Məhkəmə qərarları › İş №3(010)-1130/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1130/2021

08.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1130/2021 08.09.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məsləhətçi Nayıbov Pərviz Şakir oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin sahə inspektoru X1 iştirakı ilə, Şəxs, xx xxx 1990-cı il tarixdə Əli-bayramlı (Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Şirvan şəhəri, S.Vurğun küçəsi, 4 nömrəli evin 19 nömrəli mənzilində qeydiyyatda olmaqla Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsi, 13 nömrəli evin 219 nömrəli mənzilində yaşayan, barəsində Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs, 07 sentyabr 2021-ci il tarixdə, saat 17:30-da Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsi, 13 saylı binanın yaxınlığında özünü şübhəli apardığına görə ona yaxınlaşıb şəxsiyyətini təsdiq edən sənədini təqdim etməsini tələb edən Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin sahə inspektoru X1 tələbinə məhəl qoymamış, şəxsiyyəti müəyyən edilməsi üçün Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinə aparılması məqsədilə xidməti avtomobilə əyləşdirilərkən isə ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis işçisi A.F.İbrahimova müqavimət göstərərək, onunla etik normalara uyğun olmayan tərzdə kobud rəftar etmişdir. Bununla da Şəxs ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis işçisinin qanuni tələblərinə tabe olmamışdır. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında 08 sentyabr 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli protokol tərtib edilmişdir. Məhkəmə iclasında Şəxs inzibati xəta törədilməsi haqqında protokolda göstərilən xüsusatları təsdiq edərək və inzibati xətanı törətməsində özünü təqsirli bilərək göstərdi ki, 07 sentyabr 2021-ci il tarixdə, saat 17:30 radələrində siqaret almaq üçün həyətə düşmüş, həmin vaxt polis əməkdaşı yaxınlaşıb özünü təqdim etdikdən sonra ondan şəxsiyyətini təsdiq edən sənədini təqdim etməyi istəmiş, o isə polis əməkdaşına şəxsiyyət vəsiqəsinin üstündə olmadığını bildirmişdir. Polis əməkdaşı ondan adını soruşduqda, adını deməyərək polis əməkdaşı ilə kobud rəftar etmiş, onu itələyərək çıxıb getməyə cəhd etmişdir. Buna görə də polis bölməsinə gətirilmiş və orada izahatı alındıqdan sonra barəsində inzibati protokol tərtib etmişdir. Sonda Şəxs etdiyi əməldən səmimi peşman olduğunu bildirdi və məhkəmədən barəsində yüngül həddə inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. İnzibati xəta haqqında protokolu tərtib etmiş, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin sahə inspektoru X2 məhkəmədə göstərdi ki, 07 sentyabr 2021-ci il tarixdə, saat 17:30-da Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsi, 13 saylı binanın yaxınlığında özünü şübhəli aparan, şəxsiyyətini sonradan müəyyən etdiyi Şəxs yaxınlaşıb şəxsiyyətini təsdiq edən sənədini təqdim etməsini etdikdə sonuncu onun qanuni tələbinə tələbinə məhəl qoymamış, şəxsiyyəti müəyyən edilməsi üçün Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinə aparılması məqsədilə xidməti avtomobilə əyləşdirilərkən isə ona müqavimət göstərmiş, onunla etik normalara uyğun olmayan tərzdə kobud rəftar etmişdir. Buna baxmayaraq Şəxs Bakı şəhəri, Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinə gətirilmiş, orada onun izahatı alınarkən o, inzibati xətanı törətdiyini etiraf etmiş və əməlindən səmimi peşman olduğunu bildirmişdir. Buna görə də Şəxs izahatını alındıqdan sonra onun barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tövsif olunmuşdur. İş materiallarında olan 07 sentyabr 2021-ci il tarixli raportdan görünür ki, Şəxs 07 sentyabr 2021-ci il tarixdə, saat 17:30-da Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsi, 13 saylı binanın yaxınlığında özünü şübhəli apardığına görə ona yaxınlaşıb şəxsiyyətini təsdiq edən sənədini təqdim etməsini tələb edən polis əməkdaşına sənəd təqdim etməkdən imtina edərək onun tələbinə məhəl qoymamış, şəxsiyyəti müəyyən edilməsi üçün polis bölməsinə aparılması məqsədilə xidməti avtomobilə əyləşdirilərkən isə ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis işçisinə müqavimət göstərərək, onunla etik normalara uyğun olmayan tərzdə kobud rəftar etmişdir. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini xarakterizə edən halları, cavanlığını, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. Məhkəmə Şəxs törədilmiş inzibati xətadan səmimi peşmançılığını onun məsuliyyətini yüngülləşdirən hal hesab edir. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. İş materiallarında olan tutma protokolundan görünür ki, Şəxs 07 sentyabr 2021-ci il tarixdə, saat 18:00-da inzibati qaydada tutulmuş, 09 sentyabr 2021-ci il tarixdə azad edilmişdir. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, Şəxs cərimə növündə inzibati tənbeh kifayət edir və inzibati qaydada tutulmuş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə, həmin Məcəllənin 31.4-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 150 (yüz əlli) manat məbləğində cərimə tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar