Məhkəmə qərarları › İş №3(010)-1164/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1164/2024

05.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1164/2024 05.03.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Muradov Pərviz Namiq oğlunun sədrliyi ilə, məhkəmə iclas katibi Qənbərov Rüstəm İmamverdi oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icra məmuru X5, icra sənədi üzrə X4nun, azyaşlı X6 və Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik orqanının nümayəndəsi X13 iştirakları ilə, xx xxxx 1986-cı ildə Rusiya Federasiyası, Murmansk Vilayətində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx, himayəsində iki yetkinlik yaşına çatmayan uşağı olan, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 24 avqust 2023-cü il tarixli, 2(010)-607/2023 saylı qətnaməsinə dair icra vərəqəsinə əsasən X17 23 fevral 2016-cı il təvəllüdlü X14 ilə həftədə bir dəfə, hər həftənin şənbə günü saat 12:00-dan 18:00-dək, Yeni il bayramı – yanvar ayının 2-si saat 12:00-dan 16:00-dək, Novruz bayramının 2-ci günü saat 12:00-dan 16:00-dək, uşağın doğum günlərində saat 15:00-dan 17:00-dək sərbəst – cavabdeh Şəxs iştirakı olmadan ünsiyyətdə olmaq hüquq (görüş) verilməlidir. Həmin icra sənədinin icrasını həyata keçirən icra məmuru tərəfindən Şəxs dəfələrlə icra sənədinin könüllü olaraq icra edilməsi tələb olunsa da, Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək, üzrsüz səbəbdən icra sənədini icra etməmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş 29 fevral 2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Şəxs göstərdi ki, məhkəmənin qərarına hörmətlə yanaşır, uşağı icra vərəqəsinə əsasən müəyyən olunmuş vaxtlarda icra şöbəsinə gətirmişdir. Sadəcə olaraq, atası uşağa normal davranmadığı üçün uşaq atasıyla görüşmək istəmir. Əlavə olaraq bildirmişdir ki, qətnamənin icrasından yayınmır. X3 özü atası ilə görüşmək istəmir. Hər dəfəsində uşağını icra məmurunun yanına gətirmiş, lakin uşaq atası ilə görüşdən imtina etdiyi üçün icra məmuru tərəfindən həmin hal aktlaşdırılmışdır. Barəsində İXM-nin 528.1-ci maddəsi ilə olan Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 3(010)3787/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından verilən şikayətə Bakı Apellyasiya Məhkəməsi baxaraq 3(103)-2470/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə İ instansiya məhkəməsinin qərarını qüvvədə saxlamışdır. İXM-nin 528.1-ci maddəsi ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 3(010)-1482/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından verilən şikayətə isə Bakı Apellyasiya Məhkəməsində baxılaraq 3(103)-1286/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə ləğv edilərək inzibati iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilmişdir. Sonda Şəxs, məhkəmədən qeyd edilənləri nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etdi. İnzibati xəta törədilməsi haqqında protokol tərtib etmiş icra məmuru X10 məhkəmədə bildirdi ki, icra sənədi Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icraatına daxil olduqdan sonra 24 oktyabr 2023-ci il tarixdə müvafiq qaydada icraata başlanılmış, borcluya icranı könüllü olaraq dərhal təmin etməsi təklif olunmuş və icraata başlamaq haqqında qərar bildirişlə birlikdə borcluya şəxsən təqdim edilmişdir. Bundan əlavə borclu şöbəyə dəvət olunaraq izahatı alınmış, eyni zamanda icra sənədi üzrə tələbi yerinə yetirməyəcəyi təqdirdə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyəti barədə xəbərdar olunmuşdur. Lakin borclu qanunla müəyyən edilmiş müddət ərzində həmin icra sənədinin icrasını təmin etməmişdir. Borclu barəsində bir dəfə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Tələbkar borcludan şikayətçidir və uşaqla ünsiyyətin təmin olunmasını tələb edir. Buna görə də 19 fevral 2024-cü il tarixdə icra sənədinin icrasının təmin edilməsinə nail olmaq məqsədilə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib etmişdir. X4 məhkəmədə bildirdi ki, borclu Şəxs iki uşağı vardır, X14 və X20. Bu uşaqlardan X14 onun qızıdır. X20 isə onun uşağı deyil. Bu fikri iş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin aktı ilə təsdiq olunduğunu bildirir. Əlavə olaraq bildirir ki, borclu Şəxs uşağa atası ilə görüşməməsi üçün müxtəlif fikirlər deyərək psixoloji təsir edir. O, uşaqla görüşün təmin olunmasını tələb edir. X8, borclu Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. X1 və Himayəçilik Orqanının nümayəndəsi X13 iştirakı ilə məhkəmə iclasında bildirdi ki, 2-ci sinifdə oxuyur beş yaşında qardaşı var. Hər altıncı gün anası ilə icraya gəldiyini və atası ilə görüşdüyünü bildirir. Görüş zamanı atası hər dəfə qardaşı haqqında xoşagəlməz sözlər deyir. Buna görə də atası ilə görüşmək istəmədiyini bildirir. O, anasının onu məcbur etmədiyini, atasını özünün görmək istəmədiyini və onunla görüşmək istəmədiyini bildirdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi, azyaşlı uşağı və icra sənədi üzrə tələbkarı dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif olunmuşdur. İş materiallarına xx.xx.2023-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli, aktlar əlavə olunmuşdur. Bu aktlardan görünür ki, X14 anası vasitəsilə atası Kamil Eyyubovla görüşə gətirilmiş, lakin Yağmur atası ilə ünsiyyətdə olmaqdan imtina etmişdir. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 929/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı X19 ilə cavabdeh Şəxs xx.xx.2016-cı il tarixdə 4 saylı Asan Xidmətin Qeydiyyat şöbəsində bağlanmış nikah dövründə anadan olmuş xx.xx.2019-cu il təvəllüdlü X7 bioloji atasının X16 olmaması müəyyən edilmişdir. Tərəflər arasında qətnamənin icra olunmaması ilə bağlı Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 3(010)-3787/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 manat məbləğində inzibati cərimə olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 3(103)2470/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə şikayət təmin edilməmiş, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 3(010)3787/2022 saylı xx.xx.2022ci il tarixli qərarı qüvvədə qalmışdır. İXM-nin 528.1-ci maddəsi ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 3(010)-1482/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından verilən şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılaraq 3(103)-1286/2023 saylı xx.xx.2023-cü il tarixli qərar ilə İ instansiya məhkəməsinin qərarı ləğv edilərək inzibati iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3(103)- 1286/2023 saylı 10 avqust 2023-cü il tarixli 11/409 nömrəli ekspert rəyinə əsasən xx.xx.2016-cı il təvəllüdlü X6 hazırda atası X21 ilə ünsiyyətə mane ola biləcək kənar psixoloji təsir əlamətləri (anası və ya digər şəxslər tərəfindən) müəyyən olunmur. Hazırda anası Şəxs bağlılığı (qarşılıqlı əlaqə zamanı müsbət emosiyalar keçirmək, vasitəsiz münasibət qurmaq arzusu, müntəzəm ünsiyyətə can atmaq, əlaqələrin azalması ilə əlaqədar narahat olmaq) müəyyən olunmaqla, atası X17 bağlılığı üzə çıxmır. İş materiallarında olan icraata başlamaq haqqında 24 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 24 avqust 2023-cü il tarixli, 2(010)-607/2023 saylı qətnaməsinə dair icra vərəqəsi üzrə Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsində icraata başlanılmış, borclu Şəxs icranı könüllü olaraq təmin etməsi təklif olunmuş, tələbi üzrsüz səbəbdən icra etməyəcəyi təqdirdə icranın məcburi qaydada təmin ediləcəyi bildirilmişdir. İş materiallarına əlavə edilmiş tələbin könüllü icrası haqqında 24 oktyabr 2023-cü il tarixli bildirişdən görünür ki, Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 24 avqust 2023-cü il tarixli, 2(010)-607/2023 saylı qətnaməsinə dair icra vərəqəsində göstərilən tələbin könüllü icra olunması Şəxsndan xahiş olunmuş, göstərilən müddət ərzində tələbi üzrsüz səbəbdən icra etməyəcəyi təqdirdə icranın məcburi qaydada təmin ediləcəyi, həmçinin “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 78, 79 və 81-ci maddələrinə müvafiq olaraq icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı bildirilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” qanunun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 43.1-ci maddəsinə əsasən həmin Məcəllənin 528ci maddəsi ilə bağlı işlərə baxılması rayon (şəhər) məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin dispozisiyasından görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Qanunun mənasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməsin və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzürsüz səbəbdən icra etməsin. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35ci maddələri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 sentyabr 2018-ci il tarixli qərarına əsasən İXM-nin 528.1-ci maddəsinin tərkibi məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilmədiyi və ya onun tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətlər etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin məhz üzrsüz səbəbdən icra edilmədiyi hallarda yaranır. Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi baxımından şərh edilməsinə dair 2014-cü il 18 dekabr tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyi təkrarlayaraq bir daha qeyd edir ki, məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: 1) məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi, 2) borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi, 3) borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi, 4) borclu tərəfindən məhkəmə qərarının icra edilməsi üçün yetərli tədbirlərin görülməməsi. Qeyd olunan hallardan heç biri borclu Şəxs əməlində öz əksini tapmamış, o, uşağı atası ilə görüş üçün hər dəfəsində vaxtında icra şöbəsinə gətirmiş, lakin azyaşlı Yağmur Eyyubzadə özü atası ilə ünsiyyətdə olmaqdan imtina etmişdir. Uşağın atası ilə ünsiyyətinə mane ola biləcək kənar psixoloji təsir əlamətləri (anası və ya digər şəxslər) tərəfindən müəyyən olunmur. X9 hazırda anası Şəxs bağlılığı (qarşılıqlı əlaqə zamanı müsbət emosiyalar keçirmək, vasitəsiz münasibət qurmaq arzusu, müntəzəm ünsiyyətə can atmaq, əlaqələrin azalması ilə əlaqədar narahat olmaq) müəyyən olunmaqla atası X17 bağlılığı üzə çıxmır. Bundan başqa Şəxs barəsində İXM-nin 528.1-ci maddəsi ilə qəbul edilmiş Suraxanı rayon məhkəməsinin qərarından verilmiş şikayət baxılması ilə əlaqədar bakı Apellyasiya Məhkəməsinin 28 avqust 2023-cü il tarixli qərarının təsviri-əsaslandırıcı hissəsindən görünür ki, X19 və Suraxanı rayon İcra şöbəsinin icra məmuru X2 Svetlana Tahirovnanın uşağını atası ilkə ünsiyyətə girməsi üçün görüşə gətirdiyini, lakin uşağın atası ilə görüşmək istəmədiyini, bunun isə anası tərəfindən uşağa olunan təsir və təzyiq kimi qiymətləndirmişlər. Bununla da Şəxs Suraxanı rayon Məhkəməsinin 24 avqust 2023-cü il tarixli, 2(010)- 607/2023 saylı qətnaməsinə dair icra sənədinin üzrsüz səbəbdən icra etməməsi faktı məhkəməyə təqdim olunmuş dəlillərlə sübuta yetirmədiyindən və X15 əməlində inzibati xəta tərkibi olmadığı müəyyən edildiyindən onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariyaepidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait inzibati xəta haqqında iş üzrə müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4, 114.2 və 114.2.1-ci maddələrinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 53.1 və 53.1.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 105.1, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs əməlində inzibati xəta tərkibi olmadığına görə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Pərviz Muradov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar