Məhkəmə qərarları › İş №3(010)-1196/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1196/2021

04.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1196/2021 04.10.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi ilə, barəsində inzibati haqqında iş üzrə qərar çıxarılmış şəxs X1 iştirakı ilə, X1, 16 avqust 1990-cı ildə Cəlilabad şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN 59CD7T0, subay, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus təsərrüfat subyekti sayılan marketdə işləyən, Cəlilabad şəhəri, M.Hüseyn küçəsi, 14 nömrəli evin 3 nömrəli mənzilində qeydiyyatda olmaqla Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Oktay Əliyev küçəsi, 6 nömrəli evdə yaşayan, barəsində Azərbaycan Respublikası İXM-nin 211.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin sahə rəisi X3 tərəfindən qəbul edilmiş 25 avqust 2021-ci il tarixli, EPQ seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: 25 avqust 2021-ci il tarixdə X1 barəsində Azərbaycan Respublikası İXM-nin 211.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında EXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin inzibati xəta haqqında protokol əsasında Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin sahə rəisi X3 tərəfindən qəbul edilmiş eyni tarixli, EPQ seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla M.M.Babayeva Azərbaycan Respublikası İXM-nin 211.3-cü maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirli bilinərək 200 manat məbləğində inzibati cərimə edilmişdir. X4 barəsində Azərbaycan Respublikası İXM-nin 211.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31ci Polis Bölməsinin sahə rəisi X3 tərəfindən qəbul edilmiş 25 avqust 2021-ci il tarixli, EPQ seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X4 məhkəmədə göstərdi ki, 25 avqust 2021-ci il tarixində satıcı işlədiyi Bakı şəhəri, Suraxanı rayonu ərazisində yerləşən marketin personal otağında çay içərkən 31-ci Polis Bölməsinin sahə rəisi X3 marketə daxil olmuşdur. Həmin otaqda market əməkdaşları çay içib, üst-başlarını səliqəyə salır, geyimlərini dəyişirdirlər. Həmçinin həmin otağın qapısının üzərində “kənar şəxslərin girişi qadağandır!” yazısı var. Lakin bütün bunlara baxmayaraq polis əməkdaşı X3 həmin otağa daxil olmuş və ona tibbi maskadan istifadə etmədiyini bildirərək barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. O, X3ə otağa icazəsiz daxil olduğunu bildirsə də sonuncu buna heç bir məhəl qoymadan, qərəzli olaraq hər hansı bir əsas olmadan onu Azərbaycan Respublikası İXM-nin 211.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilmişdir. Sonda M.M.Babayeva Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin sahə rəisi X3 tərəfindən qəbul edilmiş 25 avqust 2021-ci il tarixli, EPQ seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis bölməsinə məhkəmə iclasının vaxtı və yeri haqqında bildiriş göndərilməsinə baxmayaraq, səlahiyyətli nümayəndənin məhkəmə iclasında iştirakı təmin edilməmiş, nümayəndənin məhkəməyə gəlməməsinin səbəbi və mümkünsüzlüyü bildirilməmiş, bu barədə sübutlar təqdim edilməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət verilməmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, şikayətə əlavə edilmiş 25 avqust 2021-ci il tarixli, EXP seriyalı, ******* nömrəli protokolun və 25 avqust 2021-ci il tarixli, EPQ seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətlərindən görünür ki, 25 avqust 2021-ci il tarixdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus təsərrüfat subyekti sayılan marketdə X1 barəsində Azərbaycan Respublikası İXM-nin 211.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilməklə inzibati xəta haqqında iş üzrə icraata başlanılmış, həmin protokol əsasında Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin sahə rəisi X3 tərəfindən qəbul edilmiş qərarla M.M.Babayeva qeyd edilən inzibati xətanın törədilməsində təqsirli bilinərək 200 manat məbləğində inzibati cərimə olunmuşdur. X4 isə məhkəmə iclasında verdiyi izahatında 25 avqust 2021-ci il tarixdə işlədiyi marketin personal, yəni əməkdaşların çay içib, üst-başlarını səliqəyə salmaları, geyimlərini dəyişdirmələri üçün nəzərdə tutulmuş, həmçinin qapısının üzərində “kənar şəxslərin girişi qadağandır!” yazısı olan otaqda çay içərkən Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin sahə rəisi X2 həmin otağa daxil olduğunu, sözügedən otaqda tək olmasına baxmayaraq onun barəsində Azərbaycan Respublikası İXM-nin 211.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında EXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib etdiyini və həmin protokol əsasında qəbul etdiyi qərarla onu qeyd edilən inzibati xətanın törədilməsində təqsirli bildiyini göstərmişdir. Lakin Nə 25 avqust 2021-ci il tarixli, EXP seriyalı, ******* nömrəli protokolda, nə də ki həmin protokol əsasında qəbul edilmiş eyni tarixli, EPQ seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarda M.M.Babayeva tərəfindən Azərbaycan Respublikası İXMnin 211.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi faktının hansı sübutlarla təsdiq edildiyi öz əksini tapmamışdır. Azərbaycan Respublikası İXM-nin 75.0, 75.0.1, 75.0.6 və 75.0.7-cı maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Azərbaycan Respublikası İXM-nin 76.1-cı maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 99.1 və 99.1.1-ci maddələrinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəbdir. Həmin Məcəllənin 99.2-ci maddəsinə əsasən məlumatlara inzibati xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən baxılır. Həmin məlumatlarda inzibati xətanın əlamətlərinin olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması inzibati xəta haqqında işin başlanmasına əsasdır. Həmin Məcəllənin 99.4 və 99.4.2-ci maddələrinə əsasən inzibati xata haqqında iş üzrə icraat inzibati xəta haqqında protokol tərtib edildikdə, yaxud inzibati xəta haqqında iş üzrə icraata başlama haqqında prokuror tərəfindən qərar qəbul edildiyi vaxtdan başlanılmış hesab edilir. Həmin Məcəllənin 114.1, 114.1.1-114.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi, inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 114.2, 114.2.1-114.2.4-cü maddələrinə görə inzibati xəta haqqında işə baxılarkən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, bu Məcəllənin 16.4-cü maddəsinə müvafiq olaraq intizam məsuliyyətinə cəlb etmək barədə qərar qəbul edilməsi üçün materiallar müvafiq icra hakimiyyəti orqanına göndərildikdə, inzibati xəta haqqında işdə cinayətin əlamətləri olduqda, iş üzrə materiallar prokurora, təhqiqat və ya istintaq orqanına göndərildikdə, bu Məcəllənin 16.2-ci maddəsinə müvafiq olaraq inzibati xəta haqqında iş yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaya (kollegial orqana) göndərildikdə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin sahə rəisi X3 isə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün əsaslana bildiyi hər cür faktik məlumatları, yəni iş üzrə sübutları, işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə qiymətləndirməli və yalnız iş üzrə əldə edilmiş mötəbər və təkzib edilməz sübutlara əsaslanaraq inzibati xəta törədən şəxsin təqsirini müəyyən etdiyi təqdirdə inzibati tənbeh vermə haqında qərar qəbul etməli olduğu halda, qeyd edilənlərə əməl etmədən M.M.Babayevanı Azərbaycan Respublikası İXM-nin 211.3-cü maddəsi ilə nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilmişdir. Göründüyü kimi M.M.Babayevanın əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın olmasına kifayət qədər əsaslı şübhələr mövcuddur. Halbuki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 6.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Beləliklə inzibati xəta haqqında işə məhkəmədə baxıldığı zaman müəyyən edilmişdir ki, M.M.Babayevanın Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli olmasına dair kifayət qədər əsaslı şübhələrin mövcud olmasına baxmayaraq, onun barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Bundan başqa, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 115.1 və 115.1.4 və 115.1.8-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda işə baxılarkən müəyyən edilmiş hallar, qərardan şikayət verilməsi müddəti və qaydası göstərilməlidir. Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin sahə rəisi X2 qəbul etdiyi 25 avqust 2021-ci il tarixli, EPQ seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs M.M.Babayevanın 25 avqust 2021-ci il tarixdə işlədiyi marketdə konkret olaraq hansı karantin rejimi qaydası pozuntusuna yol verməsi, yəni işə baxılarkən müəyyən edilmiş hallar, o cümlədən qərardan şikayət verilməsi müddəti və qaydası öz əksini tapmamışdır. Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda, həmin Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İXM-nin 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Bununla əlaqədar məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraat zamanı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulduğuna görə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin sahə rəisi X3 tərəfindən qəbul edilmiş 25 avqust 2021-ci il tarixli, EPQ seriyalı, ******* nömrəli qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X1 şikayəti təmin edilsin. Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin sahə rəisi X3 tərəfindən qəbul edilmiş 25 avqust 2021-ci il tarixli, EPQ seriyalı, ******* nömrəli inzibati tənbeh haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar