Məhkəmə qərarları › İş №3(010)-1147/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1147/2023

28.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1147/2023 28.02.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin sahə inspektoru X1 iştirakı ilə, Şəxs, xx xxxxxx 1994-cü il tarixdə Qobustan rayonu, Xilmilli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx, subay, Laçın rayonu, Daşlı Ərazi Dairəsi, Daşlı kəndində qeydiyyatda olan, barəsində Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs, 28 fevral 2023-cü il tarixdə ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Buna görə də 28 fevral 2023-cü il tarixdə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin sahə inspektoru X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs inzibati xətanın törədilməsində özünü təqsirli bilməyərək göstərdi ki, dostu Nahidin övladının dünyaya gəlməsi münasibətilə 28 fevral 2023-cü il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən kafedə təşkil edib bu hadisəni qeyd etmişlər. 28 fevral 2023-cü il tarixdə saat 01:20 radələrində onlar kafenin qarşısında taksi gözləyərkən polis əməkdaşları onlara yaxınlaşaraq onlarla mübahisə etməyə başlamışlar. Mübahisə əsnasında polis əməkdaşı onu yumruqla vurmuşdur. Bundan sonra polis əməkdaşları onları məcburi qaydada xidməti avtomobilə əyləşdirərək Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinə apardılar. O, heç bir inzibati xəta törətməmiş, polis əməkdaşının dəvətindən sonra hər hansı bir müqavimət göstərməmişdir. Sonda Şəxs məhkəmədən qeyd edilənləri nəzərə alaraq inzibati məsuliyyətdən azad edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin sahə inspektoru X2 məhkəmədə bildirdi ki, 28 fevral 2023-cü il tarixdə saat 01:20 radələrində post patrul xidmənin əməkdaşları Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən Elit kafesinin yanında bir neçə içkili şəxsin səs-küy saldığını görüb onlara yaxınlaşmışlar. Polis əməkdaşları həmin şəxsləri sakitləşdirməyə çalışmış, lakin həmin şəxslər polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymayaraq öz hərəkətlərinə davam etmişlər, eyni zamanda polis əməkdaşlarına əl-qol ataraq, onların ünvanına nalayiq ifadələr işlətmişlər. Buna görə də ictimai qaydanı mühafizə vəzifələrini icra edən polis əməkdaşları həmin şəxsləri Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinə gətirmişlər. Orada həmin şəxslərdən birinin Şəxs olduğu müəyyən edilmiş və sonuncunun izahatı alınmışdır. Bundan sonra Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi haqqında protokol tərtib etmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxsin inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tövsif olunmuşdur. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, cavanlığını, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. İş üzrə Şəxs məsuliyyətini yüngülləşdirən hallar müəyyən olunmamışdır. İnzibati xətanı orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətdində törətməsini məhkəmə Şəxs məsuliyyətini ağırlaşdıran hal hesab edir. Məhkəmə işin hallarını nəzərə alaraq, hesab edir ki, Şəxs cərimə növündə inzibati tənbeh kifayət edir və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 150 (yüz əlli) manat məbləğində cərimə tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar