Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1124/2020 08.10.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi X8 oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 və icra sənədi üzrə tələbkar Paşayeva (Hüseynova) Aytən Zabil qızının nümayəndəsi X1 iştirakı ilə, Şəxs, xx xxxxxx 1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx, boşanmış, bir yetkinlik yaşına çatmayan uşağı olan, Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətində yol mantyoru vəzifəsində işləyən, Bakı şəhəri, Suraxanı rayonu, X.Ələkbərov küçəsi, 59 nömrəli evdə qeydiyyatda olan, barəsində Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: xx xxxxxxx 2020-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X6 tərəfindən Şəxs Bakı şəhər Suraxanı rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(010)-2466/2019 nömrəli qətnaməsinə dair icra vərəqəsi üzrə yaranmış 2.926 manat məbləğində aliment borcunu üzrsüz səbəbdən icra etməməsinə görə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Şəxs bildirdi ki, Bakı şəhər Suraxanı rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(010)-2466/2019 nömrəli qətnaməsinə əsasən ondan xx xxxxx 2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 154 manat sabit pul məbləğində aliment tutularaq Paşayeva (Hüseynova) Aytən Zabil qızına ödənilməlidir. O, Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətində yol mantyoru vəzifəsində işləyir və tələb hal-hazırda onun əmək haqqına yönəldilmişdir. Lakin buna baxmayaraq icra məmuru tərəfindən barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Sonda Şəxs məhkəmədən qeyd etdiklərini nəzərə alaraq inzibati məsuliyyətdən azad edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İnzibati xəta törədilməsi haqqında protokolu tərtib etmiş icra məmuru X6 məhkəmədə bildirdi ki, icra sənədi Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olduqdan sonra müvafiq qaydada icraata başlanılmış, icraata başlamaq haqqında qərar və bildiriş borclunun yaşadığı ünvana göndərilmiş və könüllü icra üçün borcluya 10 gün müddətinə vaxt verilmişdir. Lakin borclu qanunla müəyyən edilmiş müddət ərzində icranı könüllü olaraq təmin etməmişdir. Buna görə borclu şöbəyə dəvət olunaraq izahatı alınmış, eyni zamanda icra sənədini icra etməyəcəyi təqdirdə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyəti barədə xəbərdar olunmuşdur. Bundan əlavə məcburi icra tədbirləri qismində tələbin borclunun bankda olan pul vəsaitlərinə və sair gəlirlərinə, habelə əmlakına yönəldilməsi məqsədilə müvafiq qurum və təşkilatlara sorğular verilmiş, lakin tələbin yönəldilə biləcək vəsait və ya əmlak aşkar edilməmişdir. Göründüyü kimi borclu bir icra məmuru kimi onun qanuni tələblərini yerinə yetirməyərək icra sənədi üzrə yaranmış borcunu ödəməmişdir. Bu səbəbdən də məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi bu günə kimi icra olunmamışdır. Buna görə də icra sənədinin icrasının təmin edilməsinə nail olmaq məqsədilə borclu Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib etmişdir. Məhkəmə iclasında icra sənədi üzrə tələbkar Paşayeva (Hüseynova) Aytən Zabil qızının nümayəndəsi X4 göstərdi ki, Bakı şəhər Suraxanı rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(010)-2466/2019 nömrəli qətnaməsinə əsasən Şəxs xx xxxxx 2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 154 manat sabit pul məbləğində aliment tutularaq Paşayeva (Hüseynova) Aytən Zabil qızına ödənilməlidir. Borclu müxtəlif bəhanlər gətirərək icra sənədini lazımi qaydada icra etməmiş və nəticədə onun 2.926 manat aliment borcu yaranmışdır. Borclu barəsində inzibati protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərildikdən sonra müəyyən olunmuşdur ki, tələb borclunun əmək haqqına yönəlmişdir. Sonda E.C.Məmmədov borclu Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi və icra sənədi üzrə tələbkarın nümayəndəsini dinləyərək, məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığına görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhər Suraxanı rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(010)-2466/2019 nömrəli qətnaməsinə dair icra vərəqəsindən görünür ki, Şəxs xx xxxxx 2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 154 manat sabit pul məbləğində aliment tutularaq X5 ödənilməlidir. İş materiallarında olan “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti İnfrastruktur Departamenti 4 nömrəli Bakı Yol Sahəsinin xx xxxxxxx 2020-ci il tarixli arayışından görünür ki, Şəxs mantyor vəzifəsində işləyir və Bakı şəhər Suraxanı rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(010)-2466/2019 nömrəli qətnaməsinə dair icra vərəqəsi üzrə tələb onun əmək haqqının 70%-nə yönəlmişdir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin dispozisiyasından görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 44.1-ci maddəsinə əsasən həmin Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi və könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqi üçün əsasları təşkil edir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 43.1-ci maddəsinə görə borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi, tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi, tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi, icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi məcburi icra tədbirləridir. Həmin Qanunun 63.1, 63.1.1-63.1.3-cü maddələrinə əsasən tələbin borclunun əmək haqqına və digər gəlirlərinə yönəldilməsinə vaxtaşırı ödəmələrin tutulması haqqında icra sənədləri icra edildiyi, icra sənədində göstərilən tələb üzrə tutulmalı olan məbləğin həcmi bu Qanunun 65-ci maddəsində müəyyən edilmiş miqdardan artıq olmadığı və tələbin tam ödənilməsi üçün borclunun əmlakı olmadıqda və ya onun əmlakı kifayət etmədiyi hallarda yol verilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 65.1-ci maddəsinə əsasən icra sənədi icra edilərkən borclunun əmək haqqından və ona bərabər sayılan digər gəlirlərindən tutmaların məbləği 50 faizdən çox ola bilməz. Həmin Qanunun 65.2-ci maddəsinə əsasən tələb, bir neçə icra sənədi üzrə borclunun əmək haqqına və ona bərabər sayılan digər gəlirlərinə yönəldildikdə, qazancın 50 faizi borcluda qalmalıdır. Həmin Qanunun 65.3-cü maddəsinə əsasən alimentlərin tutulması, sağlamlığa vurulmuş ziyanın ödənilməsi, ailəni dolandıranın itkisi nəticəsində zərər çəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsi və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsi zamanı bu Qanunun 65.1-ci və 65.2-ci maddələri ilə müəyyən edilmiş məhdudiyyətlər tətbiq edilmir. Belə hallarda əmək haqqından və ona bərabər sayılan digər gəlirlərdən tutmaların məbləği 70 faizdən çox ola bilməz. Məhkəmə Bakı şəhər Suraxanı rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(010)-2466/2019 nömrəli qətnaməsinə dair icra sənədi üzrə tələbin borclu Şəxs əmək haqqının 70%-nə yönəldiyini nəzərə alaraq hesab edir ki, Şəxs əməlinin sözügedən icra sənədinin icrasından qərəzli olaraq boyun qaçırması kimi tövsif edilməsi və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibinin bütün əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs qismində təqsirli hesab edilməsi yol verilməzdir. Bununla da Şəxs Bakı şəhər Suraxanı rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(010)-2466/2019 nömrəli qətnaməsi üzrə icra sənədini üzrsüz səbəbdən icra etməməsi sübuta yetirilmir. Beləliklə, işdə olan sübutlarla Şəxs əməlində inzibati xəta tərkibi olmadığı müəyyən edildiyindən onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4, 114.2 və 114.2.1-ci maddələrinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 53.0 və 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 105.1, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Əməlində inzibati xəta tərkibi olmadığına görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin Hakimi Elnur Nuriyev
Məhkəmə qərarları › İş №3(010)-1124/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1124/2020
08.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver