Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1191/2023 08.05.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, İnzibati xəta üzrə zərərçəkmiş şəxs X1 iştirakı ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Suraxanı Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola Suraxanı rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında İXP ******* saylı, 20 fevral 2023-cü il tarixli protokola əsasən, Şəxs xx.xx.2022-ci il tarixdə, saat 09:00-də idarə etdiyi “Toyota Prius (HİBRİD)” minik markalı, **-EA-*** dövlət qeydiyyat nişanlı avtomobillə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs əməlində cinayət tərkibi olmadığından və onun əməlində İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkibi yarandığından Bakı şəhəri Suraxanı RPİ-nin TŞ-nin baş təhqiqatçısı Yalçın Yaqubov tərəfindən 30 dekabr 2022-ci il tarixli qərarla “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, 21 dekabr 2022-ci il tarixdə təxminən saat 09:00 radələrində idarə etdiyi “Toyota Prius” markalı, 99-EA- 126 dövlət qeydiyyat nişanlı avtomobil ilə Əmircan qəsəbəsi, T,Bayram küçəsində müştəri gözləyən zaman “Bolt” proqramı ona müştəri vermiş və o, dayandığı yerdən hərəkət edib arxa-arxaya verdikdə bir nəfər şəxsə dəyib yerə yıxmışdır. Sonra o, avtomobildən düşüb həmin şəxsi yerdən qaldırmış və həkimə aparmağı təklif etmiş, lakin həmin qadın həkimə getmək istəmədiyi və özünü yaxşı hiss etdiyini dediyi üçün onu iş yerinə aparmışdır. Yolda həmin qadın dərman istədiyi üçün ona aptekdən dərman (valerian və karvalol) alıb vermişdir. Həmin qadına əlaqə nömrəsini vermiş və axşam işdən çıxanda ona deməsini bildirmişdir. Lakin saat 19 radələrində həmin qadın ona zəng etmədiyi, onu düşürdüyü iş yerinə getmiş, lakin orada olmadığını öyrənmişdir. Sonradan ona məlum olmuşdur ki, həmin qadın onun barəsində şikayət etmişdir. Avtomobili idarə etmək üçün bütün lazımi sənədləri qaydasındadır. Hadisə zamanı idarə etdiyi avtomobil texniki cəhətdən saz və yüksüz olmuş, sərxoş olmamışdır. Sonda o, əməlindən peşman olduğunu, himayəsində azyaşlı uşağının olduğunu və zərərçəkmiş şəxsə 4001 manat ödədyə biləcəyini bildirdi. Məhkmə iclasında zərərçəkmiş şəxs X4 izahatında göstərmişdir ki, 21 dekabr 2022-ci il tarixdə saat təxminən 09 radələrində yaşadığı evdən çıxıb işə gedərkən “Al market”in qarşısında dayanıb avtobus gözlədiyi zaman arxadan sağ tərəfindən bir avtomobil onu vurub yerə yıxmış və həmin avtomobilin sürücüsü onu öz avtomobili ilə iş yerinə aparmışdır. Hadisə zamanı aldığı xəsarətlər isti olduğundan heç nə hiss etməmişdir. Lakin sonradan işdə narahat olduğuna görə taksi çağırıb evinə getmişdir. Onu vuran avtomobilin sürücüsü öz əlaqə nömrəsini ona verdiyi üçün onunla əlaqə saxlayıb həkimə aparmağını demiş, həmin sürücünün arvadı isə kobud cavab verərək kömək etməkdən imtina etmişdir. Sonda o, inzibati xəta törətmiş şəxsdən 400 manat məbləğində pulu qəbul etdiyini və qarşı heç bir şikayət və tələbinin olmadığını bildirdi. İş materiallarında olan 30 dekabr 2022-ci il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərarın surətindən görünür ki, Şəxs 21 dekabr 2022-ci il tarixdə təxminən saat 09:00 radələrində idarə etdiyi “Toyota Prius” markalı, 99-EA- 126 dövlət qeydiyyat nişanlı avtomobil ilə Əmircan qəsəbəsi, T.Bayram küçəsində arxa-arxaya doğru hərəkətdə olan zaman yolda dayanmış piyada X2 vurmuş və hadisə nəticəsində sonuncu hər iki diz oynağında hərəkət məhdudluğu ilə müşayiət olunan hər iki diz oynağı nahiyəsinin yumşaq toxumasının hematoması və sıyrıqları, sol əlin və solm əl barmağının sıyrıqlan kimi yüngül dərəcəli bədən xəsarətləri almışdır. Şəxs əməlində cinayət tərkini olmadığından onun barədə toplanmış material üzrə cinayət işi başlanması rədd edilmiş, sonuncu barəsində AR İXM-nin 327.8-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti aidiyyatı üzrə göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə- Tibbi Ekspertiza və X5 tərəfindən verilmiş 24 dekabr 2022-ci il tarixli 1436 saylı canlı şəxsin ekspertizasına dair ekspert rəyindən görünür ki, X3 bədəni üzərində müəyyən edilmiş xəsarətlər - hər iki diz oynağında hərəkət məhdudluğu ilə müşayiət olunan hər iki diz oynağı nahiyəsinin yumşaq toxumasının hematoması və sıyrıqları, sol əlin və solm əl barmağının sıyrıqları bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarda göstərilmiş xx.xx.2022-ci il tarixdə YNH şəraitində piyada qismində avtomaşınla vurulma nəticəsində törənə bilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. Məhkəmə tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs 21 dekabr 2022-ci il tarixdə təxminən saat 09:00 radələrində idarə etdiyi “Toyota Prius” markalı, 99-EA- 126 dövlət qeydiyyat nişanlı avtomobil ilə Əmircan qəsəbəsi, T.Bayram küçəsində arxa-arxaya doğru hərəkətdə olan zaman yolda dayanmış piyada X2 vurmuş və hadisə nəticəsində sonuncu hər iki diz oynağında hərəkət məhdudluğu ilə müşayiət olunan hər iki diz oynağı nahiyəsinin yumşaq toxumasının hematoması və sıyrıqları, sol əlin və solm əl barmağının sıyrıqlan kimi yüngül dərəcəli bədən xəsarətləri almışdır. Nəticədə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanın törətməsi tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Odur ki, o AR İXM-nin 327.8-ci maddəsinin sanksiyası həddində inzibati tənbeh edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin dispozisiyasına görə, svetaforun qadağanedici siqnalının tələbinə əməl etmədən nəqliyyat vasitəsi ilə hərəkətdə olma, digər avtomobillə toqquşaraq zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarəti yetirilməsi həmin maddədə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, törədilmə şəraitini, onun təqsirinin dərəcəsini, eləcə də cəmiyyətin maraqlarını nəzərə almaqla barəsində inzibati cərimə növündə tənbehinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinsin, ona 200 (iki yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Bakı şəhəri Suraxanı Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan onun təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №3(010)-1191/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1191/2023
08.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver