Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1124/2021 17.09.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icra məmuru X3 və icra sənədi üzrə tələbkarın nümayəndəsi və vəkili, Bakı şəhəri 21 saylı Vəkil Bürosunun vəkili X1 iştirakı ilə, Şəxs, xx xxxxxx 1967-ci ildə Ermənistan Respublikasının, Krasneselo rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx, orta təhsilli, evli, heç yerdə işləməyən, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “AB” yaşayış sahəsi, 54 nömrəli evin 44 nömrəli mənzilində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Bakı Apellyasiya Məhkəməsinin 10 fevral 2020-ci il tarixli, 2(103)-1389/2020 nömrəli qətnaməsinə dair icra sənədinə əsasən Şəxs cəmi 1.636 manat məbləğində pul vəsaiti X2 xeyrinə tutulmalıdır. Həmin icra sənədinin icrasını həyata keçirən Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icra məmuru tərəfindən Şəxs dəfələrlə icra sənədinin icra edilməsi tələb olunsa da, Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək, üzrsüz səbəbdən icra sənədini icra etməmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Şəxs inzibati xəta törədilməsi haqqında protokolda göstərilən xüsusatları təsdiq edərək və inzibati xətanı törətməsində özünü təqsirli bilərək, etdiyi əməldən səmimi peşman olduğunu bildirərək göstərdi ki, məhkəmənin qərarına hörmətlə yanaşır, icra sənədinin icrasından qərəzli olaraq yayınmır. Sadəcə olaraq pandemiya ilə əlaqədar işsiz olduğuna görə borcunu birdəfəlik ödəyə bilməmişdir. Hal-hazırda maddi imkanı ilə əlaqədar olaraq borcunu yalnız hissə-hissə ödəmək iqtidarındadır. Tələbkarla əlaqə saxlayıb məsələnin həlli üçün görüşmələrini təklif etsə də, sonuncu görüşməkdən imtina etmişdir. Habelə icra məmuruna 500 (beş yüz) manat məbləğində ödəniş etmək istədiyini bildirmiş, lakin icra məmuru tərəfindən ona müvafiq rekvizitlər təqdim edilməmişdir. Hal-hazırda da həmin məbləği ödəmək istəyir, lakin istər icra məmuru, istərsə də tələbkarın nümayəndəsi həmin məbləği qəbul etmirlər. Halbuki tələbkar qeyd edilən məbləği qəbul edəcəyi təqdirdə, qısa müddət ərzində qalıq borcunu da tam olaraq ödəyəcəkdir. Sonda Şəxs məhkəmədən qeyd etdiklərini nəzərə alaraq barəsində yüngül həddə inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. İnzibati xəta törədilməsi haqqında protokolu tərtib etmiş icra məmuru X5 məhkəmədə bildirdi ki, icra sənədi Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icraatına daxil olduqdan sonra müvafiq qaydada icraata başlanılmış, borcluya 10 gün müddətində icranı könüllü olaraq təmin etməsi təklif olunmuş və icraata başlamaq haqqında qərar bildirişlə birlikdə borcluya şəxsən təqdim edilmişdir. Lakin borclu qanunla müəyyən edilmiş müddət ərzində icranı könüllü olaraq təmin etməmişdir. Buna görə borclu şöbəyə dəvət olunaraq izahatı alınmış, eyni zamanda icra sənədini icra etməyəcəyi təqdirdə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyəti barədə xəbərdar olunmuşdur. Bundan əlavə məcburi icra tədbirləri qismində tələbin borclunun bankda olan pul vəsaitlərinə və sair gəlirlərinə, habelə əmlakına yönəldilməsi məqsədilə müvafiq qurum və təşkilatlara sorğular verilmiş, lakin tələbin yönəldilə biləcək vəsait və ya əmlak aşkar edilməmişdir. Göründüyü kimi borclu bir icra məmuru kimi onun qanuni tələblərini yerinə yetirməyərək icra sənədi üzrə yaranmış borcunu ödəməmişdir. Bu səbəbdən də məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi bu günə kimi icra olunmamışdır. Borclu sonradan çağırış üzrə şöbəyə gəlməkdən yayındığına görə onun məcburi qaydada gətirilməsi üçün məhkəməyə təqdimatla müraciət edilməsi qərara alınmış və Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 05 mart 2021-ci il tarixli qərardadı ilə Şəxs məcburi qaydada Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinə gətirilməsi qərara alınmışdır. Borclu yalnız 07 sentyabr 2021-ci il tarixdə şöbəyə gətirilmiş və o, icra sənədinin icrasının təmin edilməsinə nail olmaq məqsədilə borclu Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib etmişdir. İcra məmuru X5 həmçinin bildirdi ki, borclu yalnız sonuncu məhkəmə iclasında tələbkara 500 manat ödəniş etmək istədiyini bildirmiş, lakin tələbkarın nümayəndəsi borc məbləğinin birdəfəlik ödənilməsini tələb edərək, həmin 500 manat pulu qəbul etməkdən imtina etmişdir. Belə olan halda borclu ondan, həmin məbləğin aktlaşdırılaraq götürməsini xahiş etmiş, sonuncuya həmin vəsaiti tələbkarın adına açılmış hesaba mədaxil etməyi tövsiyyə etmişdir. Belə ki, borcluya müvafiq rekvizitlər məlumdur və onun, icra sənədi üzrə ödəmək istədiyi vəsaiti tələbkarın adına açılmış hesaba əvvəlcədən ödəmək imkanı olmuşdur. İcra sənədi üzrə tələbkarın nümayəndəsi və vəkili X4 məhkəmədə bildirdi ki, icra məmuru tərəfindən borlcuya icra sənədi üzrə borcunu könüllü olaraq ödəməsi üçün vaxt verilməsinə baxmayaraq, borclu müəyyən edilmiş müddət ərzində icranı könüllü olaraq təmin etməmişdir. Borclu borcunu ödəmək əvəzinə, tələbkara zəng edərək onu hədələmiş, nalayiq ifadələrlə sonuncunu təhqir etmişdir. Borclunun kifayət qədər maddi imkanı olsa da o, müxtəlif bəhanələr gətirərək icra sənədini icra etməkdən qərəzli olaraq yayınır. İcra sənədi üzrə tələbkar borc məbləğinin birdəfəlik ödənilməsini tələb edir, buna görə də borclunun hazırda təklif etdiyi 500 manat məbləğində vəsaiti qəbul etməkdən qəti şəkildə imtina edir. Sonda icra sənədi üzrə tələbkarın nümayəndəsi və vəkili X4, borclu Şəxs barəsində həbs növündə inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi və icra sənədi üzrə tələbkarın nümayəndəsini və vəkilini dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, iş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 10 fevral 2020-ci il tarixli, 2(103)-1389/2020 nömrəli qətnaməsinə dair icra vərəqəsindən görünür ki, borclu Şəxs cəmi 1.636 manat məbləğində pul vəsaiti X2 xeyrinə tutulmalıdır. İş materialarına əlavə edilmiş icraata başlamaq haqqında 29 iyul 2020-ci il tarixli qərardan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 10 fevral 2020-ci il tarixli, 2(103)- 1389/2020 nömrəli qətnaməsinə dair icra sənədi üzrə Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsində icraata başlanılmış, borclu Şəxs 10 gün müddətində icranı könüllü olaraq təmin etməsi təklif olunmuşdur. İş materiallarına əlavə edilmiş tələbin könüllü icrası haqqında 29 iyul 2020-ci il tarixli bildirişdən və onun üzərindəki qeyddən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 10 fevral 2020-ci il tarixli, 2(103)-1389/2020 nömrəli qətnaməsinə dair icra sənədi üzrə tələbin 10 gün müddətində könüllü icra olunması Şəxs xahiş olunmuş, göstərilən müddət ərzində tələbi üzrsüz səbəbdən icra etməyəcəyi təqdirdə icranın məcburi qaydada təmin ediləcəyi, həmçinin “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 78, 79 və 81-ci maddələrinə müvafiq olaraq icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı bildirilmişdir. Həmin bildirişin surəti Şəxs 02 sentyabr 2020-ci il tarixdə şəxsən təqdim edilmişdir İş materiallarında olan 05 oktyabr 2020-ci il tarixli və 10 noyabr 2020-ci il tarixli xəbərdarlıq məktublarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 10 fevral 2020-ci il tarixli, 2(103)-1389/2020 nömrəli qətnaməsinə dair icra sənədini tam şəkildə təmin etməsi üçün Şəxs müvafiq olaraq, hər dəfə 10 gün vaxt verilmiş, əks təqdirdə barəsində məcburi icra tədbirlərinin tətbiq ediləcəyi, habelə inzibati və cinayət məsuliyyəti barədə xəbərdar edilmişdir. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini xarakterizə edən halları, yaşını, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. Məhkəmə Şəxs törədilmiş inzibati xətadan səmimi peşmançılığını onun məsuliyyətini yüngülləşdirən hallar hesab edir. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə işin hallarını nəzərə alaraq, hesab edir ki, Şəxs cərimə növündə inzibati tənbeh kifayət edir və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 55, 114- 115, 128-132-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 500 (beş yüz) manat məbləğində cərimə tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elnur Nuriyev
Məhkəmə qərarları › İş №3(010)-1124/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1124/2021
17.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver