Məhkəmə qərarları › İş №3(010)-1198/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №3(010)-1198/2021

22.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(010)-1198/2021 22.09.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən – Suraxanı Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Mazanov Kamran Ramazan oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx xxxxxx 1984-cü ildə Naxçıvan MR, Naxçıvan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, ünvan 1 ünvanı üzrə qeydiyyatda olan, faktiki Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Donuzçuluq Sovxozu, nömrəsiz evdə yaşayan, 21 sentyabr 2021-ci ildə inzibati qaydada tutulmuş Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işi baxılmağa hazırlayarkən, MÜƏYYƏN ETDİM: Suraxanı Rayon Polis İdarəsinin 30-ci polis şöbəsindən 22 sentyabr 2021-ci ildə daxil olmuş 22 sentyabr 2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə qeyd olunur ki, 22 sentyabr 2021-ci il tarixdə saat 11:35-də müayinədən keçirilərək Şəxs psixotrop vasitə metamfetamin qəbul etdiyi aşkar edilmişdir. Azərbaycan Respublikası İXM-nin 106.0.3-cü maddəsinə əsasən hakim inzibati xəta haqqında işi baxılmağa hazırlayarkən inzibati xəta haqqında protokolun və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilməməsi məsələsini həll edir. Həmin məsələni araşdıraraq hesab edirəm ki, inzibati xəta haqqında protokol qanun pozuntuları ilə tərtib olunub. Belə ki, Azərbaycan Respublikası İXM-nin 37.1 və 37.2-ci maddələrinə əsasən «İnzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur», «Məcburi müalicənin tətbiq edilməsinin məqsədi bu Məcəllənin 37.1-ci maddəsində göstərilən şəxslərin müalicə olunmasından, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılmasından, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılmasından, gələcəkdə həmin şəxslərin insan psixikasına təsir göstərən maddələrdən sui-istifadəsinin və yeni inzibati xətalar törətməsinin qarşısının alınmasından ibarətdir». Şəxsin narkomaniyadan müalicəyə ehtiyacının olub-olmaması məsələsinin həlli müvafiq həkim müayinəsinin nəticələri üzrə verilən rəy əsasında mümkündür. Ona görə də barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin tibbi müayinədən keçirilməsi araşdırmanı aparmış vəzifəli şəxs tərəfindən təşkil olunmalı və müvafiq həkim rəyi inzibati xəta haqqında protokol və digər aidiyyəti sənədlərlə birlikdə məhkəməyə təqdim edilməlidir. Həmçinin qeyd olunur ki, Azərbaycan Respublikası İXM-nin 89.4-cü maddəsinə əsasən «Barəsində inzibati həbs tənbeh növünün tətbiqini nəzərdə tutan inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs 24 saatadək, bu Məcəllənin 157, 206, 227, 513, 517- 1 və ya 535-ci maddələrində göstərilən xətaları törətmiş şəxslər isə inzibati xəta haqqında işin mürəkkəbliyi və ya xəta törətmiş şəxslərin sayının çoxluğu işin araşdırılmasını gecikdirdiyi və ya başqa formada çətinlik yaratdığı hallarda, habelə şəxsin narkomaniyadan məcburi müalicəyə ehtiyacının olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə tibbi yoxlamaya göndərildiyi hallarda 48 saatadək müddətə inzibati qaydada tutula bilər». Təqdim olunmuş materialdan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs müvafiq tibbi müayinədən keçirilməmiş, narkomaniyadan məcburi müalicəyə ehtiyacının olub-olmadığına dair tibbi rəy alınmamışdır. Həmçinin qeyd olunur ki, Azərbaycan Respublikası İXM-nin 69.2-ci maddəsinə əsasən «Şəxsi axtarış, əşyaların yoxlanılması, nəqliyyat vasitəsinə baxış, əşyaları və sənədləri götürmə, eləcə də sərxoşluq vəziyyətinin müayinəsi aparılarkən hal şahidlərinin iştirakı məcburidir. Hal şahidləri onların iştirakı ilə həyata keçirilən prosessual hərəkətləri, onların məzmununu və nəticəsini protokolda öz imzası ilə təsdiq edirlər». Qanunvericiliyin yuxarıda qeyd olunan müddəasının tələblərinə zidd olaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin sərxoşluq vəziyyətinin müayinəsi zamanı hal şahidlərinin iştirakı təmin olunmamışdır. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə əsasən protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 109, 114 və 118-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə təqsirləndirilməsinə dair 22 sentyabr 2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinə qaytarılsın. Şəxs hazırkı qərar elan edildikdən dərhal sonra azadlığa buraxılsın. Hakim Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar