Məhkəmə qərarları › İş №3(010)-1207/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1207/2021

24.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1207/2021 24.09.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən – Suraxanı Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Mazanov Kamran Ramazan oğlunun katibliyi, Suraxanı rayon İcra və probasiya şöbəsinin icra məmuru X4, X1nın, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx xxxxxxx 1977-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Suraxanı rayonu İcra Şöbəsinin icra məmuru X4 tərtib etdiyi 24 sentyabr 2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun məzmunundan, habelə inzibati xəta haqqında iş üzrə toplanmış digər materiallardan görünür ki, Suraxanı Rayon Məhkəməsi tərəfindən 01 iyun 2021-ci ildə verilmiş 27 may 2021-ci il tarixli 2(010)- 928/2021 nömrəli icra vərəqəsinə əsasən borclu Şəxs 11 dekabr 2020-ci il tarixdən hesablanmaqla 05 yanvar 2011-ci il təvəllüdlü X7, 22 yanvar 2014-cü il təvəllüdlü X8 və 26 dekabr 2015-ci il təvəllüdlü X5 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 175 manat olmaqla, hər ay 525 cəmi manat sabit pul məbləğində aliment tutularaq X1na ödənilməlidir. Suraxanı rayon İcra şöbəsinin icra məmuru X9 işə məhkəmədə baxılması zamanı inzibati xəta haqqında protokolda göstərilənlərə uyğun məzmunlu izahat vermişdir. Qeyd edir ki, icra sənədi icraata daxil olduqdan sonra müvafiq olaraq icraata başlanmış, bu barədə icra sənədi üzrə icraata başlamaq haqqında qərar və tələbin könüllü icrasına dair bildiriş borclu Şəxs rəsmi olaraq göndərilmişdir. Tələb könüllü icra müddətində təmin olunmadığından borclu Şəxs barəsində məcburi icra tədbirlərinin tətbiqinə başlanmış, tələbin ona məxsus əmlaka yönəldilməsi məqsədi ilə müvafiq əmlak sorğuları verilmiş və tədbirlər görülmüş, lakin adında tələbin yönəldilə biləcəyi dövlət qeydiyyatından keçən daşınar və ya daşınmaz əmlak, habelə digər qiymətli əmlaklar aşkar edilməmişdir. İcra sənədi üzrə yaranmış aliment borcunun ödənilməsini təmin etmək məqsədi ilə borclu Şəxs dəfələrlə icra şöbəsinə çağırılaraq izahatları və iltizamı alınmış, ondan yaranmış aliment borcunu dərhal tam şəkildə ödəmək tələb olunmasına baxmayaraq hazıradək aliment borcunun ödənilməsi onun tərəfindən təmin olunmamışdır. Buna səbəb kimi borclu Şəxs qanunla üzrlü sayılmayan müxtəlif səbəblər gətirmiş, bir izahatında alimenti ödəməməsini imkanının olmaması ilə əlaqələndirməsinə baxmayaraq ondan sonrakı izahatında tələbkarın və qaynanasının onun evindən çıxması şərti ilə bu borcu dərhal ödəmək imkanında olduğunu bildirmişdir, 06.09.2021-ci il tarixdə isə aliment borcunu 11.09.2021-ci il tarixədək ödəyəcəyi barədə iltizam vermişdir. Şəxs izahatlarında rəsmi işləmədiyini bildirmiş, qeyri-rəsmi əmək fəaliyyətindən gəlir əldə etdiyini qeyd etmişdir. Borclunun faktiki olaraq işləməsinə baxmayaraq Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 928/2021 saylı 27.05.2021-ci il tarixli icra sənədi hazıradək mövcud 3.515 manat aliment borcunun ödənilməsini həyata keçirməmişdir. 24.09.2021-ci il tarixdə icra məmurunun aliment borcunu dərhal ödəmək tələbinə dair izahat verərək ödəmək imkanının olmaması səbəbindən ödəmək iqtidarında olmadığını bildirmişdir. Borcluya bir daha İXM-nin 528.1-ci maddəsinə əsasən məsuliyyət barədə xəbərdarlıq edilməklə hüquq və vəzifələri ona izah edilmiş, bununla belə aliment borcu ödənilməmiş qalmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə baxışı zamanı bildirmişdir ki, tələbkarla aralarında boşanma ilə bağlı daha əvvəldən məhkəmə işi olduğuna baxmayaraq o, 2021-ci ilin mart ayınadək tələbkarla bir evdə yaşamış, evin, o cümlədən uşaqlarının maddi ehtiyaclarını özü ödəmişdir. Həmin dövrdə tələbkar ondan aliment tələb etməyib. Sonradan həmin evdən çıxıb başqa yerə gedib. Beləliklə, cari ilin mart ayında özünə məxsus evini faktik olaraq tələbkarın, həmçinin sonuncunun valideynlərinin istifadəsinə vermiş, özü isə başqa ünvanda köçmüşdür. Uşaqları da tələbkarla birlikdə yaşayırlar. İcra sənədi barədə icra məmurundan məlumatı 2021-ci ilin iyun ayında almış, sonradan icra məmurunun bütün çağırışlarına gəlmişdir. İndi də uşaqlarının maddi ehtiyaclarını özü ödəyir, bununla yanaşı bu günədək 1.210 manat miqdarında aliment ödənişi edib. Aliment ödəməkdən yayınmır. Borcunun yaranması səbəbi isə uzun müddət işsiz olması ilə əlaqədar olub. Hazırda sürücü işinə düzəlmiş və imkanı olduqca alimenti məhkəmənin müəyyən etdiyindən də çox miqdarda ödəyəcək ki, borcu qalmasın. Göstərilənlərə əsasən iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. X1 işin məhkəmə baxışı zamanı bildirmişdir ki, həqiqətən də 2021-ci ilin mart ayınadək borclu ilə bir evdə yaşamış və sonuncu ailənin maddi ehtiyaclarını ödəmişdir. Həmçinin qeyd edir ki, hazırda borclu evdən çıxıb getmiş və vaxtilə birlikdə yaşadıqları evdə hazırda o, valideynləri və uşaqları yaşayırlar. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin həbs olunmasını və ya cərimə edilməsini istəmir. Sadəcə tələb edir ki, sonuncu aliment borcunu vaxtlı-vaxtında və tam ödəsin. Borclu ötən dövrdə aliment borcundan 1.210 manat ödəyib. İcra məmurunu, tələbkarı və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, icra işini və hazırkı işin materiallarını nəzərdən keçirib, toplanmış sübutların cəminə hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 8.1, 8.2 və 8.3-cü maddələrinə əsasən «Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir», «İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir», «İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir». Qanunvericiliyin qeyd olunan müddəalarını nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tərkibinin obyektiv cəhətdən mövcudluğu icra məmuru tərəfindən sübuta yetirilməlidir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tərkibi obyektiv cəhətdən yalnız o, halda yarana bilər ki, şəxs məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməsin və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməsin. Həmin inzibati xəta subyektiv cəhətdən yalnız qəsdən törədilə bilər. Yuxarıda göstərilən əlamətlər mövcud olmadıqda isə şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tərkibinin mövcudluğundan söhbət gedə bilməz. Borclunun və tələbkarın bildirdiklərindən görünür ki, onlar cari ilin mart ayınadək eyni evdə yaşamış və evin, o cümlədən uşaqların maddi ehtiyaclarının faktik olaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs ödəmişdir. Bununla yanaşı işin faktik hallarından görünür ki, borclu icra sənədinin mövcud olması barədə SMS bildiriş vasitəsilə cari ilin iyun ayında məlumatlandırılmış, həmin tarixdən sonrakı dövrdə 1.210 manat miqdarında aliment ödənişi etmiş, icra məmurunun çağırışlarına gəlmişdir. Borclu həmçinin bildirir ki, uzun müddət ərzində işsiz olmuş, alimenti vaxtlı-vaxtında və tam ödəməməsinin səbəbi də məhz bununla bağlıdır. Yuxarıda göstərilənlərin əksi icra məmuru tərəfindən sübuta yetirilməmişdir. Göstərilənləri məcmu halda nəzərə alaraq məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tərkibinin olması halını icra məmuru sübuta yetirməlidir. Belə olan halda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində inzibati xətanın subyektiv cəhətdən mövcudluğundan da (qəsddən) söhbət gedə bilməz. Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə əsasən «inzibati xəta tərkibi olmadıqda» inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Eyni Məcəllənin 105.1-ci maddəsinə əsasən «Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir». Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını və işin faktiki hallarını nəzərə alaraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar