Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1148/2023 28.02.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin sahə inspektoru X2 iştirakı ilə, Şəxs, xx xxxxxxxx 1986-cı il tarixdə Gürcüstan Respublikasında anadan olmuş, Gürcüstan Respublikasının vətəndaşı, subay, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində nömrəsiz evdə yaşayan, barəsində Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: 28 fevral 2023-cü il tarixdə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsindən Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında 28 fevral 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə daxil olmuşdur. 28 fevral 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 28 fevral 2023-cü il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən Elit kafesinin yanında polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs inzibati xətanın törədilməsində özünü təqsirli bilməyərək göstərdi ki, 28 fevral 2023-cü il tarixdə saat 01:20 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən Elit kafesinin yanında polis əməkdaşları ona və yanındakı şəxslərə yaxınlaşaraq xidməti avtomobilə əyləşməyi tələb etdilər. O, heç bir inzibati xəta törətməmiş, polis əməkdaşının dəvətindən sonra hər hansı bir müqavimət və ya tabesizlik göstərmədən bölməyə getmişdir. Lakin, bölmədə polis əməkdaşları onu döyərək, onunla pis rəftar etmişlər. Sonda Şəxs məhkəmədən qeyd edilənləri nəzərə alaraq inzibati məsuliyyətdən azad edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin sahə inspektoru X4 məhkəmədə bildirdi ki, 28 fevral 2023-cü il tarixdə saat 01:20 radələrində post patrul xidmənin əməkdaşları Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən Elit kafesinin yanında bir neçə içkili şəxsin səs-küy saldığını görüb onlara yaxınlaşmışlar. Polis əməkdaşları həmin şəxsləri sakitləşdirməyə çalışmışlar, lakin həmin şəxslər polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymayaraq öz hərəkətlərinə davam etmişlər, eyni zamanda polis əməkdaşlarına əl-qol ataraq, onların ünvanına nalayiq ifadələr işlətmişlər. Buna görə də ictimai qaydanı mühafizə vəzifələrini icra edən polis əməkdaşları həmin şəxsləri Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinə gətirmişlər. Orada həmin şəxslərdən birinin Şəxs olduğu müəyyən edilmiş və sonuncunun izahatı alınmışdır. Bundan sonra Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi haqqında protokol tərtib etmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığına görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə ilk növbədə qeyd edir ki, 28 fevral 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolda X1 28 fevral 2023-cü il tarixdə ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmadığı, bu halın polis nəfərləri tərəfindən tərtib edilmiş raportla müəyyən edildiyi qeyd edilsə də, lakin Şəxs ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis əməkdaşlarının konkret olaraq hansı qanuni tələblərinə tabe olmadığı öz əksini tapmamışdır. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin dispozisiyasından görünür ki, həmin maddə ilə polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Beləliklə, işdə olan sübutlarla Şəxs əməlində inzibati xəta tərkibi olmadığı müəyyən edildiyindən onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4, 114.2 və 114.2.1-ci maddələrinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 53.1 və 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 105.1, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs əməlində inzibati xəta tərkibi olmadığına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elnur Nuriyev
Məhkəmə qərarları › İş №3(010)-1148/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1148/2023
28.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver