Məhkəmə qərarları › İş №3(010)-1166/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1166/2023

03.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1166/2023 03.04.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, Nayıbov Pərviz Şakir oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Ələsgər oğlunun iştirakı ilə, Şəxs Ələsgər oğlu, xx xxxx 2000-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN 5N2BYQ4, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar massivi, nömrəsiz evdə yaşayan, barəsində Bakı şəhəri Suraxanı rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs Ələsgər oğlu 22 dekabr 2022-ci il tarixdə təxminən saat 03:00 radələrində idarə etdiyi “Hyundai Accent” markalı, **-DT-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Türkan qəsəbəsindən Hovsan qəsəbəsi istiqamətinə təxminən saatda 70 km sürətlə hərəkət etdiyi zaman önündə olan çuxura düşməmək üçün manevr edərək, qarşı hərəkət yoluna çıxmış və qarşıdan ona əks istiqamətdə hərəkət edən X1 halda idarə etdiyi “İzuzun PR66P” markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşduqdan sonra öz hərəkət yoluna qayıdaraq ondan öndə hərəkət edən X5 idarə etdiyi “Mercedes Benz” markalı, **- MF-***-AC-932 dövlət qeydiyyat nişanlı avtomobilin arxa yük hissəsi ilə toqquşmuş, hadisə nəticəsində isə Şəxs Ələsgər oğlu alın nahiyəsinin sıyrıqları, burun kökünün şişkinliyi və burun qığırdağını sıyrığı, sol almacıq nahiyəsinin şişkinliyi və sıyrıqları, sağ bazunun şişkinlik və qançırı (hematoması), bel nahiyəsinin sıyrıqları kimi dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri almışdır. Buna görə də Şəxs Ələsgər oğlu barəsində Azərbaycan Respublikası İXM-nin 333.3cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Ələsgər oğlu bildirdi ki, hadisə nəticəsində zərər vurduğu avtomobili təmir etdirmişdir. Hadisə zamanı sərxoş olmuşdur. Sonda, Şəxs Ələsgər oğlu iş üzrə icraata xitam verilməsini xahiş etdi. Zərərçəkmiş şəxslərə və inzibati xəta haqqında protokol tərtib etmiş şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəblərini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişlər. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs Ələsgər oğlunun inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə tövsif olunmuşdur. Bununla belə, inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə Şəxs Ələsgər oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarından görünür ki, inzibati xəta hadisəsi 22 dekabr 2022-ci il tarixdə baş vermiş, 30 dekabr 2022-ci il tarixdə Bakı şəhər Suraxanı rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı X2 cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı ilə toplanmış material üzrə Şəxs Ələsgər oğlunun əməlində cinayət tərkibi müəyyən edilmədiyindən toplanmış material üzrə cinayət işinin başlanması rədd olunmuş, Şəxs Ələsgər oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün qəbul edilmiş qərarın surəti, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Dövlət X11 göndərilmişdir. Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Dövlət X9 axtarış üzrə polis mayoru X3 05 yanvar 2023-cü il tarixdə, Şəxs Ələsgər oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə inzibati xətanı törətməsi haqqında protokol tərtib etmiş və 25 fevral 2023-cü il tarixli məktubla həmin protokol və ona əlavə edilmiş materiallar Bakı şəhər Suraxanı rayon Məhkəməsinə göndərilmişdir. Şəxs Ələsgər oğlu barəsində inzibati xəta haqqında materiallar 01 mart 2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Bundan əlavə inzibati xəta haqqında iş üzrə icraatın dayandırılıb-dayandırılmaması barədə iş materiallarına heç bir sənəd əlavə edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Lakin Şəxs Ələsgər oğlu barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edildiyi gündən 02 ay 01 gün sonra Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə daxil olmuş, hal-hazırda inzibati xəta haqqında materiala məhkəmədə baxıldığı zaman isə inzibati xətanın törədildiyi vaxtdan artıq 03 ay 04 gün keçmişdir. Bununla da inzibati xəta haqqında işə hazırda Bakı şəhəri Suraxanı rayon Məhkəməsində baxıldığı vaxt Şəxs Ələsgər oğlunun inzibati məsuliyyətə cəlb etmə müddətindən 04 gün keçmişdir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə görə inzibati xəta haqqında işə baxılarkən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İXM-nin 114.2 və 114.2.1-ci maddələrinə görə inzibati xəta haqqında işə baxılarkən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İXM-nin 53.1 və 53.1.6-cı maddələrinə əsasən inzibati xəta haqqında işə baxılan vaxt həmin Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddət başa çatdıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Belə olan halda, məhkəmə hesab edir ki, inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə Şəxs Ələsgər oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 105, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İnzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə Şəxs Ələsgər oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar