Məhkəmə qərarları › İş №3(010)-1136/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1136/2021

17.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1136/2021 17.09.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Axundzadə (Əzizova) Cavidə Vidadi qızının, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icra məmuru X1 və icra sənədi üzrə tələbkar X2 iştirakı ilə, Axundzadə (Əzizova) Cavidə Vidadi qızının, 10 avqust 1977-ci il tarixdə Cəbrayıl rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx, evli, himayəsində bir yetkinlik yaşına çatmayan uşağı olan, Bakı şəhəri, Suraxanı rayanu, Qaraçuxur qəsəbəsi, Ə.Mehbalıyev küç, 38A nömrəli evin 1 nömrəli mənzilində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: 08 sentyabr 2021-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icra məmuru X4 tərəfindən Axundzadə (Əzizova) Cavidə Vidadi qızının Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 06 noyabr 2020-ci il tarixli, 2(010)-877/2020 nömrəli qətnaməsinə dair icra vərəqəsi üzrə 11.500 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaitini üzrsüz səbəbdən icra etməməsinə görə Axundzadə (Əzizova) Cavidə Vidadi qızı barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Axundzadə (Əzizova) Cavidə Vidadi qızı bildirdi ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 06 noyabr 2020-ci il tarixli, 2(010)-877/2020 nömrəli qətnaməsinə əsasən ondan 11.500 manat məbləğində və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq X3 ödənilməlidir. Qeyd edilən məbləği özünə deyil başqa bir şəxsə, iş üçün götürmüşdür. O, məhkəmənin qərarına hörmətlə yanaşır və icra sənədinin icrasından qərəzli olaraq yayınmır, sadəcə olaraq maddi imkanı icra sənədini birdəfəlik icra etməyə imkan vermir. Belə ki, himayəsində yetkinlik yaşına çatmayan uşağı var, həyat yoldaşı heç bir yerdə işləmir, ailədə yeganə qazanc mənbəyi özüdür. Onun maaşı isə ailəsinin təlabatlarını güclə ödəyir. Məhz bu səbəbdən də icra sənədi üzrə ödəniş edə bilməmişdir. Bununla belə hazırda o, icra sənədi üzrə 1.000 manat ödəniş etmiş, qalan məbləğin isə hissə-hissə olmaqla 01 (bir) il ərzində ödəyəcəyinə dair təlabkarla razılığa gəlmişdir. Sonda Axundzadə (Əzizova) Cavidə Vidadi qızı məhkəmədən qeyd etdiklərini nəzərə alaraq, inzibati məsuliyyətdən azad edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İnzibati xəta törədilməsi haqqında protokol tərtib etmiş icra məmuru X4 məhkəmədə bildirdi ki, icra sənədi Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icraatına daxil olduqdan sonra müvafiq qaydada icraata başlanılmış, borcluya 10 gün müddətində icranı könüllü olaraq dərhal təmin etməsi təklif olunmuş və icraata başlamaq haqqında qərar bildirişlə birlikdə borcluya şəxsən təqdim edilmişdir. Eyni zamanda borclu icra sənədini icra etməyəcəyi təqdirdə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyəti barədə xəbərdar olunmuşdur. Lakin borclu qanunla müəyyən edilmiş müddət ərzində icranı könüllü olaraq təmin etməmişdir. Buna görə məcburi icra tədbirləri qismində tələbin borclunun bankda olan pul vəsaitlərinə və əmlakına yönəldilməsi məqsədilə müvafiq qurum və təşkilatlara sorğular verilmiş, lakin tələbin yönəldilə biləcək vəsait və ya əmlak aşkar edilməmişdir. Göründüyü kimi borclu bir icra məmuru kimi onun qanuni tələblərini yerinə yetirməyərək icra sənədi üzrə yaranmış borcunu ödəməmişdir. Bu səbəbdən də məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi bu günə kimi icra olunmamışdır. Buna görə də icra sənədinin icrasının təmin edilməsinə nail olmaq məqsədilə Axundzadə (Əzizova) Cavidə Vidadi qızı barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib etmişdir. Borclu yalnız barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola məhkəmədə baxıldığı zaman tələbkara 1.000 manat ödəniş etmiş və buna görə də sonuncu ilə sonrakı ödənişlər barədə öz aralarında razılığa gəlmişdir. Məhkəmə iclasında icra sənədi üzrə tələbkar X5 göstərdi ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 06 noyabr 2020-ci il tarixli, 2(010)-877/2020 nömrəli qətnaməsinə əsasən 11.500 manat və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu Axundzadə (Əzizova) Cavidə Vidadi qızından onun xeyrinə tutulmuşdur. Lakin borclu müxtəlif bəhanələr, o cümlədən maddi vəziyyətinin ağır olmasını əsas gətirərək icra sənədi üzrə öhdəliyini icra etmir. Halbuki, qanunvericiliyin tələbinə əsasən borclunun maddi vəziyyətinin ağır olması onu icra sənədini icra etməkdən azad etmir. Buna görə də o, ərizə ilə Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinə müraciət edərək, icra sənədinin icrasını həyata keçirən icra məmurundan müvafiq tədbirlər görməsini xahiş etmişdir. Hal-hazırda borclu ona 1.000 manat ödəniş etmiş, qalan məbləğin isə hər ay hissə-hissə ödənilməsi barədə öz aralarında razılığa gəlmişlər. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi və icra sənədi üzrə tələbkarı dinləyərək, məhkəmə hesab edir ki, Axundzadə (Əzizova) Cavidə Vidadi qızının əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığına görə Axundzadə (Əzizova) Cavidə Vidadi qızının barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 06 noyabr 2020-ci il tarixli, 2(010)-877/2020 nömrəli qətnaməsindən görünür ki, Şəxs 11.500 manat və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu X2 xeyrinə tutulmuşdur. İş materialarına əlavə edilmiş icraata başlamaq haqqında 01 fevral 2021-ci il tarixli qərardan və onun üzərindəki qeyddən görünür ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 06 noyabr 2020-ci il tarixli, 2(010)-877/2020 nömrəli qətnaməsinə dair icra sənədi üzrə Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsində icraata başlanılmış, borclu Axundzadə (Əzizova) Cavidə Vidadi qızına 10 gün müddətində icranı könüllü təmin etməsi təklif olunmuş, həmin qərar Axundzadə (Əzizova) Cavidə Vidadi qızına 17 fevral 2021-ci il tarixdə şəxsən təqdim edilmişdir. İş materiallarına əlavə edilmiş tələbin könüllü icrası haqqında 01 fevral 2021-ci il tarixli bildirişdən görünür ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 06 noyabr 2020-ci il tarixli, 2(010)-877/2020 nömrəli icra sənədində göstərilən tələbin 10 gün müddətinə könüllü olaraq icra olunması Axundzadə (Əzizova) Cavidə Vidadi qızından xahiş olunmuş, göstərilən müddət ərzində tələbi üzrsüz səbəbdən icra etməyəcəyi təqdirdə icranın məcburi qaydada təmin ediləcəyi, həmçinin “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 78, 79 və 81-ci maddələrinə müvafiq olaraq icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı bildirilmişdir. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 02 iyul 2021-ci il tarixli, 11/21 nömrəli arayışından görünür ki, Axundzadə (Əzizova) Cavidə Vidadi qızı həqiqətən də həmin cəmiyyətdə işləyir və onun aylıq onun aylıq əmək haqqı 235 manat 25 qəpik təşkil edir. İş materiallarına əlavə edilmiş 17 sentyabr 2021-ci il tarixli qəbzdən görünür ki, icra sənədi üzrə tələbkar X5 17 sentyabr 2021-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon Məhkəməsində borclu Axundzadə (Əzizova) Cavidə Vidadi qızından Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 06 noyabr 2020-ci il tarixli, 2(010)-877/2020 nömrəli qətnaməsinə dair icra sənədi üzrə 1.000 manat məbləğində vəsaiti qəbul etmişdir. İş materiallarında olan 17 sentyabr 2021-ci il tarixli iltizamdan görünür ki, borclu Axundzadə (Əzizova) Cavidə Vidadi qızı Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 06 noyabr 2020-ci il tarixli, 2(010)-877/2020 nömrəli qətnaməsinə dair icra sənədi üzrə borcunu tələbkar X3 01 il ərzində ödəyəcəyinə vəd vermişdir. Beləliklə işdə olan sübutlarla təsdiq olunur ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 06 noyabr 2020-ci il tarixli, 2(010)-877/2020 nömrəli qətnaməsinə dair icra sənədi üzrə borclu Axundzadə (Əzizova) Cavidə Vidadi qızı, icra sənədi üzrə tələbkara 1.000 manat ödəniş etmiş, qalan məbləğin isə hər ay hissə-hissə ödənilməsi barədə tərəflər öz aralarında razılığa gəlmişlər. Bundan əlavə, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 44.1-ci maddəsinə əsasən həmin Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi və könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqi üçün əsasları təşkil edir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 43.1-ci maddəsinə görə borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi, tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi, tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi, icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi məcburi icra tədbirləridir. Həmin Qanunun 63.1, 63.1.1-63.1.3-cü maddələrinə əsasən tələbin borclunun əmək haqqına və digər gəlirlərinə yönəldilməsinə vaxtaşırı ödəmələrin tutulması haqqında icra sənədləri icra edildiyi, icra sənədində göstərilən tələb üzrə tutulmalı olan məbləğin həcmi bu Qanunun 65-ci maddəsində müəyyən edilmiş miqdardan artıq olmadığı və tələbin tam ödənilməsi üçün borclunun əmlakı olmadıqda və ya onun əmlakı kifayət etmədiyi hallarda yol verilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 65.1-ci maddəsinə əsasən icra sənədi icra edilərkən borclunun əmək haqqından və ona bərabər sayılan digər gəlirlərindən tutmaların məbləği 50 faizdən çox ola bilməz. İnzibati xəta hqqqında işin məhkəmə baxışı zamanı müəyyən edildi ki, Axundzadə (Əzizova) Cavidə Vidadi qızının 235 manat 25 qəpik əmək haqqı baxmayaraq, icra məmuru tərəfindən tutma, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 65.1-ci maddəsində müəyyən edilmiş həddə borclunun əmək haqqına yönədilməmiş, icra sənədinin icrası Axundzadə (Əzizova) Cavidə Vidadi qızının məlum olmayan əmlakı hesabına icra edilməsi borcludan tələb edilmişdir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin dispozisiyasından görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə icra sənədi üzrə borclu Axundzadə (Əzizova) Cavidə Vidadi qızının tələbkara 1.000 manat ödəniş etdiyini, qalan məbləğin isə hər ay hissə-hissə ödənilməsi barədə tərəflərin öz aralarında razılığa gəldiklərini, habelə Axundzadə (Əzizova) Cavidə Vidadi qızının 235 manat 25 qəpik əmək haqqı almasına baxmayaraq, icra məmuru tərəfindən tutmanın, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 65.1-ci maddəsində müəyyən edilmiş həddə borclunun həmin əmək haqqına yönədilmədiyini nəzərə alaraq hesab edir ki, hazırki vəziyyətdə Axundzadə (Əzizova) Cavidə Vidadi qızının əməlinin sözügedən icra sənədinin icrasından qərəzli olaraq boyun qaçırması kimi tövsif edilməsi və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibinin bütün əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs qismində təqsirli hesab edilməsi yol verilməzdir. Bununla da Axundzadə (Əzizova) Cavidə Vidadi qızının Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 06 noyabr 2020-ci il tarixli, 2(010)-877/2020 nömrəli qətnaməsinə dair icra sənədini üzrsüz səbəbdən icra etməməsi sübuta yetirilmir. Beləliklə, işdə olan sübutlarla Axundzadə (Əzizova) Cavidə Vidadi qızının əməlində inzibati xəta tərkibi olmadığı müəyyən edildiyindən onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4, 114.2 və 114.2.1-ci maddələrinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 53.0 və 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 105.1, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Əməlində inzibati xəta tərkibi olmadığına görə Axundzadə (Əzizova) Cavidə Vidadi qızı barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar