Məhkəmə qərarları › İş №3(010)-1146/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1146/2021

20.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1146/2021 20.09.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs, xx xxx 1988-ci il tarixdə Xaçmaz rayonunun Xudat şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx, evli, üç azyaşlı uşağı olan, heç yerdə işləməyən, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, “Azəryollayihə” B/Y-nin 132 saylı bağ evində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: 10 sentyabr 2021-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icra məmuru X3 tərəfindən Şəxs Bakı şəhər Nərimanov rayon Məhkəməsinin 23 fevral 2018-ci il tarixli, 2(005)-1609/2018 nömrəli qətnaməsinə dair icra vərəqəsi üzrə yaranmış 462 manat məbləğində aliment borcunu üzrsüz səbəbdən icra etməməsinə görə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Şəxs bildirdi ki, Bakı şəhər Nərimanov rayon Məhkəməsinin 23 fevral 2018-ci il tarixli, 2(005)-1609/2018 nömrəli qətnaməsinə əsasən Süleymanova (İskəndərova) Pəri Aslan qızı ilə birgə nikahdan doğulmuş 21 dekabr 2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhər Nərimanov rayon Məhkəməsinin 31 iyul 2014-cü il tarixli, 2(005)-3690/2014 nömrəli qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq, ondan Süleymanova (İskəndərova) Pəri Aslan qızının xeyrinə hər ay 154 manat sabit pul məbləğində aliment tutulmuşdur. 24 iyun 2021-ci il tarixədək o, “X5” Məhdud Məsuliyyətli Cəmiyyətində işləmiş və hər ay onun əmək haqqından 154 manat aliment tutularaq Süleymanova (İskəndərova) Pəri Aslan qızına ödənilmişdir. O, məhkəmənin qərarına hörmətlə yanaşır və icra sənədinin icrasından qərəzli olaraq yayınmır, sadəcə olaraq 24 iyun 2021-ci il tarixdə işdən azad edildiyinə görə son üç ay ərzində icra sənədini icra edə bilməmişdir. Məhz bu səbəbdən də icra sənədi üzrə 462 manat aliment borcu yaranmışdır. Hazırda o, icra sənədi üzrə 308 manat ödəniş etmiş, qalan məbləği isə qısa müddət ərzində ödəyəcəkdir. Sonda Şəxs məhkəmədən qeyd etdiklərini nəzərə alaraq, inzibati məsuliyyətdən azad edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. 10 sentyabr 2021-ci il tarixdə məhkəmə iclasında verdiyi ifadəsində inzibati xəta törədilməsi haqqında protokol tərtib etmiş icra məmuru X3 göstərdi ki, icra sənədi üzrə icraata Bakı şəhəri Nərimanov rayon İcra və Probasiya şöbəsində icraata başlanılsa da, sonradan icra işi adiyyəti üzrə Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinə göndərilmişdir. İcra işindən tələbin borclunun əmək haqqında yönəldiyi müəyyən edilsə də, lakin tələbkarın bank hesabına hər hansı bir vəsait ödənilmədiyi üçün 17 may 2021-ci il tarixdə borclunun əvvəllər işlədiyi “X5” Məhdud Məsuliyyətli Cəmiyyətinə müvafiq ödəniş qəbzlərinin surətlərinin təqdim edilməsinə dair sorğu göndərilmişdir. “X5” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavab məktubunda aprel ayından etibarən borclu Şəxs əmək haqqından ilkin olaraq yaranmış 308 manat və may ayı üzrə əmək haqqından 154 manat sabit pul məbləğində alimentin tutularaq tələbkar Süleymanova (İskəndərova) Pəri Aslan qızının şəxsi hesabına ödənilməsinin təmin edildiyi qeyd edilmişdir. 2021-ci ilin iyun ayından isə borclu icra sənədini icra etməmiş nəticədə onun 462 manat aliment borcu yaranmışdır. Bununla əlaqədar olaraq borclu şöbəyə dəvət edilərək izahatı alınmış, eyni zamanda icra sənədini icra etməyəcəyi təqdirdə Azərbaycan Respublikası İXM-nin 528.1ci maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyəti barədə xəbərdar olunmuşdur. Lakin borclu qanunla müəyyən edilmiş müddət ərzində icranı könüllü olaraq təmin etməmişdir. Borclu sonradan ümumiyyətlə çağırış üzrə gəlməkdən yayındığına görə 02 sentyabr 2021ci il tarixdə pnun barəsində axtarış elan edilmişdir. Göründüyü kimi borclu bir icra məmuru kimi onun qanuni tələblərini yerinə yetirməyərək icra sənədi üzrə yaranmış borcunu ödəməmişdir. Bu səbəbdən də məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi bu günə kimi icra olunmamışdır. Buna görə də icra sənədinin icrasının təmin edilməsinə nail olmaq məqsədilə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib etmişdir. 10 sentyabr 2021-ci il tarixdə məhkəmə iclasında verdiyi ifadəsində icra sənədi üzrə tələbkar Süleymanova (İskəndərova) Pəri Aslan qızı göstərdi ki, Bakı şəhər Nərimanov rayon Məhkəməsinin 23 fevral 2018-ci il tarixli, 2(005)-1609/2018 nömrəli qətnaməsinə əsasən Şəxs ilə birgə nikahdan doğulmuş 21 dekabr 2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhər Nərimanov rayon Məhkəməsinin 31 iyul 2014-cü il tarixli, 2(005)-3690/2014 nömrəli qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq, Şəxs onun xeyrinə hər ay 154 manat sabit pul məbləğində aliment tutulmuşdur. 24 iyun 2021-ci il tarixədək Şəxs əmək haqqından hər ay 154 manat aliment tutularaq ona ödənilsə də, lakin həmin vaxtdan sonra, yəni 03 ay əzrinzdə borclu müxtəlif bəhanələr, o cümlədən işsiz olduğunu əsas gətirərək icra sənədi üzrə öhdəliyini icra etmir. Halbuki, qanunvericiliyin tələbinə əsasən borclunun işləməməsi onu icra sənədini icra etməkdən azad etmir. Buna görə də o, ərizə ilə Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinə müraciət edərək, icra sənədinin icrasını həyata keçirən icra məmurundan müvafiq tədbirlər görməsini xahiş etmişdir. O, borc məbləğinin birdəfəlik ödənilməsini tələb edir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi və icra sənədi üzrə tələbkarı dinləyərək, məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığına görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhər Nərimanov rayon Məhkəməsinin 23 fevral 2018-ci il tarixli 2(005)-1609/2018 nömrəli qətnaməsinə dair icra vərəqəsindən görünür ki, Şəxs və Süleymanova (İskəndərova) Pəri Aslan qızının birgə nikahından doğulmuş 21 dekabr 2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhər Nərimanov rayon Məhkəməsinin 31 iyul 2014-cü il tarixli, 2(005)-3690/2014 nömrəli qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq, Şəxs Süleymanova (İskəndərova) Pəri Aslan qızının xeyrinə hər ay 154 manat sabit pul məbləğində aliment tutulmalıdır. İş materialarına əlavə edilmiş icraata başlamaq haqqında 13 mart 2018-ci il tarixli qərardan görünür ki, Bakı şəhər Nərimanov rayon Məhkəməsinin 23 fevral 2018-ci il tarixli 2(005)-1609/2018 nömrəli qətnaməsinə dair icra sənədi üzrə Bakı şəhəri Nərimanov rayon İcra və Probasiya Şöbəsində icraata başlanılmış, borclu Şəxs icranı 10 gün müddətinə könüllü olaraq təmin etməsi təklif edilmişdir. İş materialalrında olan “X5” Məhdud Məsuliyyətli Cəmiyyətinin 05 avqust 2021-ci il tarixli məktubundan görünür ki, Şəxs aprel ayının əmək haqqından etibarən ilkin olaraq yaranmış aliment borcunun və may ayı üzrə aylıq əmək haqqından 154 manat sabit pul məbləğində alimentin tutularaq tələbkar Süleymanova (İskəndərova) Pəri Aslan qızının şəxsi hesabına ödənilməsinin təmin edilmişdir. Şəxs “X5” Məhdud Məsuliyyətli Cəmiyyətinin 24 iyun 2021-ci il tarixli, 121K nömrəli əmri ilə işdən azad edilmişdir. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, borclu Şəxs 17 sentyabr 2021-ci il tarixdə tələbkar Süleymanova (İskəndərova) Pəri Aslan qızına Bakı şəhər Nərimanov rayon Məhkəməsinin 23 fevral 2018-ci il tarixli 2(005)-1609/2018 nömrəli qətnaməsinə dair icra sənədi üzrə 308 manat (2021-ci ilin iyul və avqust ayları üzrə aliment ödənişi) ödəniş etmişdir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin dispozisiyasından görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə borclu Şəxs 24 iyun 2021-ci il tarixədək “X5” Məhdud Məsuliyyətli Cəmiyyətində işlədiyi müddət ərzində hər ay əmək haqqından 154 manat alimentin tutularaq Bakı şəhər Nərimanov rayon Məhkəməsinin 23 fevral 2018-ci il tarixli 2(005)- 1609/2018 nömrəli qətnaməsinə dair icra sənədi üzrə tələbkar Süleymanova (İskəndərova) Pəri Aslan qızına ödənildiyini, hazırda isə S.Şəxs yaranmış cəmi 462 manat aliment borcundan 308 manat məbləğini ödədiyini nəzərə alaraq hesab edir ki, Şəxs hazırda aliment borcunun 2/3 hissəsini ödədiyi halda, 24 iyun 2021-ci il tarixdə işdən azad edildiyinə görə son üç ay ərzində icra sənədini icra edə bilməməsinə görə S.Şəxs əməlinin sözügedən icra sənədinin icrasından qərəzli olaraq boyun qaçırması kimi tövsif edilməsi və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibinin bütün əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs qismində təqsirli hesab edilməsi yol verilməzdir. Bununla da Şəxs Bakı şəhər Nərimanov rayon Məhkəməsinin 23 fevral 2018-ci il tarixli 2(005)-1609/2018 nömrəli qətnaməsinə dair icra sənədini üzrsüz səbəbdən icra etməməsi sübuta yetirilmir. Beləliklə, işdə olan sübutlarla Şəxs əməlində inzibati xəta tərkibi olmadığı müəyyən edildiyindən onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4, 114.2 və 114.2.1-ci maddələrinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 53.0 və 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 105.1, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Əməlində inzibati xəta tərkibi olmadığına görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar