələbin yönəldilə biləcəyi hər hansı bır əmlak aşkar olunmamışdır. İcra sənədinin icrası ilə əlaqədar borclu şöbəyə gəlməkdən yayındığından 14 may 2019-cu il tarixdə onun ünvanına xəbərdarlıq məktubu, 08 avqust 2019-cu ıl tarixdə isə məcburi gətirilmə haqqında qərar qəbul edilərək göndərilmişdir. Bundan sonra da borclu şöbəyə gəlməkdən yayındığından 10 sentyabr 2019-cu il tarixdə onun məcburi gətirilməsi haqqında təqdimatla Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə müraciət olunmuş və məhkəmənin 20 sentyabr 2020-ci il tarixli, 8(010)-765/2019 saylı qərardadı ilə təqdimat təmin edilmişdir. 03 oktyabr 2019-cu il tarixdə borclunun anası X2 şöbəyə gəlmiş, qərar və tələbin könüllü icrası barədə bildirişin surətləri borcluya təqdim edilməsi üçün ona şəxsən təqdim edilmişdir. İcra sənədinin icrası ilə əlaqədar 08 oktyabr 2019-cu il tarixdə borclunun şöbəyə gətirilməsi təmin edilmiş və ilkin izahatı alınmışdır. Borclu izahatında aylıq əmək haqqı 350 manat olan işdə işlədiyini və təiəbi ayda 200 manat olmaqla təmin edə biləcəyini bildirmişdir. Borcluya bu halın qeyri-mümkün olduğu izah edilsə də o, ayda 200 manat ödəniş etməklə tələbi hissə-hissə icra edilməsi barədə ərizə ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə müraciət etmiş, lakin məhkəmənin 29 dekabr 2019-cu il tarixli, 8(010)-974/2019 nömrəli qərardadı ilə ərizə təmin edilməmişdir. Borclu Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin həmin qərardadından apellyasiya şikayəti versə də, şikayət təmin edilməmiş, qərardad qüvvədə saxlanılmışdır. Tələb borclu tərəfindən üzürsüz səbəbdən təmin edilmədiyindən onun ökədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair 10 oktyabr 2019-cu il tarixli təqdimatla Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə müraciət olunmuş və məhkəmənin 30 oktyabr 2019-cu il tarixli, 8(010()-851 /2019-saylı, qərardadı ilə borclunun ölkədən getmək hüququ icra sənədi icra olunanadək müvəqqəti məhdudlaşdırılmışdır. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu 14 aprel 2021-ci il tarixdə yenidən şöbəyə dəvət olunaraq təkrar izahatı alınmışdır. Borcluya izahatında icra sənədinin icrasını təmin etməyəcəyi halda məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıq edilmişdir Bundan sonra borclu tərəfindən 16 iyun 2021-ci il tarixdə tələbkarın xeyrinə 950 manat, 14 avqust 2021-ci il tarixdə 150 manat ödəniş edilmişdir. Borclu Şəxs 06 sentyabr 2021-ci il tarixdə yenidən şöbəyə dəvət olunmuş və izahatı alınmışdır. Borclu izahatında işləmədiyini, maddi imkanının pis olduğunu əsas gətirərək icra sənədinin icrasını ayda 150 manat ödəniş etməklə təmin edə biləcəyini bildirmişdir. İcraat dövründən borclu tərəfindən tələbkarın xeyrinə ümumilikdə 1.300 manat pul vəsaitinin ödənilməsi təmin edilsə də, 06 sentyabr 2021-ci il tarixə 13.400 manat məbləğində borc qalmaqdadır. İcra məmuru həmçinin bildirdi ki, borclu tərəfindən 06 sentyabr 2021-ci il tarixdə 150 manat məbləğində ödəniş edilmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığına görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 27 iyul 20218-ci il tarixli, 2(103)-2932/2018 nömrəli qətnaməsinə dair icra vərəqəsindən görünür ki, Şəxs 14.700 manat məbləğində pul vəsaiti X3 xeyrinə tutulmuşdur. İş materialarına əlavə edilmiş icraata başlamaq haqqında 25 fevral 2019-cu il tarixli qərardan və onun üzərindəki qeyddən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 27 iyul 20218-ci il tarixli, 2(103)-2932/2018 nömrəli qətnaməsinə dair icra sənədi üzrə Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsində icraata başlanılmış, borclu Şəxs 10 gün müddətində icranı könüllü olaraq təmin etməsi təklif edilmiş, həmin icraata başlamaq haqqında qərar Şəxs təqdim edilməsi üçün anası X1 şəxsən təqdim edilmişdir. İş materiallarına əlavə edilmiş tələbin könüllü icrası haqqında 25 fevral 2019-cu il tarixli bildirişdən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 27 iyul 20218-ci il tarixli, 2(103)-2932/2018 nömrəli qətnaməsinə dair icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra olunması A.N.Nurmmmədovadan xahiş olunmuş, göstərilən müddət ərzində tələbi üzrsüz səbəbdən icra etməyəcəyi təqdirdə icranın məcburi qaydada təmin ediləcəyi, həmçinin “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 78, 79 və 81-ci maddələrinə müvafiq olaraq icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı bildirilmişdir. İş materiallarında olan ödəniş qəbzlərindən görünür ki, borclu Şəxs tələbkar X4 Bakı Apellyasiya Məhkəməsinin 27 iyul 20218-ci il tarixli, 2(103)-2932/2018 nömrəli qətnaməsinə dair icra sənədi üzrə 16 iyun 2021-ci il tarixdə 950 manat, 17 avqust 2021-ci il və 06 sentyabr 2021-ci il tarixlərdə isə 300 manat olmaqla, ümumilikdə 1.250 manat ödəniş etmişdir. Bundan əlavə, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 44.1-ci maddəsinə əsasən həmin Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi və könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqi üçün əsasları təşkil edir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 43.1-ci maddəsinə görə borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi, tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi, tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi, icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi məcburi icra tədbirləridir. Həmin Qanunun 63.1, 63.1.1-63.1.3-cü maddələrinə əsasən tələbin borclunun əmək haqqına və digər gəlirlərinə yönəldilməsinə vaxtaşırı ödəmələrin tutulması haqqında icra sənədləri icra edildiyi, icra sənədində göstərilən tələb üzrə tutulmalı olan məbləğin həcmi bu Qanunun 65-ci maddəsində müəyyən edilmiş miqdardan artıq olmadığı və tələbin tam ödənilməsi üçün borclunun əmlakı olmadıqda və ya onun əmlakı kifayət etmədiyi hallarda yol verilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 65.1-ci maddəsinə əsasən icra sənədi icra edilərkən borclunun əmək haqqından və ona bərabər sayılan digər gəlirlərindən tutmaların məbləği 50 faizdən çox ola bilməz. İnzibati xəta hqqqında işin məhkəmə baxışı zamanı müəyyən edildi ki, Şəxs 350 manat əmək haqqı almasına baxmayaraq, icra məmuru tərəfindən tutma, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 65.1-ci maddəsində müəyyən edilmiş həddə borclunun əmək haqqına yönədilməmiş, icra sənədinin icrası Şəxs məlum olmayan əmlakı hesabına icra edilməsi borcludan tələb edilmişdir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin dispozisiyasından görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə borclu Şəxs Bakı Apellyasiya Məhkəməsinin 27 iyul 20218-ci il tarixli, 2(103)-2932/2018 nömrəli qətnaməsinə dair icra sənədi üzrə tələbkara 1.250 manat ödəniş etdiyini, habelə Şəxs 350 manat əmək haqqı almasına baxmayaraq, icra məmuru tərəfindən tutmanın, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 65.1-ci maddəsində müəyyən edilmiş həddə borclunun həmin əmək haqqına yönədilmədiyini nəzərə alaraq hesab edir ki, hazırki vəziyyətdə Şəxs əməlinin sözügedən icra sənədinin icrasından qərəzli olaraq boyun qaçırması kimi tövsif edilməsi və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibinin bütün əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs qismində təqsirli hesab edilməsi yol verilməzdir. Bununla da Şəxs Bakı Apellyasiya Məhkəməsinin 27 iyul 20218-ci il tarixli, 2(103)- 2932/2018 nömrəli qətnaməsinə dair icra sənədini üzrsüz səbəbdən icra etməməsi sübuta yetirilmir. Beləliklə, işdə olan sübutlarla Şəxs əməlində inzibati xəta tərkibi olmadığı müəyyən edildiyindən onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4, 114.2 və 114.2.1-ci maddələrinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 53.0 və 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 105.1, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Əməlində inzibati xəta tərkibi olmadığına görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar