Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-1222/2021 13.10.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icra məmuru X1 və icra sənədi üzrə tələbkar X4 iştirakları ilə, Şəxs, xx xxxxxxxx 1989-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx, boşanmış, biri azyaşlı digəri isə yetkinlik yaşına çatmayan olmaqla iki uşağı olan, heç yerdə işləməyən, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, H.Allahverdiyev küçəsi, 45 nömrəli evdə qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: 27 sentyabr 2021-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icra məmuru X5 tərəfindən Şəxs Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 16 iyun 2020-ci il tarixli, 2(010)-1556/2020 nömrəli qətnaməsinə dair icra vərəqəsi üzrə yaranmış 4.080 manat məbləğində aliment borcunu üzrsüz səbəbdən icra etməməsinə görə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Şəxs bildirdi ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 16 iyun 2020-ci il tarixli, 2(010)-1556/2020 nömrəli qətnaməsinə əsasən ondan, yetkinlik yaşına çatmayan iki uşağının saxlanması üçün 11 fevral 2020-ci il tarixdən başlayaraq, hər ay cəmi 340 manat sabit pul məbləğində aliment tutularaq X4 xeyrinə ödənilməlidir. O, məhkəmənin qərarına hörmətlə yanaşır və icra sənədinin icrasından qərəzli olaraq yayınmır. Bir müddət, yəni 2020-ci ilin oktyabr ayına kimi alimenti vaxtı-vaxtında ödəsə də, lakin sonradan maddi imkanı ilə əlaqədar olaraq icra sənədini tam icra edə bilməmişdir. Nəticədə onun 4.080 manat aliment borcu yaranmışdır. Hazırda o, icra sənədi üzrə tələbkara 1.000 manat ödəniş etmiş, qalan məbləği isə hissə-hissə olmaqla qısa müddət ərzində ödəyəcəkdir. Sonda Şəxs məhkəmədən qeyd etdiklərini nəzərə alaraq, onun inzibati məsuliyyətdən azad edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İnzibati xəta törədilməsi haqqında protokol tərtib etmiş icra məmuru X5 məhkəmədə bildirdi ki, icra sənədi Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icraatına daxil olduqdan sonra müvafiq qaydada icraata başlanılmış, borcluya icranı könüllü olaraq dərhal təmin etməsi təklif olunmuş və icraata başlamaq haqqında qərar bildirişlə birlikdə borcluya şəxsən təqdim edilmişdir. Eyni zamanda borclu icra sənədini icra etməyəcəyi təqdirdə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyəti barədə xəbərdar olunmuşdur. Lakin borclu qanunla müəyyən edilmiş müddət ərzində icranı könüllü olaraq təmin etməmişdir. Buna görə məcburi icra tədbirləri qismində tələbin borclunun bankda olan pul vəsaitlərinə və sair gəlirlərinə, habelə əmlakına yönəldilməsi məqsədilə müvafiq qurum və təşkilatlara sorğular verilmiş, lakin tələbin yönəldilə biləcək vəsait və ya əmlak aşkar edilməmişdir. Hazırda borclunun icra sənədi üzrə aliment borcu 4.080 manat təşkil edir. Göründüyü kimi borclu bir icra məmuru kimi onun qanuni tələblərini yerinə yetirməyərək icra sənədi üzrə yaranmış borcunu ödəməmişdir. Bu səbəbdən də məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi bu günə kimi icra olunmamışdır. Buna görə də icra sənədinin icrasının təmin edilməsinə nail olmaq məqsədilə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib etmişdir. Borclu yalnız barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola məhkəmədə baxıldığı zaman 1.000 manat ödəmiş, həmin vəsait icra sənədi üzrə tələbkara təqdim edilməsi üçün onun tərəfindən aktlaşdırılaraq götürülmüşdür. Məhkəmə iclasında icra sənədi üzrə tələbkar X7 göstərdi ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 16 iyun 2020-ci il tarixli, 2(010)-1556/2020 nömrəli qətnaməsinə əsasən Şəxs yetkinlik yaşına çatmayan uşaqlarının saxlanması üçün 11 fevral 2020-ci il tarixdən başlayaraq, hər ay cəmi 340 manat sabit pul məbləğində aliment tutularaq onun xeyrinə ödənilməlidir. Lakin Şəxs alimenti bir müddət ödəsə də, lakin sonradan müxtəlif bəhanələr, o cümlədən maddi vəziyyətinin ağır olduğunu əsas gətirərək vaxtı-vaxtında ödəniş etməmiş və nəticədə 4.080 manat aliment borcu yaranmışdır. Qanunvericiliyin tələbinə əsasən borclunun işləməməsi və ya maddi vəziyyətinin aşağı olması onu icra sənədini icra etməkdən, yektinlik yaşına çatmayan uşaqlarının saxlanılması üçün müəyyən edilmiş alimentin ödənilməsindən azad etmir. Buna görə də o, yektinlik yaşına çatmayan uşaqların mənafeyini nəzərə alaraq ərizə ilə Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinə müraciət edərək, icra sənədinin icrasını həyata keçirən icra məmurundan müvafiq tədbirlər görməsini xahiş etmişdir. Şəxs hazırda ona aliment borcundan 1.000 manat ödəniş etmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi və icra sənədi üzrə tələbkarı dinləyərək, məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığına görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 16 iyun 2020-ci il tarixli, 2(010)-1556/2020 nömrəli qətnaməsinə dair icra vərəqəsindən görünür ki, 13 may 2014-cü il təvəllüdlü X2 və 04 avqust 2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün 11 fevral 2020-ci il tarixdən başlayaraq Şəxs hər ay hər uşağa görə 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində aliment tutularaq X6 ödənilməlidir. İş materialarına əlavə edilmiş icraata başlamaq haqqında 23 iyun 2020-ci il tarixli qərardan və onun üzərindəki qeyddən görünür ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 16 iyun 2020-ci il tarixli, 2(010)-1556/2020 nömrəli qətnaməsinə dair icra sənədi üzrə Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsində icraata başlanılmış, borclu Şəxs icranı könüllü olaraq dərhal təmin etməsi təklif etmiş və həmin qərar Şəxs 23 iyun 2020-ci il tarixdə şəxsən təqdim edilmişdir. İş materiallarında olan icra sənədi üzrə tələbkar X4 Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinə verdiyi 13 oktyabr 2020-ci il tarixli ərizəsindən görünür ki, Şəxs həmin tarixədək aliment borcu olmamışdır. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, borclu Şəxs 13 oktyabr 2021-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 16 iyun 2020-ci il tarixli, 2(010)-1556/2020 nömrəli qətnaməsinə dair icra sənədi tələbkar X6 1.000 manat ödəniş etmişdir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin dispozisiyasından görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə borclu Şəxs Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 16 iyun 2020-ci il tarixli, 2(010)-1556/2020 nömrəli qətnaməsinə dair icra sənədi üzrə 13 oktyabr 2020-ci il tarixədək borcunun olmadığını, hazırda isə tələbkar X6 4.080 manat aliment borcundan 1.000 manat ödədiyini nəzərə alaraq hesab edir ki, Şəxs 13 oktyabr 2020-ci il tarixədək icra sənədini icra etdiyini, hazırda isə borcunun təxminən 1/4 hissəsini ödədiyi halda, bir müddət maddi imkansızlıq ucbatından icra sənədini tam olaraq icra edə bilməməsinə görə Şəxs əməlinin sözügedən icra sənədinin icrasından qərəzli olaraq boyun qaçırması kimi tövsif edilməsi və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibinin bütün əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs qismində təqsirli hesab edilməsi yol verilməzdir. Bununla da Şəxs Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 16 iyun 2020-ci il tarixli, 2(010)-1556/2020 nömrəli qətnaməsinə dair icra sənədini üzrsüz səbəbdən icra etməməsi sübuta yetirilmir. Beləliklə, işdə olan sübutlarla Şəxs əməlində inzibati xəta tərkibi olmadığı müəyyən edildiyindən onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4, 114.2 və 114.2.1-ci maddələrinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 53.0 və 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 105.1, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Əməlində inzibati xəta tərkibi olmadığına görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elnur Nuriyev
Məhkəmə qərarları › İş №3(010)-1222/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-1222/2021
13.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver