Məhkəmə qərarları › İş №3(010)-12/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-12/2021

15.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-12/2021 15.01.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən – Suraxanı Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Mazanov Kamran Ramazan oğlunun katibliyi, X1nın iştirakı ilə xx xxxx 1987-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, «Ağçiçəyim» mağazasında dizayner işləyən, ünvan 1 ünvanı üzrə qeydiyyatda olan, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, G.Əsədov küçəsində yerləşən nömrəsiz evdə faktik yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında materiala baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: Suraxanı rayon İcra və probasiya şöbəsinin icra məmuru Əliyev Rövşən Əlimirzə oğlu tərəfindən xx xxxxxxxx 2020-ci ildə tərtib edilmiş inzibati xəta haqqında protokolun məzmunundan, habelə inzibati xəta haqqında iş üzrə toplanmış digər materiallardan görünür ki, Xətai Rayon Məhkəməsi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli 2(011)- 4457/2020 nömrəli icra sənədinə əsasən xx xxxxxx 2014-cü il təvəllüdlü X3 və xx xxxxxx 2015-ci il təvəllüdlü X4 iddiaçı (anaları) X5 ilə ünsiyyətdə olmalarına cavabdeh Şəxs tərəfindən yaradılan maneələr qadağan edilmiş, X2 övladları – xx xxxxxx 2014-cü il təvəllüdlü X7 və xx xxxxxx 2015-ci il təvəllüdlü X8 ilə hər həftənin bazar ertəsi, çərşənbə və şənbə günləri saat 11:00-dan saat 20:00-dək ünsiyyətdə olması müəyyən edilmişdir. Suraxanı Rayon Məhkəməsinin 3(010)-1034/2020 nömrəli iş üzrə xx xxxxxxx 2020ci il tarixli qərarı ilə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına (əməlində inzibati xəta tərkibi olmaması əsası ilə) xitam verilmişdir. X5 həmin qərardan şikayət vermişdir. Bakı Apelyasiya Məhkəməsinin 3(103)-1855/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərarı ilə Suraxanı Rayon Məhkəməsinin həmin qərarı ləğv edilmiş və iş yenidən baxılması üçün Suraxanı Rayon Məhkəməsinə göndərilmişdir. Müvafiq inzibati xəta haqqında işə xx xxxxxx 2020-ci ildə baxılmağa bağlanmış, lakin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müvafiq məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırıldığına baxmayaraq gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Ona görə də Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı ilə Şəxs Suraxanı Rayon Məhkəməsinə gətirilməsini qərara almışdır. Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən Şəxs xx xxxxxx 2021-ci ildə məhkəməyə gətirilmiş, eyni tarixdə iş üzrə icraat təzələnmişdir. Suraxanı rayon İcra və probasiya şöbəsinin icra məmuru Əliyev Rövşən Əlimirzə oğlu işə məhkəmədə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırıldığına baxmayaraq, gəlməmişdir. Məhkəmə işə icra məmurunun iştirakı olmadan baxılmasını mümkün hesab edib. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs işə məhkəmədə baxılması zamanı özünü təqsirli bilməyərək qeyd etmişdir ki, uşaqlarının tələbkarla görüşməsinə maneə törətmir. Sadəcə olaraq uşaqların özləri anaları ilə görüşmək istəmirlər. Göstərilənlərə əsasən iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. X1 işə məhkəmədə baxılması zamanı bildirmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məhkəməyə bildirdikləri həqiqətə uyğun deyil. Belə ki, borclu uzun müddətdir ki, onun uşaqlarla görüşməsinə müxtəlif üsullarla maneə yaradır. Ona görə də məhkəməyə iddianı təmin etmə ilə bağlı ərizə vermək məcburiyyətində qalmış və ərizəsi məhkəmə tərəfindən təmin olunaraq, müvafiq qərardad qəbul edilmişdir. Buna baxmayaraq, Şəxs yenə də onun uşaqlarla görüşməsinə maneə törədir, məhkəmə qərardadını icra etmirdi. Bu səbəbdən icra məmuru tərəfindən borclu barəsində xx xxxxxxxx 2020-ci ildə inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə təqdim olunmuşdur. İşin məhkəmə baxışı dövründə Şəxs, çox güman ki, məsuliyyətdən yayınması məqsədilə ona uşaqlarla qısa müddət ərzində görüşməsinə iki dəfə imkan yaratmışdır. Lakin sonradan, yəni Suraxanı Rayon Məhkəməsinin 3(010)-1034/2020 nömrəli iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qərarı qəbul edildikdən sonra o, yenə də icra sənədini icra etməkdən imtina edib. Ona görə də o (tələbkar), məcburiyyət qarşısında qalıb Suraxanı Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərarından apelyasiya şikayəti vermişdir. Tələbkar qeyd edir ki, borclu onun uşaqlarla ünsiyyətdə olmasına müxtəlif vasitələrlə mane olmaqla yanaşı, uşaqları ona qarşı yönəldir, uşaqlarda ona mənfi münasibət formalaşdırır. Tələbkar göstərilənləri nəzərə alaraq borclu barəsində qanunla nəzərdə tutulan tənbeh tətbiq olunmasını xahiş edir. Məhkəmə işin hüquqi həlli ilə bağlı aşağıdakıları qeyd edir. Şəxs özünü təqsirli bilmədiyinə baxmayaraq, işin faktik hallarından görünür ki, o, Xətai Rayon Məhkəməsi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli 2(011)-4457/2020 nömrəli icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, icra sənədini üzrsüz səbəbdən icra etməmiş, yəni xx xxxxxx 2014-cü il təvəllüdlü X3 və xx xxxxxx 2015-ci il təvəllüdlü X4 X1 ilə ünsiyyətinə maneələr törətməkdə davam etmiş, o cümlədən X2 uşaqları ilə hər həftənin bazar ertəsi, çərşənbə və şənbə günləri saat 11:00-dan saat 20:00-dək ünsiyyətdə olmalarını əngəlləmişdir. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinməlidir. Məhkəmə həmçinin aşağıdakıları qeyd edir. Şəxs barəsində olan inzibati xəta haqqında protokol xx xxxxxxxx 2020-ci il tarixində tərtib olunub. Azərbaycan Respublikası İXM-nin 38.1, 38.2 və 38.4-cü maddələrinə əsasən «İnzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında, həmçinin dərman vasitələri haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər», «Bu Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər davam edən inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır», «İnzibati xəta törətmiş şəxs qaçıb gizlənərsə, müddətin axımı dayanır. Bu halda müddətin axımı, həmin şəxsin aşkarlandığı vaxtdan bərpa olunur. Lakin inzibati xətanın törədildiyi vaxtdan bir il keçərsə, qaçıb gizlənən şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz». Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını və hazırkı iş üzrə inzibati xətanın davam edən inzibati xəta olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, müvafiq müddət xətanın aşkara çıxarıldığı gündən, yəni Şəxs barəsində xx xxxxxxxx 2020-ci il tarixində inzibati xəta haqqında protokol tərtib edildiyi vaxtdan hesablanmalıdır. İşin faktik hallarından görünür ki, inzibati xəta haqqında protokolun tərtib edildiyi (xətanın aşkara çıxarıldığı) gündən etibarən artıq üç aydan çox müddət keçib. Azərbaycan Respublikası İXM-nin 53.0.6-cı maddəsinin tələbinə görə «bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda» inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən «Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir». Məhkəmə qeyd olunanları, nəzərə alaraq hesab edir ki, Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 53, 105, 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinsin, inzibati məsuliyyətə cəlb etmə müddətinin keçməsi səbəbindən həmin Məcəllənin 53.0.6cı maddəsinə əsasən inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar