Məhkəmə qərarları › İş №3(010)-1168/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1168/2020

07.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1168/2020 07.10.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən – Suraxanı Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Mazanov Kamran Ramazan oğlunun katibliyi ilə xx xxx 1978-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, ailəli, himayəsində 3 nəfər yetkinlik yaşına çatmamış uşağı olan, ünvan 1 ünvanı üzrə qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 517-2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsi tərəfindən təqdim olunmuş xx xxxxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda Şəxs xx xxxxxxx 2020-ci ildə saat 22.15-də Azərbaycan Respublikası İXM-nin 517-2.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyi qeyd olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü yuxarıda təsvir olunmuş inzibati xətanı törətməkdə təqsirli bilməyərək qeyd etmişdir ki, Ağdam rayonunda yaşayan qadın və uşaq qohumları cəbhədəki hadisələrlə bağlı Bakı şəhərinə gəlmişlər. Həmin qohumlarını öz evində yerləşdirmiş, özü isə gecələmək üçün işlətdiyi ticarət obyektinə getmişdir. Saat 22.15 radələrində yatmağa hazırlaşdığı vaxt obyektin qapısı döyülmüş, kim olduğunu soruşduqda cavab verən olmamışdır. Obyektin qapısı bir daha döyüldüyünə görə qapını açmışdır. Görmüşdür ki, qapıda iki nəfər qadın var. Həmin qadınlar jurnalist olduqlarını bildirmiş və onlara 20 manat verilməyəcəyi təqdirdə polisə məlumat verəcəklərini bildirmişlər. Bundan imtina etmişdir. Bundan sonra həmin qadınlar yaxınlıqda olan polis əməkdaşlarını çağırmış və polis əməkdaşları onu obyektin qapısının yanında saxlamışlar. Onla vəziyyəti izah edərək, obyektin işləmədiyini, sadəcə olaraq burada gecələdiyini bildirmiş, lakin bunun heç bir nəticəsi olmamışdır. Göstərilənlərə əsasən barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. İnzibati xəta haqqına protokolu tərtib etmiş vəzifəli şəxs Vəkilli Ülvi Vəkil oğlu barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin bildirdiklərinə uyğun məzmunlu izahat vermişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və polis əməkdaşını dinləyib, iş materiallarını nəzərdən keçirib, toplanmış sübutların cəminə hüquqi qiymət verərək belə qənaətə gəlirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 517-2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında icraata xitam verilməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 517-2.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi halı sübuta yetirilmiş sayıla bilməz. Azərbaycan Respublikası İXM-nin 8.1, 8.2 və 8.3-cü maddələrinə əsasən «Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir», «İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir», «İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir». Azərbaycan Respublikası İXM-nin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən «Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir». Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İXM-nin 517-2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar